“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 14-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun oldu. Rəqibin əks-hücumlardan oynayacağını gözləyirdik. Ayxan Abbasov uzun illərdir, bu taktikadan istifadə edir. Rəqibi təzyiq altında saxladıq. İmkan vermirdik ki, meydanın özlərinə aid olan hissəsindən çıxsınlar. Amma imkanları var idi. İlk hissədə oyunu bitirə bilərdik. Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım. Bütün 90 dəqiqə hücum edən komanda istər-istəməz müdafiədə boşluq verir. Rəqib də əks-hücumlarda yaxşı çıxış edir. “Turan Tovuz”a oyunlarını diqtə etmək imkanı vermədik. 1 xal hər iki komanda üçün layiqlidir. İstədiyim futbolun çox hissəsini gördüm. Komandanın qarşısına qoyulan hədəfə çatacağıq. Qarşımıza mükafatçı olmaq məqsədi qoyulmayıb. Akademiya oyunçularına üstünlük veririk. Qışda komandaya yeni futbolçular cəlb olunacaq. Əlimizdə olanlardan istifadə edib, nəticə qazanmağa çalışırıq. Oyunu dəyişəcək futbolçulara ehtiyacımız var. 7 turdan sonra 0 xal toplamışdıqsa, deməli, gənclərə üstünlük versək, daha yaxşı olar.
Turnir cədvəli məni narahat etmir. Hər komanda müəyyən dövr uğurlu və uğursuz ola bilər. Öz oyunumuzla qələbələr qazanmağa çalışacağıq. Hər şeyi analiz edirik. Amma “Şamaxı”nın iki qələbə qazanmasında məni qorxudacaq heç nə yoxdur. Qəbələdə “Şamaxı”ya qalib gəlmişik. Mənim üçün ev-səfər anlayışı yoxdur. Komandamın sadəcə qələbə ruhunda oynamasına çalışıram”.