Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov “sports.ru”ya müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, o, 30 yaşlı yarımmüdafiəçi Azərbaycan klublarında çıxış edən futbolçuların aldığı maaşla bağlı danışarkən öz qazancından da söz açıb:
“Azərbaycanda futbolçuların maaşları Gürcüstandakından yüksəkdir. Hətta “Qarabağ”, “Neftçi” və “Sabah”da böyük maaşlar var. Bu, Rusiya Premyer Liqasının ikinci səkkizliyində olduğu kimidir. Kiçik klubların oyunçularının məvacibləri isə Rusiya Milli Futbol Liqasındakı komandaların futbolçuları ilə eynidir. “Qarabağ”ın liderləri daha çox alırlar, çünki hər il avrokubokların qrup mərhələsində oynayırlar. Mən isə karyeramdakı ən böyük maaşı “Neftçi”də almıram. Bu, ən azlardan biridir. Rusiyada, hətta “Saturn”un birinci komandasında belə dollarla müqayisədə buradan daha çox maaş alırdım. Əvəzedicidən gələndə 3 min dollar qazanırdım. Amma sonra bunu sürətlə qaldırdılar. Artıq stabil çıxış edirdim və başqa klublar məni almaq istəyirdi”.
Mahmudovun sözlərinə görə, “Qarabağ” Rusiya Premyer Liqasında 100% çempionluq üçün yarışa bilər: “Ağdam klubunun öz oyun üslubu var. Onlar istənilən rəqibi öz tərzlərinə uyğunlaşdıra, öz istədikləri kimi oynamağa məcbur edə bilirlər. Məsələn, “Qarabağ”la qarşılaşan rəqiblər meydanda daha çox topsuz qaçmaqla məşğul olurlar. Hətta “Zenit” də gəlsə, eyni şey olacaq. Rusiya klublarından fərqli olaraq, “Qarabağ” hər il avrokuboklarda qrup mmərhələsində çıxış edir”.
Emin Misli Premyer Liqasının səviyyəsindən və özünü Azərbaycanda yenidən tapmasından da söz açıb: “Azərbaycanda başqa futboldur: daha çox topla oynayırlar, Rusiyadakı kimi çoxlu mübarizə yoxdur. Üstəlik, stabil olaraq hər oyun meydana çıxıram. Belə olanda, özünə inam artır. Mən burda özümü tapdım. Digər komandalarda belə deyildi. Məsələn, 2,5 il oynadığım “Krılya Sovetov”da ilyarım zədədən əziyyət çəkdim. Bir az oynayan kimi zədə alırdım. “Boavişta”da məlum deyildi nə baş verir, hansısa agentin işləri idi, ya nədirsə. Mən oynamasam da, yaxşı məşq edirdim. Əvəzetmədən oyuna çıxırdım və hər dəfə daha çox meydanda olurdum. Sonra əsas heyətdə şans əldə etdim, qol vurdum və turun simvolik komandasına düşdüm. Ondan sonra 4 tur ümumiyyətlə, oynamadım. Sənin nə qədər güclü xarakterin olsa da, belə anlarda mənən düşürsən. Bəlkə də daha çox işləmək lazım idi, amma artıq ağır idi. Dörd ay əziyyət çəkirsən ki, şans versinlər. O şansı verirlər və sən bundan istifadə edirsən. Amma səni götürüb atırlar kənara. “Boavişta”dan sonra bura gəldim. “Neftçi”də bütün məşqçilər mənə inanırdılar və bu, özümə inamı qaytardı”.