Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Futbolinfo.az xəbər verir ki, 37 ölkədən 416 atletin (194 qadın və 222 kişi) mübarizə apardığı turnirdə Azərbaycan idmançıları da medallar uğrunda mübarizə aparırlar.
Bu gün Azərbaycan yığma komandasının daha bir üzvü, “Qartal” Ağır Atletika Klubunun təmsilçisi İsa Rüstəmov da körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan idmançılar arasında 67 kq çəki dərəcəsində yarışıb.
İdmançımız birdən qaldırma hərəkətində 131 kq çəkini qaldıraraq rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal əldə edib.
O, təkanla qaldırma hərəkətində 162 kq-ı ram edərək bu hərəkətdə də qızıl medala sahib çıxıb.
Toplam 293 kq (131+162) nəticə göstərən İsa Rüstəmov yekun sıralamada da hamıdan güclü olub və qızıl medal qazanıb.