“Neftçi”nin baş məşçqisi Laurentsiu Regekampf Premyer Liqanın 14-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Həm azarkeşlər, həm də tamaşaçılar üçün yaxşı oyun alındı. Hər iki tərəf qol epizodları yaradırdı. Qonaqlar aqressiv və kobud oynadılar. Amma sarı vərəqələri ancaq bizim komandanın üzvləri alırdı. “Qəbələ”nin 2-3 qol şansı oldu. Rəqibə çox imkan verirdik. Halbuki oyunu daha tez bağlamalı idik”.

O, “Sumqayıt”la oyundakı heç-heçənin təsadüfi olduğunu söyləyib: “Üzülürük, çünki 2 vacib xal itirdik. Hər oyuna qələbə üçün çıxırıq. Zədəlilərimiz var. Bu gün Kenni Sayefi də itirdik. Mamadu Mbodjun durumu bəlli deyil. Eddi İsrafilovla Azər Əliyevin bizimlə olacaqları də dəqiq bilinmir. Qışadək maksimum xallar qazanmağa çalışacağıq. Qışda yeni transferlər olacaq. Fasilədən sonra daha yaxşı oynayacağımı deyə bilərəm”.

47 yaşlı baş məşqçi məyusluğunun yaxaladıqları şansları qola çevirə bilməməklə əlaqələndirib: “Daxilən sevincliyəm. Oyunda bəzi məqamlar var ki, onlar olmamalıdır. Öz epizodlarımız zamanı bəzən düzgün qərar vermirik. Bu da beynimdə müəyyən suallar yaradır”.

Regekampf Qodsvey Donyonun çıxışına da toxunub: “Hazırda əlimizdə olan oyunçular bizim üçün qızıla bərabərdir. Onları növbəti matçlara hazırlamalıyıq. Qarşıda çox oyun var. İndi dəyişə biləcəyimiz bir şey yoxdur. Donyo bu gün sonadək döyüşdü. Göstərdiyi əzmkarlıq məndə gələcəyə inam yaratdı”.

Təcrübəli mütəxəssis çempionluq uğrunda sonadək mübarizə aparacaqlarını vurğulayıb: “Məni xal fərqi maraqlandırmır. Öz problemlərimizi həll etməliyik. Hazırda bizim üçün vacib olan amil 2-ci yeri tutmaqdır. “Sabah” – “Qarabağ” görüşü heç-heçə bitsə, yaxşı olar. Amma buna inanmıram. Çünki açıq futbol gedəcək”.

Shares: