“Oyuna hazırlıq tam ciddi şəkildə gedib. Həftə ərzində məşqçilərin verdiyi tapşırıqlar üzərində çalışıb qarşıya qoyulanları yerinə yetiməyə çalışmışıq. Bu tapşırıqların öhdəsindən oyunda da gəlib qələbə qazanmaq istəyirik”.

Futbolinfo.az xəbər verir ki, bu fikirlər “Kəpəz”in qapıçısı Orxan Sadıqlıya məxsusdur.

O, klubun mətbuat xidmətinə açıqlamasında “Turan Tovuz”a qarşı keçirəcəkləri oyun haqqında danışarkən belə deyib. Təcrübəli qolkiper daha sonra sözlərinə belə davam edib: “Qərb derbisinin atmosferi tam fərqlidir. Doğma meydanda azarkeşlərimizin qarşısında oynayacağıq. Revanş almaq üçün meydana çıxacağıq. Ev və fanat amilindən lazımınca istifadə edib qalib gəlmək fikrindəyik”.

Orxan Sadıqlı komandada əhval-ruhiyyənin yaxşı olduğunu, oyuna motivasiya ilə çıxacaqlarını bildirib: “Psixoloji durumumuz yerindədir. Qələbə qazanmaq üçün hər şey öz əlimizdədir. Yenə deyirəm, tapşırıqları düzgün yerinə yetirə bilsək, sevinən tərəf biz olacağıq”.

Qapıçı derbi öncəsi azarkeşlərə də səslənib: “Fanatlarımıza minnətdaram, ev və ya səfər oyunu demədən bizi hər görüşdə tribunadan dəstəkləyirlər. Derbidə də onları stadionda görmək istəyirik. Sona qədər bizə dəstək olsunlar. Əmin olsunlar ki, futbolçular final fitinə kimi layiqli şəkildə mübarizə aparacaqlar”

Shares: