“Sabah” dünən xal itirsəydi, “Neftçi” üzərində ötən tur qazanılan qələbənin əhəmiyyəti azalacaqdı. Düzdü, əsas rəqiblərdən birini yenmək hər zaman önəmlidi, lakin bunun davamını gətirə bilmirsənsə, nəticənin təsadüfi olması görüntüsü yaranır.

Lakin “Sabah” sabit oyun sərgiləməyi öyrənib. “Qəbələ” üzərində qələbə çətin alınsa da, bütün matçı daha üstün keçirən meydan sahibləri yekunda istəyinə çatdı. Murad Musayev vacib əvəzetmələr sayəsində oyunu dəyişə və hesabda geri düşən komandasını qələbəyə daşıya bildi. 12 turda qazanılan 31 xal yaxşı işin, uğura köklənmənin nəticəsidir.

“Qəbələ”yə gəlincə, bəxt də dünən erkən penalti qazanan qonaqların tərəfində idi. “Sabah” rəqblərinə belə şansı təsadüfi hallarda verir, ondan istifadə edib davamını gətirmək üçün xarakterə malik olmalısan. Üstəlik, belə məqamlarda hesabda irəli çıxan komandanın məşqçisinin davranışı da önəmlidi. Nəticəni qorumaq, daha da yaxşılaşdırmaq üçün taktikanı dəyişmək, ən azı əlavə tapşırıqlar vermək lazım gəlir. Lakin son turlar göstərir ki, Elmar Baxşıyev bunu bacaracaq məşqçi deyil. O, bütün rəqiblərə qarşı eyni oyun üslubuna üstünlük verir, yenilik etmək qabiliyyəti yoxdu. Ötən mövsümdən “Qəbələ”nin taktikasını öyrənən rəqiblər isə buna qarşı çoxdan əks-tədbirlər fikirləşib.

“Qəbələ” bu mövsüm məğlub olduğu 5 matçın 3-də, xal böldüyü hər 2 qarşılaşmada hesabı açan tərəf olub. Cəmi 2 xalın toplandığı son 3 turda da ilk qolu “qırmızı-qaralar” vurub. Bütün hallarda bölgə təmsilçisi məhz məşqçi qərarlarının, oyuna müdaxiləsinin yetərsiz olması üzündən üstünlüyü əldən verib. Yalnız “Sabah”la oyunda belə olsaydı, bunu rəqibin gücü ilə əlaqələndirmək mümkün idi, iş ondadı ki, “Kəpəz” və “Şamaxı” kimi autsayderlərlə qarşılaşmalarda da eyni ssenari yaşanıb. Futbolçular işini görür, tapşırıqları düzgün yerinə yetirərək hesabı açır, ardınca rəqib məşqçilər taktiki dəyişikliklər edir, Baxşıyev isə “beyin döyüşü”ndə həmkarlarına uduzur, adekvat qarşılıq verməyi bacarmır.

Artıq Elmar bəyin potensialının tükəndiyini klubda da başa düşürlər. Təsadüfi deyil, məşqçi hakimlərdən şikayətlənir, uğursuzluğun səbəbini başqa yerdə axtarır, bəhanələr gətirir, klub prezidenti Fariz Nəcəfov isə bir dəfə də olsun, ona dəstək vermir. Əvəzində klubun meneceri Nail Kərimov Baxşıyevin ayağının altını qazmağa başlayıb. Komanda daxilində məşqçini futbolçularla üz-üzə qoyacaq hərəkətlər edən klub funksioneri rəhbərliyə də tez-tez şikayət edir. Haqsız da deyil, görünən kəndə nə bələdçi? Amma Nail bəyin bu posta gəlişindən sonra “Qəbələ”nin enişə keçməsi özü də başqa reallıqdı.

“Qəbələ” ilk “beşlik”dən uzaq qalmaq üçün hər şey edirsə, əvəzində “Sabah” qızıl medallar üçün mübarizə aparacağını göstərir. Musayevin yetirmələri “Səbail”lə oyundakı qəzanı saymasaq, liderə yaraşan nəticələr göstərir. “Qarabağ”a məğlubiyyətin ssenarisi hamının yadındadı, digər matçlarda isə bakılılar layiq olduğu qələbəni qazanıb. Qışda avrokuboklarda oynayacaq heyəti müəyyənləşdirmək, çatışmazlıqları aradan qaldırmaq lazım gələcək. Çünki “Sabah” böyümək, sabit uğurlar qazanmaq üçün lazım olan hər şeyi edir.

CAVAD

Shares: