Millimiz bu gün Bakı vaxtilə 17:00-da, Kişinyovda Moldova millisi ilə hazırlıq görüşündə üz-üzə gələcək. Bu, iki komanda arasında 12-ci görüş kimi tarixə düşəcək.
Maraqlıdır ki, millimiz indiyə qədər postsovet məkanı ölkələri arasında ən çox Qazaxıstan yığması ilə qarşılaşıb. Həmin oyunların sayı da 12-ə bərabərdi. Qazaxlarla çox vaxt seçmə mərhələlərdə üz-üzə gəlirik. Amma indiyə qədər moldovanlarla yalnız DÇ-2002-nin seçmə mərhələsində qarşılaşmışıq. Qalan 9 görüş yoldaşlıq oyunu məqsədilə keçirilib. Bir sözlə, AFFA nə vaxt boşluq tapıbsa, moldovanların qapısını döyüb. Ya da əksinə, onlar bizə müraciət edib.
Əslində, eyni gücdə olan komandaların bir-birilə tez-tez qarşılaşması normal haldır. “Eyni güc”dən danışırıq, amma bu rəqibə də diş batıra bilmirik. Təsadüfi deyil ki, millimiz moldovanları 11 görüşün yalnız 2-də məğlub edə bilibsə, 4 dəfə meydanı məğlub tərk edib. Bu komandanı sadəcə, 1998 və 2015-ci illərdə Bakıda məğlub edə bilmişik – 1:0, 2:1. Kişinyovda keçirdiyimiz 5 oyunun 4-də uduzmuşuq. Burada yeganə heç-heçəmiz 2005-ci ilə təsadüf edir ki, həmin görüşdə də hesab açılmayıb.
Ümumiyyətlə, bu komandalar arasında oyunlarda çox az qol vurulur. Təsadüfi deyil ki, bugünə qədər 4 oyunda hesab açılmayıb. Millimiz isə heç vaxt bu rəqibinə 1-dən artıq qol vura bilməyib. Ümumiyyətlə, son iki matçda moldovalıların qapısına yol tapa bilməmişik. Son oyun ötən ilin iyunun 6-da, yenə də Kişinyovda keçirilib və 0:1 hesabı ilə uduzmuşuq.
Amma bu dəfə Moldovanın paytaxtına fərqli ab-hava ilə yollanırıq. Hər halda, Millətlər Liqasında keçirdiyimiz son 3 görüşdə qələbə komandamızda qalib ruhunun formalaşmasına yol açıb. Zarafat deyil, Slovakiya kimi komandanı səfərdə məğlub, Bakıda qrupu lider başa vuran Qazaxıstan millisini darmadağınla məyus etmişik.
Moldova və Şimali Makedoniya milliləri ilə oyunlar üçün cəlb olunan heyətə nəzər salsaq, Canni de Byazinin eksperiment aparmayacağını görərik. Böyük ehtimalla, məşqçi öz postunu qələbələrlə bərkitmək üçün belə oyunlara da yazılmasa belə, 3 xal gözü ilə baxır. Əsas heyəti formalaşdırmaq üçün bu oyunlar onun üçün əla fürsətdir. Amma bu gün de Byazinin beynindəki ideyalardan yox, Moldova millisindən danışmaq istərdik. Rəqib hazırda hansı vəziyyətdədir və hansı oyunçuları başımızı ağrıda bilər?
Millimizlə oyuna Sergey Kleşenko 28 futbolçu dəvət edib. Bu futbolçulardan 19-u legioner həyatı yaşayır. Maraqlıdır ki, çempionatın lideri “Şerif” olsa da, məşqçi heyətə Tiraspol klubundan yalnız qapıçı Dmitri Çelyadniki dəvət edib. Bunun da səbəbi aydındır. Çünki “Şerif” əsasən legioner futbolçulardan təşkil olunub. Çelyadnik Millətlər Liqasında yalnız son 2 matçda meydana çıxıb. Digər oyunlarda yığmanın qapısı Rumıniyanın “Unirya Dej” klubunun “çərçivə” qoruyucusu Dorian Raylyana tapşırılıb.
Ümumiyyətlə, Kleşenko əsasən 3-5-2 taktikasına üstünlük verir. Əsasən, müdafiənin mərkəzində Rumıniyanın “Voluntar” klubundan İqor Armaş, yerli “Milsami”dən Vadim Boloxan və İsrailin “Hapoel Kfar Saba” klubundan Artur Kraçun yer alır. Elə Türkiyənin “Boluspor” klubunun mərkəz müdafiəçisi Vyaçeslav Posmak da müntəzəm olaraq heyətə düşür.
5-li yarımmüdafiə xəttində ən təhlükəli oyunçuları bizə tanış olan Oleq Ryabçukdur. Bəli, “Qarabağ”a qarşı oyunlarda “Olimpiakos”un sol cinah futbolçusunun sürətli reydlərini dəfələrlə izləmişik. Yarımmüdafiənin mərkəzində “Torpedo”nun aparıcı üzvü Mixail Kaymakovdan ehtiyat etmək lazımdır. Dağıdıcılıq funksiyasını İtaliyanın “Piza” klubunda çıxış edən Artur İonitse uğurlu şəkildə yerinə yetirir. Sol cinahda isə yerli “Petrokup” klubunun üzvü Yoan-Kelin Revenko kəskin hücumlar qurması ilə diqqət çəkir. Yeri gəlmişkən, o, Ryabçukla birgə cinah müdafiəçisi kimi də faydalı olur. Məsələ ondadır ki, komanda geriyə çəkilərkən, 5 müdafiəçi sisteminə keçir.
Vaxtilə “Səbail”, “Sabah” və “Keşlə” klublarında çıxış edən, hazırda isə Ermənistanın “Pünik” klubunda top qovan Yevgeni Koçuk millidə “start 11-liy”ində yer almır. Amma onun Azərbaycan futbolunu 5 barmağı kimi bilməsi Kleşenkonun diqqətini cəlb edə bilər. Bu futbolçunun bizə qarşı oyunda meydana çıxması istisna deyil.
Gəlib çıxdıq Moldova millisinin əsas silahlarına. Yarımmüdafiə ilə hücum arasında körpü rolunu oynayan, iti ötürmələri və qapıya qüvvətli zərbələri ilə göz oxşayan “Hapoel Hayfa”nın pleymeykeri Nikita Motspana xüsusi diqqət ayrımaq lazımdır. Bizimlə oyunda meydana çıxsa, onu zərərsizləşdirmək dağıdıcı funksiyanı daşıyan oyunçularımızın əsas vəzifəsi olmalıdır. Elə hücum xəttinin sivri ucunda qərarlaşan iki oyunçudan biri olan Yon Nikolaeskudan da ehtiyat etmək lazımdır. 24 yaşlı futbolçu Millətlər Liqasında komandanın ən məhsuldar oyunçusu olub. Amma o da var ki, onun vurduğu qolların əksəriyyəti penaltilərin hesabınadır. Ümumiyyətlə, moldovalı oyunçular çox texnikalı olduğundan rəqiblər tez-tez onlara qarşı cərimə meydançasında kobudluq edir. Millətlər Liqasında Latviya, Andorra və Lixtenşteyn komandalarının müdafiəçiləri müntəzəm olaraq buna görə cəzalandılar. Bu oyunda da ehtiyatlı olmaq lazımdır.
Millinin digər təhlükəli hücumçusu birvaxtlar Moldova futbolunun gələcəyi hesab olunan Vitalie Damaşkandır. 2018-ci ildə “Torino”ya bəh-bəhlə transfer olunan 23 yaşlı hücumçu A Seriyasında özünü doğrulda bilmədi. Bir müddət Niderlandda “Fortuna Sittard” və “Valveyk” klublarında var-gəl edən Damaşkan indi Rumıniyanın “Voluntar” klubunda “çulunu sudan çıxarır”. Amma millidə özünü elə də göstərə bilmir. İstənilən halda, onu da gözdən kənara qoymaq lazım deyil.
Yunanıstanın “Panserriakos” klubunda çıxış edən Viktor Stıne də hücuma fayda verən oyunçudur. Onun Millətlər Liqasının son oyununda Lixtenşteyn millisinə son saniyələrdə 2 qol vurmasını xatırlamaya bilmərik.
Amma istənilən halda, hazırlıq oyununda rəqib baş məşqçinin hansı oyunçulara şans verəcəyini deyə bilmərik. Ola bilər ki, de Byaziyə indiki məqamda yoldaşlıq görüşlərində də qələbə lazım olsun. Onun Belarus millisini hazırlıq görüşündə səfərdə məğlub edərkən necə sevindiyini yaxşı xatırlayırıq. Adam adicə “saman çöpündən yapışmağı” sevir. Amma onun moldovalı həmkarı fərqli fikirdə ola bilər. Hətta eksperiment kimi bizə qarşı oyunda 3-5-2 taktiki sxemindən imtina etməsi də mümkündü. Necə də olmasa, yoldaşlıq görüşündən danışırıq.
İstənilən halda, millimizdən bu oyunda qələbə gözləməyə haqqımız çatır. Bu rəqiblə oyunlarımız heç düz gəlmir. Yaxı müdafiə olunmağı bacaran moldovanlar əks-hücumlarda təhlükəlidirlər. Etibarlı müdafiə bu oyunda bizim əsas silahımız olmalıdır. Çünki yuxarıda qeyd etdiyimiz kimi, sürətli cinah oyunçuları və topu yerə endirib texnikası ilə rəqibi təəccübləndirən hücumçuları var.
ABBAS