Hər şey buna doğru gedirdi. “Olimpiakos”la səfər, “Nant”la ev oyunları “Qarabağ”ın bumövsümkü çıxışının piki idi. Növbəti qələbə Ağdam klubunun maksimumu olmalıydı. Lakin təmsilçimiz yunanlara Bakıda qalib gələ bilməyəndə gələcək aqibətini müəyyən etmişdi.
Avropa Liqasının pley-offu Azərbaycan futbolu üçün xəyalların reallaşması ola bilərdi. Qrupdakı rəqibləri, “Qarabağ”ın imkanlarını nəzərə alsaq, bu vəsiqəni təmin etmək möcüzə sayılacaqdı. Təəssüf ki, çempionumuz yaxın olduğu hədəfin astanasından döndü. Fransada buraxılan son dəqiqə qolunun davamı dünən gəldi və daha öncə təmin edilən Konfrans Liqasının pley-offu ilə kifayətləndik.
Tənqid etmək asandı, amma reallıqlar var. Asan olmayan qrupda qazanılan indiki nəticə də pis deyil. Ev oyunlarında uduzmadan qazanılan 5 xal, “Olimpiakos” kimi adlı-sanlı rəqibin səfərdə darmadağın edilməsi sıradan hadisə deyildi. “Qarabağ” yalnız Almaniya və Fransa kimi futbol ölkələrinin təmsilçisinə səfər matçlarında, özü də mnimal hesabla uduzdu. Bütün səfər matçlarında qol vurduğumuzu, heç bir komandaya hər iki matçda uduzmadığımızı da unutmamalıyıq.
Konkret dünənki oyundan danışsaq, Bundesliqanın liderlərindən birinə qarşı nümayiş etdirilən futbola görə məmnun qalmalıyıq. “Qarabağ”ın aşkar üstün futbol sərgilədiyi matçda azlıqda qala-qala “Frayburq”a qol vurması yalnız alqışa layiqdi. Hakim qərarlarının əsəbləri tarıma çəkdiyi bir matçda son saniyəyədək ümid saxlamaq, şansının arxasınca top qovmaq sevindirici məqam idi.
“Qarabağ”ın dünənki məğlubiyyətində mərkəz müdafiəçilərimiz birbaşa rol oynadı. Bəhlul Mustafazadə penaltiyə səbəbkar olmaqla ilk zərbəni vurdusa, Kevin Medina qırmızı vərəqə alıb komandanı çətin vəziyyətə saldı. Məhz ustalıq səviyyəsinin yetərli olmaması bu aqibəti labüd etdi. Ötən oyunda Şahruddin Məhəmmədəliyev, bu dəfə Bəhlulla Kevin – “Qarabağ” komanda oyununa görə deyil, fərdi səhvlər üzündən hədəfindən uzaqlaşdı.
Heyət zatən yetərsiz ikən Qara Qarayev, Filip Ozobiç və Leandro Andradenin bu matçadək sıradan çıxması Qurban Qurbanovun manevr imkanlarını azaltmışdı. Üstəlik, Bədavi Hüseynovun zədələnməsi, Maksim Medvedevin özünə tam gəlməməsi müdafiədə problem yaratmışdı. Hələ Fransadakı oyun Medinanın zədədən sonra fiziki cəhətdən özünə gəlmədiyini göstərmişdi, dünən isə bunun fəsadını yaşadıq. Kevin məhz oyun praktikasının yetərsizliyi üzündən o səhvi etdi, gücü çatmadığı yerdə çatışmazlığını aqressiyası, aşırı istəyi ilə sığortalamağa çalışarkən səhvə yol verdi.
Həm Bəhlulun, həm Kevinin epizodunda Avropa futbolu ilə ayaqlaşa bilməməyimizin qüsuru üzə çıxdı. “Şamaxı”, “Sumqayıt” kimi komandaların olduğu rəqabətsiz Azərbaycan çempionatının təmsilçisi olması “Qarabağ”a mane oldu. Avropa futbolundakı sürət tam fərqlidi və “Frayburq”la oyunda bu çatışmazlıq üzə çıxdı. Yarış həlledici mərhələyə çatanda ağdamlıların bu baxımdan çatdırmadığı mərkəz müdafiəçilərinin ifasında üzə çıxdı.
Bununla belə, “Qarabağ” oyunu ilə utandırmadı. İlk qola kimi rəqibi aşkar üstələyən ağdamlılar, meydanda istədiyini edirdi. Meydanda azlıqda qaldıqdan sonra isə mübarizə aparmaq çox çətin idi. Sayılmayan qolumuz, təyin edilən, daha sonra ləğv olunan penalti epizodunda hakim haqlı idi, amma bəlkə də daha diqqətli olub epizodların əvvəlinə baxıla bilərdi. Lakin dünənki nəticə burbaşa yuxarıda qeyd etdiyimiz məqamlara bağlı idi, ölkədaxili yarışlarda rəqabət görmyən “Qarabağ” əsl Avropa futbolunun sürətinə tab gətirmədi, mərkəz müdafiəçilərimiz imtahandan kəsildi.
Qurban Qurbanov rəqibi düzgün analiz etmiş, ən ideal oyun tərzin seçmişdi. Düzdü, fərdi səhvlər müsbət sonluğa imkan vermədi, amma bəlkə də son dəqiqələrdə daha çox risk etməyə dəyərdi. Əvəzetmələr daha tez edilsəydi, bəlkə qələbə hesabını təmin etməyə fürsət olardı. Hesabın bərabərləşdiyi anda məhsuldar ötürməni oyuna sonradan girən futbolçunun etdiyini nəzərə alsaq, yeni qüvvə komandanın təravətini artırdı. Hətta son saniyələrdə qələbə qolunu vurmaq üçün real şansımız da oldu. Düzdü, dördlü əvəzetmədən sonra “Qarabağ” daha riskli oynadığından, rəqib də bir neçə şans qazandı, növbəti qolları buraxa bilərdik.
İstənilən halda, 10 nəfərlə məğlubiyyətdən qaçmaq uğur sayılmalıdı. İmic, reytinq xalları və maliyyə baxımından yaxşı nəticədi. “Olimpiakos”un evdə “Nant”a yenilməsi qrupun formalaşmasında bizim üçün mənfi rol oynasa da, Konfrans Liqasında yola davam etmək təsəllimizdi. “Qarabağ” ən azı keçənilki nəticəsini təkrarladı, geri addım atmadı. Yazda daha bir mərhələ keçməklə indiki məyusluğu unutdurmaq da olar.
Soyuq başla avrokubok mərhələsinin payız bölümünü dəyərləndirsək, “Qarabağ”ı yalnız alqışlamaq olar. Azərbaycan futbolunun yükünü təkbaşına daşıyan, onun siması olan Ağdam təmsilçisi ən yaxşı sözlərə layiqdi. Qurbanovun yetirmələri hədəfləri o qədər böyüdüb ki, Konfrans Liqasında pley-offu bəyənməyəcək səviyyəyə gəlmişik. Digər klubları ilk mərhələlərdə uduzan ölkənin təmsilçisinin buralara gəlməsi özü möcüzə sayılmalıdı.
Bakıda uduzmamaq seriyasının davam etməsi ilə əlamətdar olan şərəfli vidaya görə komandaya alqış düşür. Görünən problemlərin həlli təkcə “Qarabağ”dan asılı deyil, bu işlər komandanın daha 1-2 transfer etməsiylə düzəlməyəcək, ümumi ölkə futbolunun, çempionatın səviyyəsi, rəqabət artmalıdı. “Qarabağ” bahara çıxsa da, tək güllə bahar olmur.
FƏRİD