Vüqar Əsgərlinin orta məktəbdə necə oxuduğunu bilmirəm, amma əzbəri yaxşıdı. “Şamaxı”nın yalnız rəsmiyyətdə baş məşqçisi olan bu adam 12 turdu eyni sözü deyir. Artıq onun riyaziyyat və məntiq dərslərini də mənimsəməsi lazımdı, ədəbiyyatla reallıq üst-üstə düşmür.

Əsl baş məşqçi Cavid Hüseynovun mətbuat konfranslarına göndərmək üçün seçdiyi Əsgərli “Qarabağ”la matçdan sonra deyib: “Futbolçularımıza da bildirmişdik ki, məsuliyyətli olsunlar. Qol epizodlarımız olsa da, bunlardan yararlana bilmədik. Matçın ikinci hissəsi planladığımız kimi getsə də, ani diqqətsizlik oldu. Son dəqiqələrdə qollar buraxırıq. Lakin bunlar yaşanmamalıdır. Əsas məqsədimiz öz futbolçularımızı inkişaf etdirərək, “Şamaxı” komandasını irəli aparmaqdır. Biz inanırıq. Göstərdiyimiz oyunla daha yaxşı yerlərə layiqik”.

Sonuncu cümlə “Şamaxı”nın bütün oyunlarından sonrakı mətbuat konfranslarında təkrarlanır. Əcəba, komanda hansı oyunu göstərir ki, nəyəsə də layiq olsun? “Qarabağ” dünən 2-ci heyəti ilə, faktiki məşq edərək qələbə qazandı – həm də 4:0 hesabıyla. Deyək ki, ağdamlılar güclüdü, axı “Şamaxı”nın 12 tur ərzində ümumiyyətlə, qələbəsi yoxdu, komanda cəmi 5 qol vurub.

Əsgərli nağıl danışır, “Şamaxı” rəhbərliyi də inanır. Reallıq odur ki, bölgə təmsilçisi son pillədəki şəriki “Sumqayıt” kimi axırıncı pillədədi və əmin olun ki, elə layiq olduğu yerdədi. Düzdü, futbolçular əksər oyunlarda əzmkarlıq göstərir, döyüşür, amma döyüşmək istəyən şərq əlbəyaxa növləri ilə məşğul olmalıdı, futbolla yox. Futbol tam fərqli idman növüdü, tələbləri başqadı və burada hamı oynadığı futbola layiq yer tutur.

Vüqar bəyi anlayırıq, karyerası boyunca qadın komandalarında işləyib, futbolçuların kişilərə xas döyüş xüsusiyyətlərini sərgiləməsini görür, qadınlardan daha əzmkar mübarizə apardıqlarını izləyir, elə bilir ki, əsl futbol budur, sadəcə, layiq olduqları yerdə deyillər.

Əfsus! Kulinarın komandasının məşqçisi də elə bu cür olmalıdı.

Lakin Vüqar bəy bəlkə də bu sözləri “Şamaxı” barədə deyil, özü haqda işlədir. Əgər elədirsə, tamamilə düz deyir – o, layiq olduğu yerdə deyil. Bu postun daha layiqli sahibi ola bilərdi. Çünki bu komanda dilbər guşələrimizdən birini təmsil edir. Qondarma rayon təmsilçisi olsa, Şamaxı böyüklüyünə layiq deyil, ya daha iddialı olmalı, ya da heç olmamalıdı.

ABBAS

Shares: