“Qəbələ”nin braziliyalı müdafiəçisi Ruan Renatonun futbolinfo.az saytına müsahibəsi
– Əvvəlcə Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı” ilə heç-heçə etdiyiniz (1:1) oyunu dəyərləndirərdiniz.
– Çətin oyun oldu. Düşünürəm ki, qalib gələ bilərdik. Təəssüf ki, qol şanslarından yararlanmadıq. Həmçinin “Şamaxı”nın da bərabərlik qolunu vurmasına mane ola bilmədik.
– Çempionatın autsayderinə qalib gəlməyinizə nə mane oldu?
– Fikrimcə, qol imkanlarını dəyərləndirib, müdafiəyə də daha çox diqqət yetirsəydik, qələbə qazanardıq. Bu istiqamətdə inkişaf etməliyik. İstənilən halda məncə, “Qəbələ” üçün yaxşı oyun idi.
– Qalib gəlsəydiniz, turnir cədvəlində 4-cü pilləyə yüksələcəkdiniz. Bu xal itkisinin mövsümün sonunda başınızı ağrıdacağından qorxmursunuz?
– Bilirik ki, bu mövsüm yüksək yerlər uğrunda mübarizə çox ağır olacaq. Hər bir xal olduqca vacibdir. Ancaq bütün matçların çətin keçəcəyini və büdrəmələrin olacağını da başa düşürürk. Bundan sarsıla bilmərik. İndi növbəti görüşdə qalib gəlmək üçün hazırlaşmaq lazımdır.
– Keçirdiyiniz 10 oyunun yarısında xal itirmisiniz – 1 heç-heçə, 4 məğlubiyyət. Hansı matçlardakı xal itkiləri sizi daha çox üzdü?
– Əlbəttə ki, bu qədər görüşdə xal itirmək istəməzdik. Amma bilirik ki, mübarizə yeni başlayır. Xal itirmək çox pisdir. Lakin qarşıdakı tura köklənməliyik. İnanıram ki, istənilən rəqibi, hətta çətin olacağını bildiyimiz halda belə, məğlub edə bilərik. Buna hazır olmalıyıq. Bunun üçün də daha çox inkişaf etməliyik.
– Bəs 10 matçda 10 qol buraxmağı bir müdafiəçi kimi çox saymırsınız?
– Düşünürəm ki, komandamızdakı bu səviyyədə futbolçular üçün çoxdur. Bu məsələdə inkişaf edəcək qədər böyük potensiala malik əla oyunçularımız var. Artıq növbəti qarşılaşmalarda daha yaxşı olacağımıza inanıram.
– Ötən mövsüm 4-cü yeri tutdunuz. Eyni nəticəni təkrarlamaq çətin olmayacaq?
– Budəfəki çempionat keçən mövsümdəkindən qat-qat çətindir. Həmçinin komandamız da daha güclüdür. Görməli olduğumuz iş hər növbəti oyuna köklənməkdir, turnir cədvəlindəki mövqeyə diqqət yetirmək deyil. Matçlarda əlimizdən gələnin ən yaxşısını etsək, bu mövsüm qarşıya qoyduğumuz hədəflərə çatacağıq.
– Bura gələn futbolçuların çoxu Bakıda yaşamaq istəyir. Ancaq siz yay fasiləsində başqa təkliflərə baxmayaraq, “Qəbələ”də qaldınız. Sizi buna vadar edən səbəb nə oldu?
– “Qəbələ” ilə əla əlaqə qurmuşam, burada çox xoşbəxtəm. Müqaviləmdə Qəbələdə qalmağımla bağlı bənd var idi. Yenə də daha bir mövsüm “Qəbələ”nin formasını geyindiyimə görə çox sevindim.
– Bir ildən çoxdur Azərbaycandasınız. Gələcəklə bağlı hədəfləriniz nələrdir – ölkəmizdə daha çox oynamaq, yoxsa böyük liqalardan birinə keçmək?
– Azərbaycanı çox bəyənirəm. Çempionatın da getdikcə daha yaxşı olacağına inanıram. Ötən mövsümdən cari mövsümə qədər olduğu dönəm kimi… Gələcəyimlə bağlı hələ də heç nə bilmirəm. Amma Azərbaycanda qalsam, əmin olun ki, çox xoşbəxt olacağam.
FƏRİD