“Sabah”ın qapıçısı Yusif İmanov Azərbaycan çempionatında 10-cu quru oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, gənc qolkiperin yubileyi Misli Premyer Liqasının XIII turunun “Səbail”lə görüşünə təsadüf edib – 2:0.

Yusif mövsümdəki 13-cü matçında 7-ci dəfə qapısını toxunulmaz saxlayıb. Premyer Liqada ötən çempionat debüt edən İmanov 7 görüşdən üçündə qol buraxmayıb.

O, 20 yaş 40 günlüyündə quru oyunların sayını 10-a çatdırıb. Yusif XXI əsrdə Azərbaycan çempionatlarında 10 matçda qol buraxmayan ən gənc qapıçıdır.

Bu, ümumilikdə yarışın 30 illik tarixində 7-ci nəticədir. Yalnız 6 qapıçı “10”a daha gənc yaşında çatıb ki, bunların hamısı ötən əsrdə qeydə alınıb. Mütləq rekord isə Dmitri Kramarenkoya məxsusdur – 17 yaş 297 günlük.

Shares: