Bəşər tarixinə nəzər salsaq, əmək alətlərinin, daha sonra texnologiyanın inkişafının insanların həyatına və yaşayış tərzinə birmənalı olaraq təsir göstərdiyini görürük. İnsan həyatı öz kəşfləri sayəsində dəyişir. Elə fiziologiya da buna uyğun formalaşır.

Tarixin qaranlıq qatlarına baxıb görürük ki, bəşər övladının günü müharibələrdə keçib. Amma texnologiya inkişaf etdikdən sonra insanlar artıq müharibələri döyüş meydanında yox, otaqda əyləşib koordinat müəyyənləşdirməklə və ya kiberhücumlarla aparırlar. Bir sözlə, adi müharibə belə virtual üsluba keçib.

Əslində, idmanın özü də bir müharibədir. XIX əsrin sonlarından kütləviləşən idman sayəsində insanlar sülh şəraitində müəyyən məkan daxilində sözün yaxşı mənasında döyüşməyə başlayırdı. İnsanlar idmanla məşğul olmaqla öz mənfi enerjisini mütərəqqi məqsədlər üçün istifadə edirdi. Xüsusən də 1896-cı ildə Afinada ilk Olimpiya Oyunları keçiriləndən sonra dünya yeni eraya daxil oldu.

4 ildən bir Olimpiadaların keçirilməsi ilə yanaşı, dünya və qitə birincilikləri də təşkil olundu. Təbii ki, idman növünə görə də müxtəlif əlavə yarışlar təşkil olunmağa başladı.  Məsələn, futbolda əlavə olaraq klublararası turnirlər, tennisdə “Böyük Dəbilqə” yarışları, şahmatda müxtəlif kateqoriyalı kommersiya turnirləri və s.  Bu yarışlar bugünə qədər də davam edir və kütləvi xarakter daşıyır. Bütün bunlar isə insanların real həyatda birliyinə şərait yaradır.

Amma nəinki XIX, hətta XX əsrin sonları ilə müqayisədə indiki dövrdə insanların real dünyaya yanaşma tərzi dəyişib. Bu da yuxarıda söylədiyimiz kimi texnologiyanın inkişafı ilə əlaqədardır.  Bəli, 100 il bundan əvvəl insanlar real dünyada idman hərəkatına qoşulub fiziki və psixoloji cəhətdən tam fərqli hazırlıq prosesi keçirdisə, indi bu hərəkata qoşulmaq bir qədər fərqli müstəvidədi.

Yuxarıda da qeyd etdik ki, kütləvilik qalıb. Amma yeni nəsilin idmana axını müəyyən deformasiyaya uğrayıb. Ən azı real dünyada idmanla məşğul olan gənc nəsil ondan qopduqdan sonra həmin real dünyada qalmadan virtual aləmə baş vurur. Bu virtual aləmi də texnoloji inqilab formalaşdırıb. Kompüter texnologiyasının təkamül prosesi nəticəsində müxtəlif oyunların yaranması yeniyetmələri real dünyadan ayırırır.

Bunun özü də mərhələli halda baş verir. Məsələn, yeniyetməlik dövrlərini XX əsrin sonrlarında keçirən nəsil televizora təhkim edilmiş xüsusi oyun qurğuları vasitəsilə virtual dünyaya səyahət edir və orada yarışırdı. Bu mənada idman oyunları da virtual dünyaya sıza bilmişdi. Məsələn, döyüş idman növləri “Steet Fighter” və “Mortal Combat” timsalında kompüter oyunlarına nüfuz edə bilmişdi. Futbol oyunları da müxtəlif oyun şirkətlərinin inhisarına keçmişdi.

Bir müddət ötdükdən sonra personal kompüterlər virtual dünyada “at oynatmağa” başladı. Kompüterlərin kəşfi ilk olaraq elmin inkişafına yönəlsə də, onun parametrləri genişləndikcə, oyun dünyası da bu “bazara girdi”. Artıq gənc nəsil belə kompüterlərin əhatə dairəsinə düşərək real dünyadan uzaqlaşdı. Hələ bunun internet dünyasına keçid etdiyini nəzərə alsaq, virtual aləmin yaşadığımız real aləmlə birgə paralel dünya yaratdığını qeyd edə bilərik.

İş bununla da bitmədi. Son dövrlər smartfon telefonlar bu dəfə artıq sözün həqiqi mənasında bazara girərək gənc nəslin beynini və vaxtını zəbt etməyə başladı. Buna qədər insanlar yalnız qapalı məkanlarda virtual dünyaya sıza bilirdilərsə, bu dəfə məkanda asılı olmayaraq hər yerdə onun əsirinə çevrilmişik. Hətta bu mənada yaş kateqoriyası da sıradan çıxıb. İnsanlar ictimai nəqliyyatda, parkda və açıq məkanlarda vaxtını öldürmək məqsədilə telefonlarda virtual oyunların aludəçisidi.

İş təkcə oyunla bitmir. Bu ünsiyyətə də yol açır. Əvvəllər insanlar bir-biri ilə söhbət etmək üçün görüşürdülərsə, artıq virtual dünya onları uzaq məsafədən görüşdürə bilir. Yəni, virtuallıq təkcə gənclərin idman sevgisini yox, həm də real həyat sevgisini əlindən alır. Adicə məhəllələr arasında futbol oyunlarını götürək. Əvvəllər yeniyetmələr asudə vaxtlarında iki daşı yan-yana qoyub qapı düzəldib futbol oynayırdısa, indi həmin oyunu oturaq vəziyyətdə telefonda oynayırlar. Bunun nə dərəcədə mənfi cəhət olduğunu, idmanın belə desək, deqredasiyaya uğradığını söyləmək çətin deyil.

Bütün bunların fonunda internetin yalnız bir idman növünün inkişafına müsbət təkan verdiyini söyləyə bilərik. Bəli, söhbət şahmatdan gedir. Məhz kompüter və smartfon telefonların internetə çıxışını nəzərə alsaq, şahmat virtual aləmdə yeni imperiya yaradıb. Çünki bu oyunun formatı virtual dünya parametrlərinə çox uyğundur. Əvvəllər şahmat həvəskarları kimləsə oynamaq üçün adam ətrafında rəqib axtarışına çıxırdısa, indi hansısa bir adada tək olduğun halda belə bütün dünya ilə internet vasitəsilə rəqabət apara bilərsən.

Bunu biz pandemiya zamanı da gördük. Koronavirusun tüğyan etdiyi çağlarda bütün yarışlar dayandırıldığı məqamda şahmatçılar onlayn turnirlərdə rəqibləri əlcək kimi dəyişirdi.

Virtual dünyanın idman aləminə verdiyi başqa bir töhfə internet vasitəsilə xeyli məlumat əldə etməkdir. Burada həm idmana aid informasiya okeanında üzürsən, həm də müxtəlif canlı oyunlara baxırsan. Bunun özü də idmanın təbliğatı adına müsbət məqamdır. Amma bütün bunların fonunda indiki dövrdə valideynlərin üzərinə böyük yük düşür. Övladları doğru istiqamətə yönləndirmək lazımdır. Güclü, qüvvətli, əzmkar və döyüşkən nəsil yetişdirmək üçün onları virtual dünyadan qoparıb real aləmə qaytarmaq lazımdır. Təbii ki, tam olaraq virtual aləmlə əlaqəni kəsmək də doğru deyil. Dövrlə hesablaşmaq və onun üstünlüklərindən yararlanmaq lazımdır. Amma balansı qorumaq şərtdir. Hətta tərəzinin daşlarını real dünyanın gözünə daha çox qoymaq lazımdır.

Biz real dünyanın sakinləriyik. İdman real dünyanın tərənnümçüsüdür! Dünya ovcumuzda kiçilə bilər, amma gücümüz və iradəmizin azalmasına imkan verməməliyik!

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

med 2 1 1 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp