“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Gent”in ləqəbi “camışlar” olsa da, klubun gerbində başqa təsvir var. Amerikada yaşayan hindu simvolu burada təsadüfən əks olunmayıb.
Əsl adı Uilyam Fredrik Kode olan, dünyada “Baffalo Bill” ləqəbi ilə tanınan amerikalı bizon ovçusu və şoumen olan bu şəxs XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinə qədər ovçuluğu, sirk tamaşaları ilə ad çıxarmışdı. Onun Amerikada nümayiş etdirdiyi səhnəciklər Avropada da maraqla qarşılanırdı.
Nəticədə 1891-ci ildən 1906-cı ilə qədər Uilyam Kodinin “Baffalo Bill” şouları Belçikaya da ayaq açır. Bu ölkədə məhz Gent şəhərində hinduların at və vəhşi camışlar üzərində sirk tamaşaları nümayiş etdirilir. Şəhərin sakinlərinin sevimli personajına çevrilən “Baffalo” hətta sevimli idmançılarının belə ləqəbinə çevrilir.
Yeri gəlmişkən, Gent şəhərinin məşhur sprinteri Omar Smet yarış zamanı “Baffalo, Baffalo” şüarları ilə mübarizə aparırdı. Belədə bu sevimli obraz şəhərin futbol komandasının embleminə də çevrildi.
Maraqlıdır ki, 2013-cü ilə qədər hindunun üzü sol tərəfə baxırdısa, həmin tarixdən etibarən onun istiqaməti sağa tərəf çevrildi. Bu da artıq “gələcəyə baxış” mənasını verdi. Elə məhz həmin dəyişiklikdən sonra “Gent” tarixində ilk dəfə Belçika çempionu oldu.