AFFA Məşqçilər Komitəsinin üzvü, “Qarabağ”ın sabiq baş məşqçisi Şahin Diniyevin futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Nant”a səfər məğlubiyyəti “Frayburq”la son tur matçı öncəsi vəziyyəti çətinləşdirmədi?
– Son tur öncəsi elə vəziyyət yaranıb ki, 2-3-cü yerlərin taleyini həll edəcək oyun Bakıda keçiriləcək. Birinci və sonuncu yerin sahibi məlumdur. İndi kimin Avropa Liqasında, kimin Konfrans Liqasında mübarizəni davam etdirəcəyi müəyyənləşəcək. Hamımız “Qarabağ”ın Avropa Liqasında qalmasını istəyirik. Əminəm ki, bunu futbolçular da çox istəyir. Pley-offda düşə biləcəyimiz rəqiblərin hamısı adlı-sanlıdır. “Barselona”, “Yuventus” kimi adlar çox şeydən xəbər verir. Həm futbolçuların inkişafı, həm azarkeşlərin sevinci üçün bu komandaları Bakıda görmək çox xoş olar. Bu arzunu da həyata keçirmək üçün “Qarabağ”ın yetərincə gücü var.
– Üstəlik, nəzərə alaq ki, “Frayburq”a lazım olmayan oyundur…
– Oyunun nəticəsi turnir cədvəli baxımından “Frayburq”a heç nə vermir. Onlar üçün bu görüşün istisi-soyuğu olmayacaq. Nəzərə alaq ki, uzaq məsafə də qət edəcəklər. Çünki bura gəlib-getmək futbolçuları yora bilər. Bundesliqa da sıx qrafikdə keçirilir. Baş məşqçiləri bunları düşünərək mütləq rotasiyalar edəcək. Əsas heyətə düşməkdə çətinlik çəkənlər və gənclər oynaya bilər. Yəqin ki, aparıcı oyunçulara istirahət veriləcək.
– Bunu “Qarabağ”ın xeyrinə saymaq olar?
– Heyətlərində 200-300 futbolçu yoxdur ki, seçib içlərindən ən zəiflərini oynatsınlar. Avropa Liqasına sifariş verilən siyahıda 30-35 oyunçuları olar. Klub onların hər birini baxıb götürüb. Kiminsə cavan və ya oynamayan olması ciddi rol oynamır. “Frayburq”un formasını geyinən futbolçu zəif ola bilməz. Həm də almanlar üçün əhəmiyyətlisiz oyun anlayışı yoxdur. Onlar meydana yalnız qələbə qazanmaq fikri ilə çıxırlar. Bu dəfə də belə olacaq.
– İstənilən halda motivasiya və təcrübə də öz sözünü deməlidir.
– Razıyam, motivasiya “Qarabağ”da daha çox olacaq. Çünki qələbə təmsilçimizə daha çox lazımdır. Ancaq bu amil futbolçuları “yandıra” və ya daha yüksək səviyyəyə çatdıra bilər. Matçın önəmi az olduğu zaman necə gəldi oynayırsan və hər şey alınır. Hədsiz motivasiyada isə “yana” bilərsən.
– “Qarabağ”a qələbə lazım olduğunu nəzərə alsaq, təmsilçimiz ilk dəqiqələrdən hücuma atılmalıdır?
– “Qarabağ” hücum eləməyə məcburdur. Çünki həlledici matçdır. “Frayburq” isə tutduğu boşluqlardan yararlanıb, əks-hücumdan “Qarabağ”ın qapısına tez yol tapa bilər. “Frayburq” yəqin ki, əks-hücumdan oynayacaq. Buna görə də müdafiə planında etibarlı olmaq lazımdır. “Qarabağ”ın cari mövsümdəki matçlarına diqqət yetirin. Komanda öz oyununu tapana qədər 10-15 dəqiqə vaxt keçib. Xüsusən də, Frayburqdakı görüşün ilk 20 dəqiqəsində “Qarabağ” təzyiq altından çıxa bilmirdi. Fikrimcə, tələsmək olmaz. Komandamızın bütün avrokubok oyunlarında yetərincə qol vəziyyətləri yaranır. Top buraxmamaq şərtilə vurulacaq bir qol qrupun taleyini həll edə bilər. Bu baxımdan təmkinli olmaq, müdafiədə daha etibarlı oynamaq ən vacib məqamdır. Çünki buraxılan qol futbolçuları həm psixoliji, həm də motivasiya baxımından yıxa bilər. “Qarabağ” öz vaxtını gözləməlidir. Mütləq qol imkanları yaranacaq.
– Filip Ozobiçin yoxluğunun nə kimi mənfi təsiri ola bilər?
– Heç bir təsiri olmayacaq. Çünki Kadi Borges bu mövsüm əksər matçlarda 10 nömrə kimi çıxış edir. Buna görə də Ozobiçin yoxluğu böyük itki olmayacaq. Əksinə, qazanc ola bilər. Kadi pleymeyker mövqeyində çıxış edəndə qapıya daha yaxın olur, uzaq məsafədən zərbələr vura bilər.
– Qrupun digər oyunundan nə gözləyirsiniz?
– Əsas odur ki, “Olimpiakos”dan asılı deyilik. Taleyimiz öz əlimizdədir. Biz onları yox, onlar bizi düşünməlidirlər. “Olimpiakos” yeni baş məşqçi gəldikdən sonra ardıcıl 3 oyundur ki, məğlub olmur. Baş məşqçinin işi görünməyə başlayıb. “Olimpiakos” “Nant” üçün rahat keçiləcək rəqib olmayacaq. Dünyanın ən çılğın azarkeşlərinə sahibdirlər. Komandanın əllərini aşağı salmasını onlar da bağışlamaz. Eyni zamanda hər qələbə əlavə gəlir deməkdir. Heç kim də pulunu çölə atmayıb.
– “Nant”la keçirilən oyunlarda “Qarabağ” daha üstün performans sərgiləyib. Ədalət baxımından “Qarabağ” pley-offa daha çox layiq deyilmi?
– Futbolda nə verirsənsə, ikiqat artığını alırsan. Futbol ən ədalətli idman növüdür. Bu gün 90-cı dəqiqədə qol buraxmısansa, nəvaxtsa sən özün son dəqiqədə fərqlənəcəksən. Futbol mələyi ədalətli komandaya, bəlkə də nəvaxtsa ziyan vura bilər. Amma bunun 2-3 qat xeyrini də verir. VAR çıxdıqdan sonra da sual doğuracaq heç nə qalmır. Hər şey oyunçuların öz əllərindədir. Əlavə bəhanəyə də yer yoxdur. Mənə elə gəlir ki, Fransadakı qarşılaşmada qələbə ilahəsi, mələklər “Nant”ın yanında idi. Həmin matçda onlar daha çox istəyirdilər. Demirəm ki, “Qarabağ” istəmirdi. Sadəcə, “daha çox” məsələsi var. “Qarabağ”ın da yanında olduğu vaxtlar olub. Ümid edirəm ki, növbəti oyunda da futbol mələyi “Qarabağ”ın yanında olacaq.
FƏRİD