Futbol üzrə Ukrayna çempionatının 9-cu turunun “Krivbas” və Kirovoqrad vilayətinin “İnqulets” komandalarının qarşılaşması hava hücumu xəbərdarlığı səbəbindən dayandırılıb.
Futbolinfo.az xəbər verir ki, Kiyevdəki “Olimpik” stadionunda baş tutan matç ilk hissə gedərkən yarımçıq qalıb.
Həmin vaxt hesab 0:0 olub. Daha sonra oyun qaldığı yerdən davam etdirilib və yekunda “Krivbas” 2:1 hesabıyla qalib gəlib.
Bu gün Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Daha öncə də Ukraynada bir neçə futbol matçı oxşar xəbərdarlıqlara görə yarımçıq dayandırılmışdı və bir neçə cəhddən sonra sona çatdırılmışdı.
“Krivbas” 6 xal toplayıb və turnir cədvəlində 13-cü yerdədir. “İnqulets” isə 4 xalla 15-ci sırada qərarlaşıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.