“Qəbələ”nin şimali makedoniyalı yarımmüdafiəçisi İsnik Aliminin futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın 13-cü turunda “Zirə”ni son dəqiqədə vurduğunuz qol sayəsində məğlub etdiniz. Həmin anda Ülvi İsgəndərovdan o cür zərbə gözləyirdiniz?

– Bilirik ki, Ülvi meydanda olduğu zaman hər an qol vura bilən futbolçudur. Bunu keçən mövsüm də göstərdi. Bu mövsüm isə “Səbail”lə matçda da son dəqiqələrdə fərqlənərək komandaya qələbə qazandırmışdı. İndi bunu “Zirə” ilə qarşılaşmada təkrarladı və kritik anda qol vuraraq komandaya qələbə qazandıra bildiyini göstərdi.

– “Zirə”yə qədər keçirdiyiniz son 4 oyunda qələbə qazana bilməmişdiniz. Artıq uğursuzluq zolağından çıxdığınızı demək olar?

– Düzdür, qalib gələ bilmirdik. Amma bunun üçün çox çalışırdıq, məşqlər edirdik. Mən bu periodu uğursuzluq zolağı kimi dəyərləndirməzdim. Futbolda qalib gəlməklə yanaşı, məğlubiyyət də var.

– Yenidən 4-cü pilləyə yüksəldiniz. Sizcə, “Qəbələ”nin potensialı mövsümü neçənci yerdə bitirməyə imkan verir?

– “Qəbələ”nin potensialı çox böyükdür. Nə qədər güclü olduğumuzu tam bilməsək də, bunu bəzən göstəririk, bəzən isə alınmır. Ancaq mən güclü olduğumuzu bilirəm. İnanıram ki, “Qəbələ” indikindən daha yaxşısını edə bilər.

– Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Komandanız bu matça hazırdır?

– Oyuna yüksək səviyyədə hazırlaşırıq. Çox maraqlı görüş olacaq. Birinci dövrədə Qəbələdə keçirilən oyunda məğlub olsaq da (1:2), yaxşı çıxış etmişdik. Bol qollu, gözəl mübarizəyə ümid edirik. Təbii ki, bizim qələbə qazanmağımız şərti ilə… Çünki bu halda “Neftçi”yə turnir cədvəlində bir qədər də yaxınlaşa bilərik.

– Son vaxtlar “Qəbələ” ətrafında çox söz-söhbətlər yayılır, baş məşqçi Elmar Baxşıyevin istefaya göndəriləcəyi iddia olunur. Bütün bunların kollektivə mənfi təsiri olmur?

– Bunu ilk dəfədir ki, sizdən eşidirəm. Düzü, bilmirəm. Biz Qəbələdə sakit şəkildə məşqlərimizi edirik, diqqətimizi hazırlıqlara və oyunlara cəmləyirik. Məqsədimiz hər gün daha yaxşı səviyyəyə yüksəlməkdir.

– Vaxtilə U-19-unda oynadığınız Şimali Makedoniyanın əsas yığması noyabrın 20-də Azərbaycanla yoldaşlıq görüşündə üz-üzə gələcək. Bu oyundan nə gözləyirsiniz?

– Düşünürəm ki, adi yoldaşlıq görüşü olacaq. Ümid edirəm ki, heç bir futbolçu zədələnməz və yaxşı oynayan tərəf qalib gələr.

CAVAD

Shares: