“Neftçi”nin serbiyalı müdafiəçisi Voyislav Stankoviç futbolinfo.az-a müsahibə verib. O, cəza üzündən kənardan izlədiyi “Zirə” ilə matç barədə danışıb, komandanın ümumi çıxışını dəyərləndirib:
- “Zirə” üzərində 3:0 hesablı qələbəni gözləyirdiniz?
- “Zirə”ni məğlub etdik. Komanda oyuna yaxşı hazırlaşmışdı. Nəhayət ki, onları udduq. Hesaba baxan oyunun bizim üçün asan keçdiyini düşünə bilər. Amma belə olmadı. “Zirə” yaxşı komandadır. Sadəcə olaraq, erkən qol vurduq, ardınca qol epizodlarımızı dəyərləndirərək, layiqli qələbə qazandıq.
- Bundan öncəki tur əsas rəqibiniz “Sabah”a uduzmuşdunuz. Artıq iki oyundur ki, vacib rəqibinizə məğlub olursunuz. Bu sizi həvəsdən salmır?
- Bir tur əvvəl “Sabah”a uduzmuşduq. Onlar hazırda çox “artırıb”, yaxşı transferləri var, yaxşı kollektivləri var. Bu, futboldur və bir neçə səbəb göstərmək olar. Amma bunu demək mənim işim deyil. İşləməyə davam edəcəyik. Hər oyuna yaxşı hazırlaşacağıq. Hansı komanda ilə oynayacağımıza yox, öncə öz oyunumuza fikir verməliyik. Daha yaxşı, daha stabil necə oynaya bilərik, ona düşünməliyik. Hazırda digər komandalara baxa bilmərik, ancaq özümüz haqqında fikirləşmək zamanıdır.
- “Qarabağ”la aranızda 8 xallıq fərq var. Rəqibinizin ehtiyatda 1 oyunu da olduğunu nəzərə alsaq, bu 11 xallıq fərq edir. Demək olar ki, “Neftçi” çempionluq mübarizəsindən qopub?
- “Qarabağ”la aramızda həm böyük xal fərqi, həm səviyyə fərqi var. Ona görə də biz çempionluq məsələsinə baxmayacağıq. Biz ancaq özümüzə fikir verməli, oyunumuzu necə yaxşılaşdıra bilərik, necə stabil oynaya bilərik, ona baxacağıq. Qalan məsələləri isə zaman göstərəcək. Bu suala yalnız belə cavab verə bilərəm.
- “Neftçi”də bir neçə məşqçi ilə işləmisən. Laurentsiu Regekampf onlardan nə ilə fərqlənir?
- “Neftçi”də artıq 4 məşqçi ilə işləmişəm. Hər birinin öz oyun fəlsəfəsi var. İndi Laurentsiu Regekampfın hamısından yaxşı olduğunu deyə bilmərəm. Çünki bu, doğru və etik olmayacaq. Hər məşqçinin öz oyun baxışı var. Hər məşqçinin nəticəsi sonda bilinir. Yeni baş məşqçimizlə necə olacağı hələ ki, bəlli deyil. Çünki mövsüm sonunda görəcəyik hər şeyi. Çalışırıq ki, uğurlu çıxış edək.
- “Zirə” üzərində qələbə sizə növbəti oyunlara motivasiya edəcək?
- Komanda qalib gələndə hər zaman motivasiya yüksəlir. Ümidvaram ki, motivasiyanı yüksəltmişəm. İnanıram ki, növbəti oyunda da daha yaxşı oyun göstərəcəyik. İrəliləmək və hər oyunu qalib başa vurmaq lazımdır ki, motivasiya və psixoloji vəziyyət yaxşı olsun.
AĞA