Futbol üzrə Argentina milli komandasının sabiq hücumçusu Qonsalo İquayn karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, ABŞ-da MLS təmsilçisi “İnter” (Mayami) klubunun formasını geyinən futbolçu, 34 yaşında futboldan getməyə qərar verib.
İquayn hələ bir neçə ay öncə MLS-də mövsüm bitərkən karyerasını bitirəcəyini açıqlamışdı. “İnter” ölkə çempionatında mövsümün əsas hissəsini 48 xalla 6-cı pillədə başa vurub. Pley-offa vəsiqə qazanan Mayami təmsilçisinin ilk rəqibi isə “Nyu York Siti” olub. Devid Bekhemin sahibi olduğu klub bu görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşərək medal qazanmaq şansını itirib. Bu oyun İquayn üçün də son matç olub. O, matçdan sonra göz yaşlarını saxlaya bilməyib.
Argentinalı futbolçu geridə qalan mövsümdə 31 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “River Pleyt”in yetirməsi olan İquayn 19 yaşı olarkən Madrid “Real”ına transfer olunub. Yeddi mövsüm İspaniya nəhənginin uğurları üçün çalışan argentinalı hücumçu, daha sonra “Napoli”, “Yuventus”, “Milan” və “Çelsi” klublarının da formasını geyinib. O, Argentina yığmasında 75 oyuna 31 qol vurub.