Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan millisi bu gün Moldova, noyabrın 20-də isə Şimali Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək. Bu matçlardan yalnız qələbə gözləməliyik, yoxsa yoxlama matçı olduğu üçün uğursuz nəticəyə göz yummaq olar?

– Hər bir qələbə həm individual, həm də psixoloji cəhətdən vacibdir. Düzdür, yoldaşlıq görüşündə qalibiyyət sənə turnir cədvəlində 3 xal vermir. Baş məşqçi rotasiyalar eləməli, heyətə yeni cəlb olunan futbolçuları sınamalıdır. Ancaq seçmə mərhələ zamanı bu oyunçuları çağırmayacağını bilirsənsə, nə onları aldatmaq, nə də komanda daxilindəki ab-havanı pozmaq lazımdır. Bu futbolçular ölkəni təmsil edirlər. Çox istərdik ki, hər iki görüşdə qalib gəlsinlər.

– Yəni bu heyətdəkilər baş məşqçi Canni de Byazinin gələcəkdə oynatmaq istədikləridir?

– Moldovaya 26 futbolçu yollanıb. 3-4 oyunçu zədə səbəbindən getməyib. Həmçinin Maksim Medvedev və Qara Qarayev də yoxdur. Bir matçda isə əvəzetmələrlə birlikdə meydançaya 16 futbolçu çıxa bilir. Aparılan uşaqların hamısını yoldaşlıq görüşlərində oynatmaq lazımdır ki, onların nəyə qadir olduğunu biləsən. Şans verməsən, millidə necə çıxış edəcəyini haradan biləcəksən? Bu baxımdan deyirəm ki, çağırılan gənclərin hamısı oynamalıdır ki, suallarına cavab verə bilsinlər.

– Qara Qarayevin növbəti dəfə çağırılması müzakirəyə səbəb oldu. Əvvəl deyilirdi ki, boy məsələsinə görə baş məşqçi ona dəvət göndərmir. Amma indi ucaboy Eddi İsrafilov da yoxdur. Belə çıxır ki, Qaraya qarşı qərəzli mövqe tutulur?

– Bir baş məşqçinin boy məsələsini qabardaraq bu addımı atması onun futboldan anlayışını şübhə altına atır. Əgər baş məşqçi deyirsə ki, Qaranı boyuna görə çağırmıram, bu fikir mənə qaranlıq qalır. “Pro” kateqoriyaya malik və Azərbaycan millisini çalışdıran bir mütəxəssisin belə ifadə işlətməsi məncə, yolverilməzdir. Onda Qurban Qurbanov nə eləsin? Guya millidəki digər yarımmüdafiəçilərin boyu elə uzundur? Ondansa çıxıb desin ki, həmin mövqe üçün mənim fikrimdə başqa oyunçu var. Məncə, belə demək daha doğru olardı. Millidə kapitanlıq edən, ölkənin ən güclü klubunda çıxış edən futbolçuya “sənin boyun balacadır” demək və dəvət göndərməmək düzgün yanaşma deyil.

– 3-4 nəfəri saymasaq, kənarda qalan yoxdur. Bu heyət AVRO-20204-də hansı nəticə göstərmək gücündədir?

– Bunu zaman göstərəcək. Necə hazırlaşmalarından çox şey asılı olacaq. Son üç matçda qalib gəliblər. İndi həmin heyətin 5-6 üzvü yoxdur. Buna görə də indidən nəsə demək çətindir. Milliyə gələn futbolçular ən yaxşı formada olmalıdırlar. Yığmanın son matçlardakı uğurları sərf “Qarabağ”ın nəticələri ilə bağlı idi. Qara Qarayev, Maksim Medvedev, Bədavi Hüseynov və “Qarabağ”ın digər milli üzvlərini sadalaya bilərəm. Emin Mahmudov və Eddi İsrafilov da yaxşı formada idilər. Həmin oyunçuların indi yığmada hansı əhval-ruhiyyədə olmaları böyük sual doğurur. Oyunçular hansı əhval-ruhiyyədə olacaqlarsa, nəticə də ona uyğun olacaq.

– Noyabrın 20-də millimiz Şimali Makedoniya ilə yoldaşlıq görüşünə çıxacaqsa, həmin gün Qətərdə dünya çempionatı keçiriləcək. Biz də nəvaxtsa o həyəcanı yaşaya biləcəyik?

– Orada olmaq bütün azərbaycanlıların arzusudur. Ancaq bunun üçün gərək yaxşı meydançalar tikək, uşaq futboluna diqqət ayıraq. Uşaq futbolu ilə bağlı deyiləsi amillər çoxdur. Heç əsas komandalarımız hansı meydançada məşq etdiklərini bilmirlər. Uşaq futbolunda bir meydançada 10 yaş qrupunun oyunları keçirilir. Onların hansı şərtlər altında  məşq etdiklərinə, necə şəraitdə məşq etmələrinə baxsınlar. Mətbuat da buna diqqət ayırsa, problemlər qabarıq şəkildə görünər. Məhz onda bilinəcək ki, biz niyə böyük turnirlərə qatıla bilmirik.

CAVAD

Shares: