“Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
– Futbolçularımı, rəhbərliyi təbrik edirəm. Bu gün xarakter göstərdilər, mübarizə apardılar. Bu qalibiyyət çox önəmlidir. Son saniyələrə qədər mübarizə apardıq, yorulmadıq. Bu qalibiyyət güclü səylə çalışmağımızın nəticəsidir. Mən sizə bir şey demək istəyirəm. Rəqiblər bundan sonra hər kiçik toxunuşda yerdə qalacaqsa, biz topu kənara çıxarmayacağıq. İki dəqiqədən bir yerə uzanacaqlarsa, oyunumuza davam edəcəyik. Bunun feyr-pleylə əlaqəsi yoxdur.
– Bu, cəsarətli çağırış idi. Buna görə qınanacağınızı düşünmürsüz?
– Bizim işimiz tənqid olunmaqdır. Belə şeylərə görə temp aşağı düşür. Avrokuboklarda belə oynanılacaq? Futbol hiyləgərliyi var. 1-2 dəfə edilməsi qəbuldur, amma 10-15 dəfə təkrarlanırsa, düz deyil. İlk dəqiqədən belə bir şey olmamalıdır. Bu gün “Şamaxı” – “Qarabağ” oyununa baxdım. İlk hissədə “Şamaxı”nın bütün oyunçuları yerə yıxılırdı. Ciddi zədə olsa, başa düşərik, amma belə yox.
– Komandada gərginlik hiss olunurdu. Bu, nə ilə bağlı idi?
– Turnir cədvəlinə baxmamalıyıq. Oyuna pis başlasaq da, 10 dəqiqə sonra düzəldik. Rəqib əks-hücumlarda təhlükəli idi.
– Rəqib baş məşqçi Elmar Baxşıyev futbolçunuz Elvin Camalovun qırmızı vərəqə almalı olduğunu dedi. Razısız həmkarınızla?
– Xeyr. Oyun epizodu idi. “Qəbələ”nin də çox oyunçusuna “sarı” verilməli idi. Mən hər zaman sərt oyuna üstünlük vermişəm.
– Elvinin əvəzlənməsi sarı vərəqəsi olduğu üçün idi?
– Bəli, risk etmədim. Bir dəfə top əlinə dəydi, bir dəfə də hücumun qarşısını aldı, amma bu, təhlükəli hücum deyildi. Hakimə də təzyiq var idi. “Qəbələ”yə qarşı simpatiyam var. Yaxşı futbol oynayırlar. Matçdan sonra da rəqib baş məşqçinin əlini sıxdım. Onlara uğurlar arzu edirəm.