Avropa Voleybol Konfederasiyası (CEV) 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtını açıqlayıb.
Futbolinfo.az CEV-in rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da İtaliyanın Neapol şəhərində təşkil olunacaq tədbirdə qadınlardan ibarət Azərbaycan milli komandasının da rəqibləri bəlli olacaq.
Turnir gələn il avqustun 15-dən sentyabrın 3-dək Belçika, Almaniya, İtaliya və Estoniyanın birgə təşkilatçılığı ilə baş tutacaq. Əvvəlki qitə çempionatlarında olduğu kimi, dörd ev sahibinin hər birinin püşkatmadan əvvəl öz qrupu üçün bir milli komanda seçmək imkanı var.
Püşkdə 23 ölkənin yığması iştirak edəcək. Rusiya seçməsi ilə bağlı yekun qərar oktyabrın 31-də qəbul olunacaq. 24 komanda 4 qrupa bölünəcək.
Püşkatmaya bu ölkələr qatılacaqlar: Belçika, İtaliya, Estoniya, Almaniya, Serbiya, Türkiyə, Niderland, Polşa, Fransa, İsveç, Bolqarıstan, Xorvatiya, Çexiya, Ukrayna, Sloveniya, Slovakiya, Bosniya və Herseqovina, Yunanıstan, İspaniya, Rumıniya, Macarıstan, Finlandiya və Azərbaycan.