Bu xəbəri oxuyandan sonra AFFA prezidenti Rövnəq Abdullayevin qeyri-adi idarəetmə üsuluyla bağlı xəbər yadınıza düşəcək. Prinsipcə, təəccüblənməməlisiz, çünki yeni xəbərin aid olduğu klub da elə futbol təsərrüfatımızın rəhbərinin oğlu üçün yaradıb hər cür imkanlar yaratdığı “Səbail”di.

Vaxtilə milli komandanın məğlubiyyətinə görə futbolçulara mükafat verən Abdullayevin strategiyasını uğura davam etdirənlər var. “Neftçi”ylə oyundakı məğlubiyyətdən sonra futbolçulara pul paylayan “Şamaxı” kimi “Səbail” rəhbərliyi də səxavətini göstərib. Düzdü, Bayıl təmsilçisi adambaşına 800 manatı heç-heçəyə görə paylayıb, amma rəqibin autsayder olduğunu nəzərə alsaq, bu, daha çox pulu havaya sovurmaqdı.

Son turun “Şamaxı”yla 0:0 bitən matçından sonra “Səbail”in sponsorları bütün futbolçulara mükafat ayırıb. Qələbəyə görə 1500-2000 manatından keçən “dənizçilər”, bir xalı bu məbləğin yarısı ilə “yuyub”.

Təbii ki, pul paylamaq, idarəçilikdə fərqli yol seçmək öz işləridi, amma bunun uğursuz metod olduğunu xatırlatmalıyıq. Bu addım “Qarabağ”, “Sabah”, “Neftçi” kimi iddialı komandalarla matçlardan sonra atılsaydı, başa düşərdik. Lakin 11 tura qələbə üzü görməyən “Şamaxı”yla, həm də ev matçından sonra itirilən 2 xal üçün cərimə tətbiq etmək əvəzinə mükafat paylamaq…

“Səbail” rəhbərliyi özü bilər, dövlət şirkətinin pulunu dağıdırlar, hesabatını da özləri verərlər. Amma büdcəsinə görə çox yaxşı vəziyyətdə olan, kifayət qədər bahalı əcnəbi transfer edən, lakin orta hesabla matç başına bir xal toplamayan komandayla bağlı daha ciddi davranış məsləhətlidir. Klub quruculuğu pul paylamaqla olmur, daha peşəkar, daha səriştəli fəaliyyət tələb edilir.

12 min dollar aylıq maaş alan hücumçunu, daha bahalı müdafiəçini ehtiyatda oturtmaq üçün alan klub rəhbərliyindən zatən başqa addım gözlənilmir. Deyəsən, “Səbail”i idarə edənləri nəticələr yox, ayrılan pulları necə dağıtmağın yolları haqda düşünmək maraqlandırır.

Shares: