Futbol veteranı Kamal Quliyevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda bu gün “Frayburq”u qəbul edəcək. Ötən turda “Nant”a məğlubiyyətdən sonra sanki bir az təlaş var.

– Tarixi oyun olacaq. Mən buna təlaş deməzdim, “Qarabağ”ın üzərində böyük məsuliyyət var. Bu gün Azərbaycan xalqı, bütün futbol ictimaiyyəti, hətta AFFA rəhbərliyi bu komandadan uğur gözləyir. “Qarabağ” illərdir bura qədər gəlir, son anda qrupdan çıxmaq alınmır.

– “Qarabağ”ın indiki heyəti Avropa Liqasının pley-offunda oynayacaq gücdədir?

– Razıyam ki, heyət elə də geniş deyil. Komandada növbəti mərhələdə oynayacaq səviyyədə futbolçu sayı azdır. Bir var komandanı qrupa, bir də var daha irəliyə daşıyacaq futbolçu. Bunların arasında qiymət fərqi var.

– “Frayburq”un “Qarabağ” önünə hansı heyətlə çıxmasının fərqi varmı?

– Bu, bir şansdır. Məsələn, Çempionlar Liqasında qrupun son turunda “Brügge”nin “Bayer”lə oyuna məsuliyyətsiz yanaşacağını gözləyirdim. Ancaq belçikalılar səfərdə 1 xal qoparmağı bacardı. Halbuki hamı düşünürdü ki, “Brügge” əsas heyətini qoruyacaq. Əminəm ki, “Frayburq”un baş məşqçisi ən azı 3 aparıcı futbolçusunu oynatmayacaq. “Qarabağ” bundan maksimum yararlanmalıdır. Bütün Azərbaycan xalqından, Premyer Liqadakı digər 9 klubun azarkeşlərindən xahiş edirəm ki, bu gün “Qarabağ”ı meydanda tək buraxmayaq, sona qədər onları dəstəkləyək. İnanıram ki, bu gün yeni tarix yazılacaq. Əvvəllər bir az tərəddüdlə yanaşırdımsa, indi çox rahatam. Hətta Qurbanla danışa bilsəydim, deyərdim ki, oyuna gəlmə, qrupdan çıxmısan. Bu dərəcədə arxayınam.

– “Frayburq”da əksər aparıcı oyunçulara istirahət verilməsi gözlənilir. Əvəzedici komanda təhlükə mənbəyi olmayacaq?

– Yəqin ki, bunu özlərini göstərmək tərəfindən deyirsiniz. Onlar özlərini göstərə bilsəydilər, indiyə qədər əsas heyət üzvünə çevrilərdilər, ehtiyatda qalmazdılar. Deməli, yaxşı deyillər ki, ilk “11-liy”ə düşmürlər. Həmin oyunçularla aparıcı futbolçular arasında fərq ölçüyə gəlməyəcək qədər böyükdür.

– Bildirdiniz ki, “Qarabağ”ın heyətində komandanı növbəti mərhələyə daşıyacaq oyunçu sayı azdır. Belə çıxır ki, komandada əsas işi baş məşqçi görür. Sizcə, bu gün də əsas diqqətlər Qurban Qurbanovda olacaq?

– İstənilən komandada uğurun da, uğursuzluğun da sahibi baş məşqçidir. Deyə bilərlər ki, meydançada oynayan baş məşqçi deyil. Elə oyunlar olur ki, baş məşqçilərin dueli ilə yadda qalır. Çünki baş məşqçi bir gedişi ilə oyunu tamam çevirə bilər. Məsələn, “Barselona”nın artıq bəlli sistemi var. Rəqib də həmin sistemə uyğun oyun qurur. Ancaq bu gün Avropa “xamilyon” sistemdə oynayır. Çünki matç ərzində tez-tez sistem dəyişir, rəqibi çaşdırırlar. Çempionatımızda 8 iştirakçı olanda bəzən eyni komandalar mövsümdə 6 dəfə üz-üzə gəlirdilər. Normalda 2 dəfə qarşılaşmalısan və bunun birində hansısa gedişlə rəqibi aldada bilərsən. Daha 6 dəfə yox. 6 dəfə aldatmaq o deməkdir ki, məni rahat “oxuyursan”, içimi görürsən. O ki qaldı bugünkü matçda diqqətlərin Qurban Qurbanovda olmasına, hansısa mütəxəssisin, futbol adamının, AFFA rəsmisinin ona söz deməyə ixtiyarı yoxdur. Çünki Qurban Qurbanovun Azərbaycan futboluna qazandırdıqlarının heç 10 faizini digələri etməyiblər. Təkcə Qurban yox, “Qarabağ”ın rəhbərliyi də Azərbaycan futbolu üçün böyük işlər görüb. Çünki onlar Qurbana hər cür şərait yaratdılar, vaxt verdilər. Halbuki Azərbaycanın digər komandalarında 6 ay nəticə vermədinsə, baş məşqçi postundan getməlisən. “Qarabağ” rəhbərliyinin yüksək səviyyəli idarəçiliyi və baş məşqçinin uğuru qısa müddətdə görülən işin bəhrəsi deyil.

AĞA

Shares: