Bu gün Heydər Əliyev adına idman sarayında Bakı təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi baş tutub.

Futbolinfo.az xəbər verir ki, mərasimin əvvəlində 2022-ci ildə Azərbaycanın cüdo üzrə əldə etdiyi nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş olunub.

Videoda qeyd edilən il ərzində idmançılarımızın iştirak etdiyi turnirlər, medal verilmə mərasimləri və sevinc dolu anları əks olunmuşdu.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov ölkəyə səfər edən idmançıları və heyətləri salamlayıb və bildirib ki, cüdo Azərbaycanda ən sevilən idman növlərindən biridir: “Cüdo idman növü ölkədə populyardır. Azərbaycan böyük beynəlxalq turnirlərə dəfələrlə ev sahibliyi edib. Ölkədə cüdo üzrə Dünya çempionatı keçirilib, ənənəvi olaraq hər il Bakı Böyük Dəbilqə turniri təşkil olunur. Bizim Olimpiya və Avropa çempionlarımız var. Bu da o deməkdir ki, cənab prezident İlham Əliyevin qayğısı nəticəsində cüdo Azərbaycanda sürətlə inkişaf edir”.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Rövşən Rüstəmov turnir iştirakçılarını salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib. O, bildirib ki, bu il Azərbaycanda cüdonun 50 illik yubileyi qeyd olunur və bu səbəblə Böyük Dəbilqə turnirinə ev sahibliyi etmək xüsusi əhəmiyyət kəsb edir: “Bu illər ərzində idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər turnirlərdə çoxsaylı medallar qazanıb və ölkəmizin bayrağını daim yüksək tutmaq üçün əllərindən gələni ediblər. Fəxrlə deyə bilərik ki, bu illər ərzində dövlətimizin başçısı, Zati-aliləri Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan cüdo üzrə idman növü üzrə qabaqcıl ölkələrdən birinə çevrilib.”

Avropa Cüdo Birliyinin prezidenti Laszlo Tot BCF-in prezidenti adından bütün iştirakçıları salamlayıb və tədbirin təşkilində göstərdiyi səylərə görə ACF-ə minnətdarlığını bildirib. O, həmçinin turnirin yüksək səviyyədə keçəcəyini əminliyi vurğulayıb. Laszlo Toth 50 illik münasibəti ilə ACF-i təbrik edib.

Daha sonra Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının (BCF) himnləri səsləndirilib.

Açılış mərasiminin sonunda Azərbaycanda Cüdonun 50 illiyinə həsr olunmuş rəqs nümayiş etdirilib.

Shares: