Futbol üzrə Moldova millisi Azərbaycan və Rumıniya yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hazırlığına başlayıb.

Futbolinfo.az xəbər verir ki, ilk məşq 11 futbolçunun iştirakı ilə baş tutub. Digər oyunçular komandaya qarşıdakı günlərdə qoşulacaqlar.

Türkiyənin “Boluspor” klubunda çıxış edən Vyaçeslav Posmak isə qarşıdakı matçlarda iştirak edə bilməyəcək. Bolu təmsilçisi futbolçunu yığmanın düşərgəsinə buraxmayıb. Onun əvəzinə komandaya “Belts”in üzvü Serafim Kojokar dəvət alıb.

Moldova millisinin baş məşqçisi Sergey Kleşenko qarşıdakı oyunlara hazırlıqla bağlı yerli federasiyanın rəsmi saytına açıqlama verib. O, Azərbaycan yığmasını yaxşı təhlil etdiklərini söyləyib:

“InStat şirkətindəki tərəfdaşlarımızdan da məlumat alaraq, rəqibi kifayət qədər yaxşı təhlil etmişik. Azərbaycan yığmasının heyətindəki futbolçuların çoxu hazırda Avropa Liqasında uğurla çıxış edən “Qarabağ”ın üzvləridir. Üstəlik, onların legionerlərini də tanıyırıq. Prinsipcə, məşqçilər korpusu Azərbaycanla oyuna hazırdır və indi bizim vəzifəmiz bu məlumatı futbolçulara çatdırmaqdır”.

Baş məşqçi Posmakın qarşıdakı oyunlara buraxılmamasına da münasibət bildirib: “Bəxtimiz gətirdi ki, yalnız Posmak öz klubunun qərarı ilə yığmanın düşərgəsinə qoşulmayacaq. Digər futbolçular isə noyabrın 15-dək bizimlə olacaq”.

Noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək Moldova – Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Shares: