“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 14-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Neftçi” iddialı komandadır. Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm. Bu tempdə davam etsək, daha da yaxşı olacağıq. Futbol səhvlər üzərində qurulub. Qol buraxırıqsa, burada tək Ruan Renatonun günahı yoxdur. Hər şey qaydasındadır. Sadəcə, ötən mövsüm uğurlu seriyamız olduğu üçün oyunu ön plana çıxırdı. Ona güvənirəm”.

O, “Qəbələ”ni “Şamaxı” ilə müqayisə etmək istəmədiyini söyləyib: “Onların öz məqsədi var. Yerli futbolçuları inkişaf etdirməklə məşğuldurlar. Bizdə də gənc oyunçular var. Amma komandanı yerli və əcnəbiyə bölmürük. Kim xeyir verirsə, ona güvənirik. Bu gün Felipe Santos, Murad Musayev və Rafael Utziqin də epizodları oldu. Tək Haniyə görə uduzmadıq. Axsadığımız nöqtələr var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.

Baş məşqçi Səlahət Ağayevin ikinci qolda buraxdığı səhvə də toxunub: “Onun səviyyəsi hamıya məlumdur. Bir səhvə görə kimisə qınamaq olmaz. Yaxşı qapıçıdır, komandanın liderlərindən biridir. Ələ düşən imkanları dəyərlənirməyəndə qapınızda belə qollar görəcəksiniz”.

Baxşıyev komandasının hər oyunda ən azı 7-8 epizoda girdiyini xatırladıb: “Oyunçular tapşırıqları yerinə yetirir. Futbolçularımdan razıyam. İnanıram ki, özlərini yenidən sübut edəcəklər. Hər oyun ağırdır. Bütün rəqiblərə qarşı maksimum köklənmə ilə oynayırıq”.

Shares: