Ötən il “Neftçi” Azərbaycan tarixində ilkə imza ataraq eyni mövsümdə 3 fərqli liqada mübarizə apardı. Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün qalibi mübarizəyə Çempionlar Liqasında başladı və Tiflis “Dinamo”sunu ilk mərhələdə mübarizədən kənarlaşdırmağı bacardı. Növbəti mərhələdə “ağ-qaralar” “Olimpiakos”a məğlub olaraq Avropa Liqasına vəsiqə qazandı. Orada Samir Abasovun komandası Finlandiya HİK-i ilə bacarmadı. Nəticədə “Neftçi”nin ümidi Konfrans Liqasına qaldı. Burada da Hayfa “Makkabi”sinə uduzan Bakı klubu qrup mərhələsinə vəsiqə qazanmaq şansını itirdi.

“Qarabağ” da bu mövsüm hər 3 liqada oynamaq imkanı qazandı. Amma daha fərqli ssenari ilə və daha uzun yolla. Hərçənd, Qurban Qurbanovun komandası istər Çempionlar Liqası, istərsə də Avropa Liqasında layiqli mübarizə apararaq, hətta rəqiblərindən üstün olduğu halda, mübarizəni dayandırdı.

Çempionlar Liqasında “Qarabağ” pley-off mərhələsinə qədər irəlilədi və Şahruddin Məhəmmədəliyevin səhvi nəticəsində “Viktoriya Plzen”i qrup mərhələsinə yola saldı. Avropa Liqasınının qrupunda da son iki oyunda bəxtsizlik nəticəsində komandamız uğursuzluiqla üzləşdi. “Nant”la səfər oyununda yenə Şahruddin və son saniyələrdə diqqətsizlik, Bakıda “Frayburq”la oyunda hakim hoqqaları və müdafiədəki anarxiya komandanı Konfrans Liqasına yuvarladı. Hələ Pireydə də “Nant”a uduzan “Olimpiakos” mərdimazarlıq etdi.

İndi “köhlən atlar” Konfrans Liqasının 1/16 finalında daha münasib rəqiblərlə qarşılaşmaq şansı əldə edəcək. Hərçənd ÇL-də olduğu kimi, AL-də də Bakıya “Barselona” və “Yuventus” kimi komandaları gətirmək olardı. Amma bir yandan da Tanrı üzümüzə baxır ki, Avropada daha uzağa getmək şansımız yaranır. Məlum məsələ idi ki, Avropa Liqasının qrupunda ikinci yeri tutacağımız halda, Bakıya ÇL-dən qovulan “əjdahalar” gələcəkdi. Amma Konfrans Liqasının qrupunda 2-ci yeri tutan komandalarla oynamaq mümkündür.

Ən azı fevrala qədər ümidlə yaşayacağıq. Lakin bazar ertəsi konkret rəqibimizin adına aydınlıq gələcək. “Qarabağ” Konfrans Liqasının 1/16 finalında kimlərlə qarşılaşsa, daha yaxşı olar?

Beləliklə, noyabrın 7-də keçiriləcək püşkatmada “Fiorentina”, “Anderlext”, “Lex”, “Partizan”, “Dnepr-1”, “Gent”, “Bazel” və ÇFR “Qarabağ”a rəqib ola bilər. Təbii ki, ad olaraq, bu rəqiblərə yuxarıdan aşağı baxmaq olmaz. Amma  təcrübəsinə və gücünə görə “Qarabağ” onlardan üstündür ki, zəif deyil. Əlbəttə, təcrübə mənasında bu komandalar arasında elələri var, “Qarabağ” onların yaxınlığında belə qərarlaşa bilməz. Ən azı onların oynadlıqları çempionatla “Qarabağ”ın çıxış etdiyi Premyer Liqa müqayisəyə gəlməz. Amma güc baxımından bu klubların çoxu “Qarabağ”la ayaqlaşmaz.

Təbii ki, “Qarabağ” üçün rəqib seçməli olsaq, düşünmədən “Dnepr-1”in adını çəkərik. Hər halda, bu, 2014/15 mövsümündə qarşılaşdığımız və sonda Avropa Liqasının finalına çıxan “Dnepr”in heç kölgəsi də deyil. Sonradan müflisləşən və sələfinin hüquqi adından imtina edərək adının yanına “1” rəqəmi təhkim olunan komanda hazırda Ukraynanın başının dərddə olmasına görə qaçqınlıq həyatı yaşayır. Heyətdə də  ukraynalı oyunçuların sayı daha çoxdur. “Şaxtyor”un sabiq futbolçusu Aleksandr Kuçerin çalışdırdığı komanda Konfrans Liqasında sırf səfərdə “Apollon” və “Vaduts” kimi komandaları məğlub etdiyinə görə 2-ci yeri tutdu. Təbii ki, bu komanda qrup qalibi olan “Alkmaar”la bacara bilməzdi və hər iki oyunda uduzdular.

“Qarabağ” üçün daha bir münasib rəqib “ÇFR Kluj” olardı. Rumıniya futbolunun əfsanələrindən olan Dan Petreskunun çalışdırdığı komanda sadəcə, mübarizliyi ilə diqqət çəkir. Bu komandanın əsas özəlliyi müdafiədə inamlı oyundur, qrupda “Sivasspor”, “Slaviya Praqa” və “Balkani” komandalarına qarşı evdə keçirdiyi oyunlarda cəmi 1 qol buraxıb. Hər halda, “Slaviya” kimi komandaları qrupda qoyub bura yüksəliblər. “Qarabağ” hücumda kəsərli ola bilsə, ÇFR-i mübarizədən kənarlaşdıracaq.

Belə məqamda bizə tanış olan “Lex”lə də qarşılaşmaq pis olmazdı. Amma bu, Bakıda 5:1 hesabıyla məğlub etdiyimiz “Lex” deyil. Hələ nəzərə alaq ki, “Qarabağ” daha pis vəziyyətdə olan poznanlılara səfərdə məğlub olmuşdu. Amma bu komanda Konfrans Liqasında səfərdə “Vilyarreal”a ciddi müqavimət göstərib 3:4 hesabıyla məğlub olmuşdusa, son turda İspaniya təmsilçisi Polşada 3:0 hesabı ilə darmadağın oldu. Con Van den Bromun komandasından ehtiyar etməyə dəyər. Amma “Qarabağ”ın Polşa klublarına qarşı uğurlu seriyası yenə də nikbinliyə əsas verir.

Bu mənada “Partizan”dan da qorxmağa dəyməz. Bəli, ötən mövsümə qədər “Qarabağ”da oynayan Patrik Andradenin çıxış etdiyi Belqrad təmsilçisini nəzərdə tuturuq. Amma bu komandanın qrupda keçirdiyi oyunlara baxsaq, bir qədər ehtiyatlanmağa əsas var. Necə də olmasa, Qordan Petriçin çalışdırdığı komanda bundesliqa təmsilçisi “Köln”ü qrupda qoydu, “Nitsa”ya hər iki oyunda dirəşdi.  Hazırda Serbiya çempionatında lider “Srvena Zvezda”dan 7 xal geridə olmasına baxmayaraq, bu komanda çox yaxşı formadadır. Amma fevrala qədər nə olar – onu bilmirik.

Sona saxladığımız təhlükəli komandalardan ikisi Belçikanı təmsil edir – “Anderlext” və “Gent”. Hazırda daxili çempionatında işləri qaydasında getməyən bu iki klub keçmiş günlərindən uzaqdadır. Təsadüfi deyil ki, “Anderlext” A qrupunu “Vest Hem”dən 10 xal geridə başa vurdu. Brüssel bölgəsinin komandası evdə hətta qrupun autsayderi olan “Styaua”nı belə məğlub edə bilməyib. Bu klubun əsas üstünlüyü səfərdə inamlı oyunudur. Təsadüfi deyil ki, “Anderlext” Konfrans Liqasının qrup mərhələsində səfərdə yalnız “Vest Hem”dən iki top buraxıb.

“Anderlext”in “Vest Hem”dən geri düşdüyünü anlamaq olar. “Gent” isə İsveçi təmsil edən “Yurqorden”dən 8 xal geridə qalıb. Özü də bu komandaya hər iki oyunda məğlub olublar. Sadəcə, hazırda enişdə olan “Mölde” və İrlandiya təmsilçi “Şemrok Rovers”i üstələyiblər. Amma adları üstündədir: Belçikanı təmsil edirlər.

Daha bir təhlükəli rəqib kimi “Bazel”in adını çəkmək olar. Amma ötən mövsüm Konfrans Liqasında “Qarabağ”ı üstələyərək qrup lideri olan bu komanda xeyli zəifləyib. “Slovan Bratislava” ilə eyni xal toplayaraq şəxsi görüşlərdə ikinci pilləyə düşən isveçrəlilər ölkə çempionatında da imkanlarından aşağı səviyyədə çıxış edir. Adətən çempionluq uğrunda mübarizə aparan “Bazel” 6-cı yerdə qərarlaşıb və lider “Yanq Boyz”dan 14 xal geridədir. “Qarabağ” isə son İsveçrə çempionu “Sürix”i mübarizədən kənarlaşdıran komandadır.

Nəhayət, heç qarşıaşmaq istəmədiyimiz “Fiorentina”. 2016/17 mövsümündə qrupda “Qarabağ”ın hər iki oyunda məğlub olduğu komanda hazırda yaxşı günlərindən uzaqda olsa da, A Seriyasının ən köklü klublarından biri sayılır. “Başakşəhər”lə eyni qrupda mübarizə aparan Vinçentso İtalianonun komandası bu rəqibi ilə birgə 13 xal toplasa da, şəxsi oyunlara görə liderliyi əldən verdi. Hazırda bu komanda A Seriyasında 13-cü yerdədir. 13 xal, 13-cü yer. Belə nəhs komanda ilə düşməsək, yaxşıdır…

İstənilən halda, “Qarabağ” bu komandaları mübarizədən kənarlaşdırmaq gücündədir. Amma indiki məqamda püşkün nəticəsini, daha sonra isə fevralı gözləmək lazımdır. Uğurlar, “köhlən atlar”!

ABBAS

Shares: