Olmadı, “Qarabağ” növbəti dəfə Avropa Liqasında “yaz mövsümü”nə həsrət qaldı. Ağdam klubu 4-cü dəfə bu yarışda şansını son tura saxlasa da, yenə bacarmadı.

Halbuki bu dəfə şansımız daha yüksək idi. Amma “Nant”la səfər matçında son saniyələrdə qapımızda gördüyümüz qollar, Bakıda “Frayburq”la matçda hakimlərin çıxardığı hoqqalar və s. Zorla deyil ki, alınmır.

Görünən odur ki, əsas uğurlu start yox, uğurlu sonluqdur. “Nant” son 2 oyunda özünə lazım olan nəticəni əldə etdi və Avropa Liqasında pley-offa vəsiqəni qazandı. Halbuki, hər şey “Qarabağ”ın əlində idi. Bakıda bizim üçün münasib heyətlə oynayan “Frayburq”u məğlub etmək lazım idi.

Bəli, Qurban Qurbanovun komandasının, ümumiyyətlə, bütün təmsilçilərimizin Almaniya klublarına qarşı sindromu var. Bugünə qədər “Qarabağ” Dortmund “Borussiya”sına da, “Ayntraxt”a da qarşı keçirdiyi oyunlarda uduzub. Elə “Frayburq”la səfər oyununda da uğursuzluqla üzləşmişdik. Səfərdə komandanın yaxşı oynaması və ya hakimin aşkar penaltini verməməsi öz yerində, fakt odur ki, “köhlən atlar” bu rəqibinə məğlub olmuşdu. Yenə də sindrom qeydə alına bilərdi. Rəqibin hansı heyətlə oynamasından asılı olmayaraq, “Domokl qılıncı” hələ də “Qarabağ”ın başı üzərində idi. İlk dəfə Almaniya klubundan xal aldıq, amma nə faydası?

Bəs, Qurbanovun döyüşə atdığı heyət və komandaya aşıladığı oyun tərzi faydalı ola bilərdimi? Əslində, ehtimallarımızda yanılmamışdıq, zatən bəlli heyət potensialı var. Yalnız müdafiənin solunda Toral Bayramovun meydana çıxacağını gözləyirdik. Amma görünür, Qurbanov “Frayburq”la səfər oyununda Toralın etdiyi səhvlərə görə seçimi Elvin Cəfərquliyev üzərində etdi. Halbuki, Toral  “Nant”la səfər matçında start heyətində meydana çıxmış və demək olar ki, səhvsiz oynamışdı. Hətta deyərdik ki, 88-ci dəqiqədə Toralı əvəzləyən Elvinin cinahında fəallıq göstərən Qanaqo qol vurmuşdu.

Bədavi Hüseynovun zədədən əziyyət çəkməsinə görə start heyətdə görünən Kevin Medina “Nant”la oyunda fransızların vurduğu ikinci qolda günahkar idisə, bu dəfə qırmızı vərəqə alaraq “Qarabağ”ı çətin vəziyyətə saldı. Hərçənd meydandan kənarlaşdırılana qədər kolumbiyalı futbolçu xoş təsir bağışlamışdı, bir epizodda kritik müdaxilə ilə “Qarabağ”ı 100 faizlik qoldan xilas etmişdi. Qırmızı vərəqə aldığı epizodu isə sırf ehtiyatsızlıq kimi qələbə vermək olar. Halbuki Kevinə qədər əsl hoqqa ilə Bəhlul Mustafazadə yadda qaldı. Onun qapımıza təyin olunan penaltiyə səbəb olması həqiqətən də kobud səhv kimi qələmə verilməlidir.

Mustafazadə ehtiyatsızlıqdan belə bir səhvə yol versə də, onu bu çətin vəziyyətə salanlar da günahkar sayılmalıdır. Çünki ilk dəqiqələrdən rəqibi qapısına doğru sıxışdıran və sevimli silahı olan pressinqdən yararlananraq qol vəziyyətləri yaradandan sonra komandada qəfil əyləci basmaq “həvəsi” üzə çıxdı. Məhz bundan sonra “Frayburq” müdafiəmizin arxasına ötürmələrlə həmlələr etməyə başladı. Bir epizodda Medina komandanı xilas etsə də, ikincidə Bəhlul bunu bacarmadı.

Əslində, Mustafazadə sonrakı dəqiqələrdə “Qarabağ”ı xilas edə bilərdi. Bir epizodda asmanı tamamlaya, digərində “halva”nı “qaşıqlaya” bilmədi. Halbuki, orada topu ayaqla boş qapıdan keçirməmək günah olardı.

Filip Ozobiçlə Qara Qarayevin zədə səbəbindən meydana çıxmayacağı bilindiyindən onun yerinə Riçard Almayedayla Marko Yankoviçin döyüşə atılacağını proqnozlaşdırmışdıq. Belədə Qurbanov Kadini onların önünə çəkib Ramil Şeydayevi sağ cinaha təhkim etməli idi. Yenə də Zubir solda, Kvabena da hücumun sivri ucunda. Adlarını çəkdiyimiz oyunçular konkret işinin öhdəsindən gələ bildimi? Əslində, pressinq planında hamısı mükəmməl oynadı. Almaniyadakı oyunda olduğu kimi, burada da “Qarabağ” mərkəzdə topu “Frayburq”un əlindən aldı. İstər dağıdıcı yarımmüdafiəçilər, istərsə də qurucu və tamamlayıcı oyunçular rəqibə göz açmağa imkan vermədi. “Frayburq”un gücü ancaq müdafiənin arxasına atdığı topara çatırdı. Elə bəzən topa da çatdırırdılar. Bunların birində penalti qazandılar, birində də Medinanı qovdurdular. Amma topu “Qarabağ”dan alıb özlərində saxlaya bilmədilər.

Nə olsun? Komandanın yaradıcılqla bağlı ciddi problemi var. Topu ala bilirik, amma rəqib qapananda düşünülmüş ötürmələr və arakəsmələr görə bilmirik. Bəzən “Qarabağ”ın oyunçuları ötürmə xatirinə ötürmə edir. Lazımi və qiymətli ötürmə olanda da Kvabena əlinə düşən imkanları korlayır. Doğrudur, Ovusu yenə də kritik məqamda “Qarabağ”ın qolunu vurdu. Amma ona qədər nə qədər epizod korladı. Əslində, İbrahima Vadji də bu tip oyunçu idi. Amma seneqallı Kvabenadan bir qədər zəkalı idi. Ovusuda qətiyyən düşünmək qabiliyyəti yoxdur. “Frayburq”la oyunda da yenə səliqəsizliyi ilə yadda qaldı.

Taktiki planda savadlı oyunun fonunda icraçıların və tamamlayıcıların səriştəsizliyi sonda bütün əziyyəti yerə vurur. Belə hücumçu ilə “Qarabağ”ın Avropa Liqasının 1/16 finalında uğur qazanması inandırıcı görünmürdü. Bəli, Çempionlar Liqasında “Viktoriya Plzen”ə məğlub olmaqla böyük pulları əldən qaçıran “Qarabağ”, Avropa Liqasında da xeyli paradan məhrum oldu. Nə qədər həvəskar bir yanaşma tərzi olsa da, qeyd etməliyik: belə düşüncə tərzi ilə komandanın yeri Konfrans Liqasıdır. Çünki orada dişimizə uyğun rəqiblər var. Haradadır “Viktoriya Plzen”? Getdi işinin arxasınca. Amma “Qarabağ” davam edir. Böyük ehtimalla “Nant” da işinin arxasınca gedəcək və “Qarabağ” yenə mübarizəyə davam edəcək.

ABBAS

Shares: