Qəribə görünə bilər, amma məhz “Neftçi”nin böyükhesablı qələbəsi gözlənilməz oldu. Günlərdi problemlərindən danışdığımız, heyət sıxıntısı olan komanda Zirədə hamını təəccübləndirdi. Zədəli və cəzalı oyunçuların bolluğundan əziyyət çəkən qonaqlar onları siyahıdan silməyin tez olduğunu isbatladılar.

Lairentsiu Regekampf əlində Premyer Liqada oynayacaq səviyyədə 12-13 oyunçusu olsa da, düzgün seçimlərlə qələbəni təmin etdi. “Neftçi” kritik məqamda toparlanmağı bacardı, layiq olduğu xalları qazandı. Bəlkə də “Zirə” rəqibin adından çəkindi, ardıcıl səhvlər buraxdı və məyus oldu.

İnsaf naminə, “Zirə”nin məğlubiyyətində fərdi səhvlər də rol oynadı. İlk qol zamanı qapıçı Anar Nəzirovun topu əlindən qaçırması hesabın açılmasına səbəb oldu, komanda dönüş edə bilməyincə növbəti qollar sıralandı. Zaman-zaman qəsəbə təmsilçisi təzyiq yaratmağa cəhd etdi, lakin bakılılar müdafiədə ehtiyatlı oynayıb 3 xalı qopardı.

Bu qələbə ilə “Neftçi”də işlərin yoluna düşdüyünü demək olmur. Bəlkə də dünən hər şey alındı, amma komandanın problemləri davam edir. Heyət  yetrsizliyini əzmkarlıq hesabına 1-2 matçda sığortalamaq olar, sabitliyə nail olmaq üçün isə ehiyat qüvvə yetərli olmalı, sağlam rəqabət getməlidi. Mövsümü ilk “üçlük”də başa vurmaq “Neftçi” üçün problem deyil, layiqli rəqiblər azdır. Lakin çempionluq üçün mübarizə aparmaqdan danışırıqsa, Regekampf dünənki qələbəyə aldanmamalıdı.

“Zirə” qələbə qazansaydı, rahat nəfəs alacaqdı, mükafatlar uğrunda mübarizənin içində olacaqdı. Lakin Rəşad Sadıqovun yetirmələri rəqibin itkiləri üzündən ələ düşən fürsəti boşa verdi. Komanda sona kimi avrokuboklara düşmək üçün cəhd göstərəcək, buna nai olması da çətin görünmür, çünki güclü rəqiblərin sayı çox deyil. Amma iddialıların hamısına uduzmaq ciddi siqnal olmalıdı.

Premyer Liqanın 12-ci turu çərçivəsində baş tutan günün digər matçı da böyük hesabla bitdi. Uzun illərdən sonra Gəncədə ilk qələbəsini qazanan “Kəpəz” həm rəqibi “Səbail”ə uzaqlaşmaq imkanı vermədi, həm də autsayderlərdən uzaqlaşdı. Tərlan Əhmədovun yetirmələri əzmkarlıq, inadla mübarizə sayəsində buna nail oldu. Yeni baş məşqçinin gördüyü işlər yavaş-yavaş bəhrəsini verir, komanda xüsusilə ev oyunlarında hələ çox rəqibin başını ağrıdacaq.

Doğma şəhərində darmadağın olan Mahmud Qurbanova gəlincə, rəhbərliyin verdiyi inanılmaz dəstək hələ də nəticələrin düzəlməsinə kömək vermir. Komandada intizamla bağlı ciddi problemlər diqqət çəkir, “Səbail” qırmızı vərəqələrin sayına görə aşkar liderdi. 12 turda cəmi 10 xal toplaması imkanlarına, heyətinə görə ən yaxşılardan olan komandaya yaraşmır. Bu gedişlə Bayıl təmsilçisi qışda heyətə ciddi əl gəzdirməli olacaq. Amma islahatları edənlər eyni adamlar, yayda hazırkı heyəti yığanlar olacaqsa, müsbət sonluğa ümid etmək çətindi.

Bir gün öncə “Turan Tovuz”un “Sumqayıt”ı məğlub etdiyini nəzərə alsaq, hazırda turnur cədvəli 3 qütbə bölünüb. Liderlərlə autsayderlər arasında qərar tutan ortabablar qışa kimi indiki tempi qorumağa çalışacaq. Məhz fasilədə kimin problemlərini necə həll etməsindən asılı olaraq, mövsümün sonluğu şəkillənəcək. Xüsusilə “Turan Tovuz”la “Səbail”in hansı qütbə meyl edəcəyi çox maraqlıdı.

FƏRİD

Shares: