“Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə etməyə 4 il bundan qabaq hazır idi. Sadəcə, o bədnam, başıbəlalı Stuxlik (AFFA Hakimlər Komitəsinin sabiq sədri Frits Stuxlik – red.) onun hakimliyinə zərbə vurdu. Özünüz gördünüz ki, hakimliyi nə günə qoydu” – bu sözləri qol.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov deyib.
Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunu idarə edəcək. O, noyabr 2-də “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) matçına təyinat alıb.
Məmmədov onun kadrı olan Ağayevin bu təyinatına görə hamıdan çox sevindiyini bildirib: “O, buna çoxdan layiq idi. Sadəcə, Stuxlik UEFA ilə münasibət qura bilmədi. Hansı ki, onu buna görə gətirmişdilər. Amma heç nə edə bilmədi. UEFA da gördü ki, maraqlanmırlar. Amma indiki Komitə sədri Barış Şimşək belə başa düşürəm ki, hansısa cəhdləri edir”.
Sabiq komitə sədri bildirib ki, vəzifəsində qalsaydı, Əliyar Ağayev artıq ÇL-in qrup məhələsində bir neçə oyun idarə edərdi: “İnanıram ki, bundan da yaxşı oyunlar idarə edəcək. Əliyar belaruslu hakim Klubakovla birlikdə kateqoriya almışdı. O, indi ÇL-in qrupunda vacib oyunları idarə edir. Hansı ki, Əliyar ondan güclüdür. Amma Klubakov qabağa getdi. Əliyarın isə “yiyəsi” olmadı, qaldı geridə. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən qalsaydım, Əliyar artıq ÇL-in qrup oyunlarını idarə etmişdi. Çünki biz iş görmüşdük və görürdük. Hər şey hazır idi. Stuxlik isə gəldi, ancaq özü üçün işlədi, pulunu qazandı, getdi”.
Məmmədov qeyd edib ki, Əliyar Ağayevin uğurları hələ qabaqdadır: “Əliyar daha da qabağa gedəcək. Çünki hamı ilə yaxşı münasibət qura bilir: UEFA nümayəndələri ilə də, meydanda futbolçularla da. Hər şey onun öz əlindədir. Amma mən ona yüz faiz inanıram. “Borussiya” kimi komandanın oyununu ona həvalə ediblər. Bəlkə də Əliyar qrup oyunlarını idarə edənlər arasında ən gənclərindəndir. Adətən UEFA ÇL-in qrup mərhələsinin samballı oyunlarını 40-45 yaş arası hakimlərə tapşırır. Çünki bu, hakimlərin ən yaxşı, müdrik çağlarıdır. Ona görə də hələ Əliyar üçün hər şey qabaqdadır”.