Son vaxtlar Azərbaycanda qəribə tendensiya yaranıb. Ölkədən kənarda yetişən futbolçuları gətirib raqabətiz, səviyyə baxımından özünə bilmədiyimiz çempionatda oynadırlar. Halbuki, bütün dünyada futbolçu olmaq istəyən yeniyətmələrin məqsədi öz ölkəsində parlayıb xaricə üz tutmaqdır.

Hətta Fransa və Almaniya kimi ölkələrdə yetişən bir futbolçu karyerasını Premyer Liqa və ya La Liqada davam etdirmək istəyir. Hətta bəzən bir fransız üçün PSJ və bir alman üçün “Bavariya” nə qədər böyük klub sayılsa da, daha güclü çempionatda oynamaq onun ali məqsədinə çevrilir. Hər hansı ölkənin milli komandasına dəvət alan futbolçuların siyahısına baxsaq, oradakıların əvvəlcə öz ölkəsində ad çıxarıb daha sonra legioner həyatı yaşamaq üçün xaricə üz tutduğunu görərik.

Dünyada bunun əksinin neçə ölkədə yaşandığını deyə bilmərik, amma siyahıda Azərbaycanın adı ön sıralarda olar. Məsələn, bizdə futbolçular ölkə xaricinə getməkdə çox da maraqlı deyil. Doğrusu, burada oynayan yerlilərə elə ciddi təklif yoxdur. Amma olanda da bəzən evdə oynamağın daha rahat olduğunu iddia edib kənara çıxmaq istəmirlər. Bu, bir kənara qalsın, son illər AFFA-nın “qıraqda-bucaqda” tapdığı oyunçuları belə Azərbaycana gətirib məhv edirlər. Buna nümunə olaraq, Ramil Şeydayevi, Anatoli Nuriyevi və Emin Mahmudovu söyləmək olar.

Belə baxanda, hazırda Şeydayevin “Qarabağ”da yeri pis deyil. Hər halda, avrokuboklarda özünü göstərə bilir. Amma Ramil belə çempionatda oynayıb artıra bilməz axı. Millinin uğur qazanmasını istəyiriksə, oyunçularımızın güclü klubda yox, güclü çempionatda oynamasını arzulamalıyıq.

Müqayisə üçün bizə yaxın ölkələrin hasarına qalxıb onların həyətlərinə, daha doğrusu, heyətlərinə baxmaq daha məqsədəuyğun olardı. Çox uzağa getməyib Qafqazdakı qonşularımız – Ermənistan və Gürcüstan millilərinin düşərgəsinə nəzər salmaq yerinə düşər.

Başlayaq, gürcülərdən. Bu komandanın Millətlər Liqasında iştirak edən futbolçularının siyahısına nəzər salsaq, onların əksəriyyətinin Gürcüstan futbol məktəblərinin yetirməsi olduğunu görərik. Məsələn, millinin Giorgi adlı iki qapıçısı Tiflis “Dinamo”sunun yetirməsidir. Hazırda Loriya  “Anartosis”, Mamardaşvili isə “Valensiya”nın şərəfini qoruyur.

Tiflis “Dinamo”sundan çıxan müdafiəçilər də çoxluq təşkil edir. Məsələn, “Srvena Zvezda”da oynayan İrakli Azarovi, “Krakovya”da çıxış edən Otar Kakabadze, “Slovan Bratislava”dakı Quram Kaşiya, “Neftçi”də hər həftə oyununu izlədiyimiz Solomon Kvirkveliya və “Kremoneze”də top qovan Luka Loçoşvili ölkə futbolunun flaqmanının yetirməsidir.Onların arasında Georgi Çabaradze ilə Davit Xoçolavanın “Saburtalo” və Quram Giorbelidzenin “Sioni”dən çıxdığını qeyd etmək lazımdır. Hərçənd bu oyunçulardan Kvirkveliyanın “Zenit”, Loçoçvilinin isə Kiyev “Dinamo”sunun akademiyasında dərs keçdiyini görərik.

Yarımmüdafiə xəttində də haradasa oxşar vəziyyətdir i Giorgi Çakvetadze, Zurko Davitaşvili və Anzor Mekvabeşvili  Tiflis “Dinamo”sunun yetirmələridirsə, Georgi Abjurania Rustavi “Metallurq”undan, vaxtilə “Qəbələ” və “İnter”dən tanıdığımız Nika Kvekveskiri “Baya Zuqdidi”dən və Vladimir Mamuçaşvili Batumi “Dinamo”sundan çıxıb. Yalnız hazırda “Lex”də oynayan Georgi Tsitaişvili futbolda ilk addımlarını Kiyev “Dinamo”sunda atıb. Maraqlıdır ki, bu futbolçu hələ də Gürcüstan çempionatında oynamayıb. Yeri gəlmişkən, bu futbolçu 21 il əvvəl İsraildə doğulub.

Gürcüstan millisinin hücum xəttində qərarlaşan Georgi Mikautadze də analoji tale yaşayıb. O da Fransanın “Lion” və “Mets” akademiyalarında futbolun sirləri ilə tanış olub. Dünyaya da gözlərini 2000-ci ildə Lion şəhərində açıb. Hazırda Belçikanın “Serainq” klubunda icarə əsasında oynasa da, müqavilə ilə “Mets”ə məxsusdur.

Gördüyünüz kimi, kənarda yetişən iki futbolçuları var, amma onların heç biri Gürcüstan çempionatında oynamayıblar.

Hücumun digər üzvlərinə gəlincə, Tiflisdə doğulan, uşaqlığı Bakıda keçən Xviça Kvaratsxeliyanı təqdim etməyə ehtiyac yoxdur. Vaxtilə “Şəmkir”də və millimizdə oynayan Badrinin oğlu “Napoli”nin Maradonasına çevrilməyə real namizəddir. O da karyerasına Tiflis “Dinamo”sunda başlayıb. 2019-cu ildə Rusiyaya yollanaraq əvvəlcə “Lokomotiv”, daha sonra “Rubin”də oynayıb. Rusiya müharibəyə başlayan kimi Batumi “Dinamo”suna keçərək oradan İtaliyaya yola düşüb.

Tiflislilərin millidə oynayan digər yetirmələri kimi Saşa Lobjanidze ilə Budu Zivzivadzenin adını çəkmək olar. Hazırda Koreyanın “Ulsan Hyunday” klubunda oynayan Valeri Qaziaşvili isə “Saburtalo”nun yetirməsidir.

Ermənistan millisindən çox danışmağa dəyməz. Amma onu qeyd edək ki, bu ölkənin millisində də AFFA-nın yürütdüyü siyasətdən istifadə olunur. Məsələn, hazırda “Pünik”in qapısını qoruyan David Yurçenko Moskvanın “Spartak” və “Lokomotiv” klublarının yetirməsidir. Elə “Pünik”də oynayan millinin digər qapıçısı Stanislav Buçnev də Ermənistana Rusiyadan gəlib.

Digər mövqelərə baxanda müdafiəçi Andre Çakişir İsveçdə doğulub, amma hələ də Ermənistan çempionatında oynamayıb. O, hazırda Danimarkanın “Silkeborq” klubunda çıxış edir. Kolumbiyalı Jordi Monroy Ararar 2020-ci ildə Ermənistana gəlib və “Noa”da çıxış etməyə başlayıb. Birtərəfi erməni olduğuna görə milliləşdirmək üçün 5 il gözləməyə ehtiyac olmayıb.

Ermənistan millisinin aparıcı oyunçularından olan, hazırda “Rostov”da oynayan Xoren Bayramyan elə “Rostov”un da yetirməsidir. Erməni klubları heç vaxt onu vətəninə qaytarmağa cəhd etməyiblər. Elə Berlində doğulan və Danimarkanın “Randers” klubunun akademiyasından çıxan Edqar Babayan da indiyə qədər Ermənistan çempionatında oynamayıb. Bu sözləri Stavropolda doğulan və “Krasnodar” akademiyasında yetişən Eduard Spertsyana da aid etmək olar.

Ermənistan millisinin hücum xəttində qərarlaşan oyunçular arasında da belə nümunə tapmaq olar. Məsələn, Argentinada doğulan (Cənubi Amerikanın bu ölkəsində böyük erməni icması var), “Belqrano” klubunda yetişən və hazırda ABŞ-ın “Kolombus Kryu” klubunda oynayan Lukas Selarayanın da adını çəkmək olar.  Daha Ermənistanda doğulub oradan xaricə dağılanların adını çəkməyə ehtiyac yoxdur. Onların hamısı ilk addımını elə bu ölkədə atıb. Hətta bu ölkənin əfsanəsinə çevrilən Henrik Mxitaryan da “Pünik” yetirməsidir.

Mövzunun coğrafiyasını genişləndirib səyahətimizi davam etdirəcəyik. Bizdən fərqlənən gürcüləri və haradasa bizə yaxın strategiya ilə irəliləyən erməniləri gördük. Görək qarşıda bizi hansı macəralar gözləyir?! Amma indidən əmin olun ki, ölkə xaricindəki futbolçularını yerli çempionata gətirib “bədbəxt etməkdə” bizim kimisi yoxdur.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp