Yeniyetmə və gənc şahmatçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Abbasovun futbolinfo.az saytına müsahibəsi

– Azərbaycanlı şahmatçılar – Gövhər Beydullayeva və Abdulla Qədimbəyli bugünlərdə İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi oldular. Onların uğuru şahmat camiəsində necə qarşılandı?

– Bu, fantastik nəticədir. Şahmat tarixində indiyə qədər cəmi bir dəfə 20 yaşlılar arasında Hindistandan bir oğlan və bir qız eyni anda dünya çempionu olmuşdu. Bu da 2008-ci ildə olub. Azərbaycan da Gövhər və Abdullanın sayəsində bunu həyata keçirən ikinci ölkə oldu. Ağılasığmaz dərəcədə sevinc yaşadıq. Təbii ki, bu uğurun arxasında böyük işlər dayanır. Abdulla 2010-cu ildə hələ 8 yaşında ikən dünya çempionu olmuşdu. Həmçinin Göchər də əla şahmatçıdır. Hər ikisinə böyük dəstək göstərildi, onlar da öz üzərlərində çalışaraq Azərbaycan millətinin necə zəkalı və əzmkar olduğunu sübut etdilər.

– Ümumiyyətlə, bu cür nailiyyətlərin Azərbaycan şahmatına nə kimi təsirləri olur?

– Motivasiya baxımından çox böyük təsiri olur. Bu dünya çempionluqları bizim gələcək abdullalarımıza, gövhərlərimizə də stimul verir. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın onları təbrik etməyi özü böyük motivasiyadır. Bir şahmatçı üçün belə təbrikdən gözəl nə ola bilər? 2019-cu ildə Aydın Süleymanlı Hindistanda keçirilən dünya çempionatında 14 yaşlılar arasında birinci yeri tutmuşdu. Oradan qayıdanda hava limanında dedilər ki, Prezident İlham Əliyev təbrik edib. Eşidəndə şoka düşdüm. Bu, bizə böyük stimul verdi. Həmin turnirdən sonra 16 yaşadək komandamız Ümumdünya Şahmat Olimpiadasına getdi. Aydın da heyətdə idi. Həm komanda olaraq birinci yeri tutduq, həm də Aydın öz lövhəsində daşı daş üstə qoymadı. Nəticədə iki qızıl medalla qayıtdıq. Aydın bundan sonra da uğurlarını davam etdirdi. Bütün bunlar motivasiyanın verdiyi həvəsdən yaranmışdı. İndi Abdulla və Gövhər təbriklərdən ruhlanacaq, daha böyük nailiyyətlərə imza atacaq. Gələn il böyüklər arasında Dünya Kubokuna qatılacaqlar. Çünki bu uğurla ora birbaşa vəsiqə qazanıblar. Ümid edirəm ki, bu fantastik nəticəni orada da təkrarlayacaqlar.

– Azərbaycan xüsusən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov sayəsində həmişə dünyamiqyaslı turnirlərdə təmsil olunub. Ölkəmizdə bu idman növünün təməlində vəziyyət necədir?

– 16 yaşadək Dünya Şahmat Olimpiadası yeniyetmələrin şah yarışı sayılır. Son iki turnirin biri 2019-cu ildə Türkiyənin Çorum şəhərində, digəri isə iki ildən sonra Azərbaycanda keçirildi. Türkiyədəki yarışda komandamız çempion oldu, qızıl medal qazandı. Növbəti turnirdə heyət yeni idi, şahmatçıların çoxu təcrübəsiz idi. Naxçıvandakı həmin turnirdə rəqabət elə güclü idi ki, Hindistan və İran kimi komandalar medal qazana bilmədilər. Azərbaycan yığması isə üçüncü yeri tutmağı bacardı. Üçqat Avropa çempionumuz Ayan Allahverdiyeva da ötən ay Rumıniyada keçirilən 18 yaşadək qızlar arasında dünya çempionatında ikinci yeri tutdu. ABŞ kimi ölkə həmin yarışda medalsız qaldı. Halbuki potensial baxımından ABŞ-la Azərbaycan müqayisəolunmazdır. 620 şahmatçının qatıldığı yarışda cəmi 18 medal var idi. Həmin 18 medaldan biri Azərbaycana gəldi. Bu da ölkə şahmatının uğurlarından biridir. Onu da əlavə edim ki, bu il MDB ölkələri arasında 14 yaşadək şahmatçılar arasında maraqlı formatda turnir keçirildi. Orada da çox güclü şahmatçılar iştirak edirdi. Azərbaycan yığması orada da ikinci yeri tutdu. Artıq Olimpiadanın qalibi olan Nərmin Abdinova həm orada qələbə qazandı, həm də dünya çempionatında 5-ci yerə layiq görüldü. Olimpiadada da həm özü qızıl medal qazandı, həm də yığmanın 3-cü yeri tutmasına töhfə verdi.

Məsələnin ikinci tərəfi də var. Koronavirus pandemiyası bizə çox böyük zərbə vurdu. Üstəlik, regionda vəziyyət gərgin idi, 2020-ci ildə Vətən Müharibəsi oldu. Bunlar fəsadsız ötüşmədi. Yuxarı yaş qrupları həmin stress vəziyyətindən tez çıxa bildilər, amma aşağı yaş qruplarında real şahmatçı görmürdük. Çünki yarış yox idi, uşaqları tanıya bilmirdik. Artıq pandemiya bitdi, Vətən Müharibəsindən sonra yaralar da sağalır. Ardından federasiya rəhbərliyi dəyişdi. İndi şənbə-bazar demədən mütəmadi yarışlar təşkil olunur. Çünki qarşıda Avropa çempionatı var.

– Şahmat məktəblərində ümumi şərait necədir?

– Açığı, şahmat məktəbləri ilə o qədər də əlaqəm yoxdur. Bu suala Təhsil Nazirliyi daha dolğun cavab verə bilər. Həmin məktəblərdə kifayət qədər yaxşı məşqçilərimiz işləyir. Elə Nərmin Abdinovanın Mingəçevirdən olan məşqçisi Hafiz müəllimi qeyd edə bilərəm. Onun Olimpiadada da Nərminə çox köməyi dəydi. İndividual şəkildə hər şey əladır, amma qrup şəklində barmaqla sayılacaq qədər azdır. Sumqayıt, Gəncə, Naxçıvan şahmat məktəbinin böyük nəticələri var. Amma rayon məktəbləri barədə geniş məlumatım yoxdur. Mənə siqnal gəlir ki, bəzi regionlarda vəziyyət o qədər də yaxşı deyil.

– Təhsil Nazirliyi ilə necə iş aparılır?

– Bir ara Təhsil Nazirliyi ilə əlaqəmiz sıfıra enmişdi. Ancaq indi onlarla çox gözəl təmaslar qurulur. Peşəkar yoldaşlar var, onlarla daim məsləhətləşirik, tövsiyələrimizi veririk. Hər şey komanda şəklində olur.

– Azərbaycan Şahmat Federasiyasındakı dəyişikliklərdən sonra nə kimi yeniliklər oldu?

– 2013-2015-ci illərdə peşəkarlıq bir tərəfə qalsın, hər şey patriotluq üzərində qurulmuşdu. Verilən maaş gülməli rəqəm idi, deməyə adam utanır. İndividual şəkildə köməklər alırdıq. Mahir Məmmədov federasiyada çalışırdı, öz cibindən kömək edirdi. Çalışırdı ki, yarışlarda iştirak edək. Mahir müəllimi artıq 24 ilə yaxındır ki, tanıyıram. Onun dilindən bir kəlmə söz çıxdısa, deməli, yüz faiz əməl olunacaq. Bu baxımdan Mahir müəllimlə işləmək çox yaxşıdır. Federasiyaya president təyin olunan kimi də ilk işi maaşları artırmaq oldu. Strukturda çalışanların hamısı bu təsiri özündə hiss elədi, daha həvəsli işləməyə başladı. Mahir müəllim gələndən sonra Nicat Məmmədov, Rauf Məmmədov kimi böyük ustaları peşəkar şəkildə təlimlərə mütəmadi cəlb etmək imkanım oldu. Gənclər komissiyası, məşqçilər komissiyası, regionlarla iş üzrə komissiyalar yaradıldı. Demək olar ki, idarəetmə sistemi tamam dəyişdi. Hər kəs hansı işlə məşğul olacağını bilir. Elə son dünya çempionatından əvvəl şahmatçılarımız üçün mütəmadi təlimlər keçirildi. Orada təkcə mən və Nicat Məmmədov yox, üçqat Avropa çempionu olan böyük ürək sahibi Rauf Məmmədovun iştirakı komandamıza tövfə verdi. Həmçinin Vasif Durarbəyli də təlimlərə qoşuldu, Abdulla ilə bir yerdə çalışır, təcrübəsini gənclərə aşılayırdı. Bir sözlə, federasiyada rəhbər dəyişikliyindən sonra hər şey yaxşılığa doğru gedir. Əvvəllər hansısa təklifi verirdik, onun icrası müşkül məsələ idi. Mahir müəllim isə peşəkardır, vəziyyətə baxan kimi başa düşür ki, buna icazə vermək olar, yoxsa olmaz. Peşəkarların fikrinə qulaq asır, onun tətbiqinə yardım edir. Onun sayəsində hamı komanda şəklində bir yumruq kimi birləşib.

312736897 785467905894064 3954176950235573090 n - Futbolinfo.az

– Ölkəmizdə istər oğlanlar, istərsə də qızlar arasında şahmata maraq hansı səviyyədədir?

– 2021-ci ildə Azərbaycanda 16 yaşadək şahmatçılar arasında ölkədaxili Olimpiadanın keçiriləcəyini gözləyirdik. Pandemiya dönəmindən sonra sanki camaat idmana ac idi. Şahmat klublarımız gənclərin inkişafına, irəli getməsinə böyük kömək göstərirlər. Məsələn, Vüqar Həşimov klubu ötən il klublararası Avropa çempionatına qatılanda heç ilk “8-liy”ə iddiaçı sayılmırdı. Ancaq motivasiya, əzmkarlıqla uğurlu çıxış etdilər. Hazırda şahmata axın çox böyükdür. Pandemiyadan sonra ilk vaxtlar elə böyük maraq yox idi. Ancaq get-gedə insanlar bu idman növünə axın edir. Şahmat kimi gözəl elm var? Uşağa hər şeyi öyrədir. Şahmat əməliyyatların ardıcıllığını, mədəniyyəti, ünsiyyəti, mübarizəni öyrədir.

– Oğlanlarla müqayisədə qızlarımız o qədər də parlaq nəticələr göstərmirdilər. Onların FIDE reytinqinə də baxdıqda qadın şahmatının inkişafının nisbətən geri qaldığını görərik. Bunun səbəbini nədə görürsünüz?

– Bu, qlobal məsələdir. Qadınlarla kişilər eyni ola bilməz. Şahmatda da bu, özünü büruzə verir. Təbii ki, böyük nəticələr göstərən qadın şahmatçılarımız var. İndi müxtəlif yaş qruplarına baxsaq, qızlarımız medal sayı baxımından oğlanlardan heç də geri qalmırlar, bəlkə də üstələyirlər. Ancaq istənilən halda fərq var. Məsələn, ailə həyatı qurduqdan sonra kişi rahat şəkildə şahmatını davam etdirir, hətta bu, ona əlavə motivasiya verir. Qadında belə deyil axı. Şahmatın qızlar arasında populyarlaşması üçün də təşəbbüslə çıxış etmişik. Bununla bağlı müxtəlif işlər görürük. Azərbaycan Şahmat Federasiyasının baş katibi, beynəlxalq qrossmeyster İlahə Qədimova Naxçıvanda keçirilən Olimpiadada komandalarımızdan birinin sırf qızlardan ibarət olması təklifini irəli sürdü, mən də ikiəlli dəstəklədim. Təbii ki, bəzi prioritetlərimiz var idi ki, qanun hamı üçün eynidir. Buna uyğun olaraq qızlardan ibarət komanda qurduq. Hazırda treninqlər keçirik. Hiss edirik ki, əvvəlki ilə müqayisədə qız şahmatçılarımızın sayı artıb. Məsələn, yığmanın beş qadın üzvü var idisə, müxtəlif səbəblərdən təlimlərə üçü gələ bilirdi. İndi beşi də gəlir, hətta əlavə iştirak etmək istəyənlər də var. Təbii ki, bu, bir yarışla olan iş deyil. Təlimlərə davam edəcəyik. Valdeynlər də uşaqların təlimlərə qoşulmasına kömək olsalar, bu torpaq Aynur Sofiyeva, Firuzə Vəlixanlı, Məmmədyarova bacıları kimi böyük xanım şahmatçılarə yenə yetişdirər.

– Ümumiyyətlə, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimovdan sonra nədənsə dünya səviyyəli qrossmeyster yetişmir. Bunu nə ilə əlaqələndirmək olar?

– Sadaladığınız şahmatçılar necə yetişib? 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin 4 uşağa – rəhmətlik Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynova kömək etməklə bağlı fərmanı çıxdı. Ümummilli liderin onlara ilk köməyi çox yerə siqnal oldu. Bu siyasət ölkə başçımız İlham Əliyev tərəfindən də davam etdirildi. Həmin siyasət davam etdirilməsəydi, onların üçqat Avropa çempionu olmaları mümkünsüz idi. Məsələn, Misrəddin İsgəndərov və Vüqar Rəsulova da eyni formada kömək olunsaydı, onlar da eyni nəticəni göstərərdilər. Misrəddinin reytinqi hazırda 2600 ətrafındadır, udmadığı turnir qalmayıb. Vüqar isə Türkiyədə yaşayır, dünən də beynəlxalq turnirin qalibi oldu. Məndə olan məlumata görə, 16 yaşadək Olimpiadanın qalibi olan Türkiyə yığmasında məşqçilərdən biridir. Onların hamısına hələ vitse-prezident olan vaxt Mahir Məmmədov fərdi şəkildə kömək edirdi. Yeri gəlmişkən, Mahir müəllim Günay Məmmədzadəyə, Vüqar Əsədliyə nə qədər kömək göstərib. İndi Aydın Süleymanlı, Məhəmməd Muradlı var. Dəstək böyük həcmdə olsa, ulduzlar da çıxacaq. Pandemiyadan əvvəl Aydında olan reytinqə elit qrossmeysterlərimizin heç biri onun yaşında çata bilməmişdi. İsraildə dünya çempionatı keçiriləcək. Mahir müəllimin təşəbbüsü ilə seçmə turnir keçirildi. Ora düşmək üçün Şəhriyar və Teymurdan başqa hamı həmin turnirdən keçməli idi. Orada Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli kimi qrossmeysterlər də iştirak edirdi. Həmin turnirin qalibi Aydın Süleymanlı oldu. Qədir Hüseynov ikinci, gənc Vüqar Əsədli üçüncü, Rauf Məmmədov dördüncü yeri tutdu. Gövhərin özü bir il ərzində nə qədər inkişaf elədi. Yeri gəlmişkən, Hindistanda keçirilən Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət komandamız axırıncı turdan geri qayıtdı. Nə qədər şok yaşadıq, bir növ faciə oldu. Komandamız həmin mərhələdən keçsəydi, komandamız medal qazanardı. Rəqiblərdən də çox şey asılıdır. Məsələn, 20 il əvvəlki Hindistanla, İranla indiki eyni deyil. Milyard yarımlıq əhalisi olan Hindistan 16 yaşadək şahmatçılar arasında Olimpiadada medal qazana bilmədi. Oradakı rəqabəti təsəvvür edin. Komputerin gəlişi də şahmatı çox dəyişdi, dinamiklik artdı. Dinamika olan yerdə də hər şeyə nail olmaq mümkündür.

– Dünənimiz və bugünümüz Teymurla Şəhriyar hesab olunur. Bəs şahmatımızın gələcəyi kimlərdir?

– Kimə dəstək olunacaqsa, onların irəli getmək ehtimalı çox böyükdür. Dünya çempionluğu hədəfləyiriksə, dəstəyimizi əsirgəməməliyik. 2019-cu ildə Azərbaycana ilk dəfə dünya kuboku gəldi, Teymur Rəcəbov gətirdi. Şəhriyar Məmmədyarov Elo reytinqdə Maqnus Karlsondan sonra ikinci olub. Bunların hamısı elə-belə qazanılmayıb. İnşallah, Harri Kasparovdan sonra azərbaycanlılardan biri dünya çempionu olar.

– Burada müxtəlif idman növlərində çalışmış əcnəbi mütəxəssislər Azərbaycanı şahmat və güləş ölkəsi adlandırırlar. Sizcə, Azərbaycan şahmatı tam potensialını ortaya qoya bilib?

– Əlbəttə ki, xeyr. Bizim böyük potensialımız var. Allah bizim millətə o qədər böyük zəka, yaradıcılıq neməti verib. Potensialımız müəyyən qədər açılıb. Belə olmasaydı, böyük nəticələri qazana bilməzdik. Mənə elə gəlir ki, federasiyadakı rəhbər dəyişikliyindən sonra şahmatımızın potensialı daha da böyüyəcək.

– Şahmatçılarımızın əsas çatışmazlığı nələrdir?

– Yarışların azlığı. Bu, maliyyə durumundan asılı olan şeydir. Hazırda federasiya bu məsələyə böyük dəstək verir, yarışlar proqramı hazırlanır. Əvvəllər bunların mində biri adamın ağlına da gəlməzdi. Federasiya tərəfindən hansısa kateqoriyada şahmatçılara rəsmi yarışlarda iştirak üçün yardım yox idi. İndi federasiya tərəfindən qəbul edilən maddələrə uyğun şahmatçılara yardım olur. Məsələn, Mahir müəllim 2008-ci ildə vitse-prezident olanda belə bir təkliflə çıxış etmişdi ki, reytinqi 2500-dən yuxarı şahmatçılara minimum iki yarışın ödənişi edilsin. Mahir müəllim öz cibindən maliyyə ayırırdı ki, gedib turnirlərə qatılaq. Bunun təsiri dərhal hiss olunurdu. Təəssüf ki, həmin təşəbbüsə dəstək verilmədi. Əgər dəstək olsaydı, indi ən azı 15 şahmatçının reytinq xalı 2600-dən yuxarı idi. Nəzərə alaq ki, Azərbaycanda o qədər çox yarış olmur. Bu problemin həllinə çalışırıq. Şahmatçıya da lazım olan şey məşq və yarışdır. Hazırda məşqçilərin bütün istəkləri yerinə yetirilir. Azərbaycanda il ərzində 10 dəfə açıq turnir təşkil olunsa, nə qədər istedad üzə çıxar, böyük “partlayış” olar. Xaricə getmək üçün əsas xərc tələb edəb şey biletdir. Bununla bağlı təklifimizi etmişik. Federasiya tərəfindən tam təsdiqini tapdıqdan sonra həmin məlumatı verə bilərik. Turnirlərin çoxluğu rəqabəti artırar, şahmatı ölkəmizdə daha da populyarlaşdırar.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

med 2 1 1 1 1 - Futbolinfo.az
Shares: