Samir Abasov qışa planlaşdırdığı transferlər üçün “Sumqayıt”da yer boşaltmaqdadı. “Kimyaçılar”ın baş məşqçisi menecer-prezident Riad Rəfiyevin uğursuz transferlərini bir-bir yola salmağa başlayıb.
İlk öncə toqolu hücumçu Ouro-Nil Ture yola salınıb. 24 yaşlı hücumçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Düz-əməlli karyerası olmayan, ilk peşəkar klubu “Sumqayıt” olan futbolçunun bura hansı bacarığına görə gətirildiyini Rəfiyev bilər, lakin onun bir işə yaramadığını qısa müddətdə hamı gördü. Oynamaması bir yana, əksər vaxtlarda adı matçın iştirak ərizəsinə belə salınmayan Ture məhz Abasovun tələbi ilə bir neçə gün öncə yola salınıb.
Samir bəy bu futbolçunun yerinə namizəd də tapıb. “Zirə”dən tanıdığımız, son illərdə 6 aydan bir klub dəyişməklə yadda qalan Riçard Qadze artıq Sumqayıtdadı. Son olaraq Banqladeşdə oynamış qanalıyla bu həftə ərzində müqavilə bağlanması və onun növbəti matçlar üçün sifariş olunması gözlənilir.
Ture Abasovun imtina etdiyi sonuncu futbolçu olmayacaq. “Kimyaçılar”ın baş məşqçisi son açıqlamasında xeyli futbolçu ilə yolların ayrılacağını bildirmişdi. Yəqin ki, yeni namizədlər tapıldıqca gedənlərin siyahısı da yavaş-yavaş bəlli olacaq.
Ümid edirik, yayda böyük vədlərlə transfer olunan, amma 2-3 aydan sonra qovulan legionerlərlə bağlı kimsə Rəfiyevdən də hesabat istəyəcək. “Azərkimya”nın havaya sovurmaq üçün pul çoxdursa, o başqa məsələ, davam etsinlər. Zatən illərdi dövlətə bağlı qurumların büdcəsini bir qrup dəstə cibinə ötürməklə məşğuldu.