AFFA cərimələnəcək. Rəsmi qərar hələ verilməsə də, qurumun əməkdaşlarının məqsədli, amma yanlış qərarları üzündən 40-50 min avro məbləğində cəza gözlənilir.
Məsələyə AFFA-dan münasibət öyrənməyimizə gərək yoxdu, çünki “müjdə”ni məhz assosiasiyanın baş katibi Sərxan Hacıyev verib. O, ötən həftə 10 klub nümayəndəsinin, eləcə də digər rəsmi şəxslərin qatıldığı Klublar Komitəsinin iclasında bunu bəyan edib.
AFFA-nı cəriməyə məruz qoyan “Sumqayıt” klubudur. “Kimyaçılar”ın rəhbərliyinin inadı, AFFA-dakı bəzi insanları yalanlarıa alət etməsi ölkədən böyük məbləğdə valyutanın çıxması ilə nəticələnəcək. Azərbaycanlı bir məşqçinin haqqı olan 10-15 min manatın arxasına keçmək istəyənlər indi həmin məbləğin iki qatını ödəyəcək, üstəlik, AFFA 40-50 min avro civarında ziyana düşəcək.
Ötən ilin dekabrında “Sumqayıt” məşqçi heyətini istefaya göndərmişdi. Komandanın həmin vaxtdan bəri uğura həsrət qalması bir yana, klubun menecer-prezidenti Riad Rəfiyevin tamahkarlığı başına bəla olub. O, Ayxan Abbasovun köməkçisi Elnur Çodarova təzminat ödəməkdən boyun qaçırmış, müqaviləsinə birtərəfli şəkildə xitam verən məşqçinin maaşını ödəməmişdi.
Çodarov problemi öncə klubla yoluna qoymağa çalışmış, rədd cavabı alınca AFFA-ya üz tutmuşdu. Assosiasiyanın Oyunçuların Statusu və Transferi Komitəsi Elnur bəyin “Sumqayıt”ın müqaviləni birtərəfli şəkildə pozması və məşqçinin dörd aylıq əmək haqqını ödəməməsi barədə şikayətini təmin etmişdi. Amma AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt”ın apellyasiya şikayətini təmin edərək Çodarova təzminat ödənilməsi ilə bağlı qərarı ləğv etmişdi.
Bundan sonra gənc mütəxəssis CAS-a üz tutmağı lazım bilmişdi. Beynəlxalq İdman Arbitraj Məhkəməsi may ayında edilən müraciətə baxaraq yekun qərarı verməli idi.
Onu da qeyd edək ki, AFFA-nın iki komitəsinin bir-birinə zidd qərar çıxarması hamının təəccübünə səbəb olmuşdu. Çodarov həmin vaxt – CAS-a müraciətdən öncə problemin ölkə daxilində həlli üçün son cəhdini etmiş, AFFA-nın baş katibi Sərxan Hacıyevə məktub göndərərək vəziyyəti izah etmişdi: “AFFA-nın Apellyasiya Arbitraj Tribunalının işə baxarkən öz əsasnaməsini pozduğunu da qeyd etmişəm. Həmçinin istədim ki, atacağım addım barədə əvvəldən məlumat verim. Çünki CAS-da cavabdeh qismində yalnız “Sumqayıt” klubu olmayacaq. Şikayət AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarından olduğu üçün federasiya da cavabdeh qismində olacaq”.
Çodarov mayda verdiyi açıqlama ilə AFFA-nın hüquqşünaslarından daha dünyagörüşlü olduğunu göstərmişdi. Onun hələ o vaxt dediyini Hacıyev məhz Klublar Komitəsinin ötən həftə baş tutan iclasında etiraf edib. Sərxan bəy iclasda Rəfiyevə xitabən “sizə görə bizi də 40-50 min avro cərimələyəcəklər”, deyib. Baş katib xaricdəki dostların (yəqin ki, Parisdə əyləşən AFFA vitse-prezidenti Elxan Məmmədovu nəzərdə tutur – red.) da işə qarışdığını, amma kömək edə bilmədiyini, yaxın bir ay ərzində rəsmi qərarın veriləcəyini bildirib. AFFA düzgün qərar çıxarmadığına görə beynəlxalq qurumlara təxminən 40-50 min avro, “Sumqayıt” isə müqavilə şərtlərinə əməl etmədiyinə görə zərərçəkənə borcunun iki mislini, üstəlik, məhkəmə xərclərini ödəyəcək.
Beləliklə, qanunun şah olduğu növbəti dəfə isbatlandı. Bunun əleyhinə getmək istəyənlər, dostluqla, tanışlıqla əzələ nümayiş etdirməyə çalışanlar isə biabır oldu. Rəfiyevin eqosu, AFFA-nın bəzi əməkdaşlarının səriştəsizliyi üzündən böyük bir məbləğ havaya sovrulacaq. Riad bəy yay transfer dövründə qazandıqlarına dəymədən klubun büdcəsinə ziyan vuracaqsa, AFFA SOCAR-dan aldığı maliyyəni beynəlxalq hüququ, idman hüququnu bilməyənlərin üzündən ölkə xaricindəki hesablara köçürəcək.
Bəs, bu səhvin məsuliyyətini kim daşıyacaq? Bəlkə bu cərimə Apellyasiya Arbitraj Tribunalının üzvlərinin, olaydan məlumatlı olan Sərxan Hacıyevin, dostlarına güvənib qərar dəyişdirtdirən Riad Rəfiyevin maaşından tutulsun?
CAVAD