“Azərbaycan futbolunu, bütün azarkeşləri salamlayıram. Bu gün böyük gündür. Çox xoşdur ki, Azərbaycan və Moldova arasında yaxşı futbol əlaqələri qalıb. Həm də ümumilikdə yaxşıdır münasibət” – bu sözləri futbolinfo.az-a açıqlamasında Moldova millisinin və “Xəzər Lənkəran”ın sabiq futbolçusu Denis Kalinkov deyib.

O, Azərbaycan və Moldova yığmaları arasında keçirilən yoldaşlıq görüşündən danışıb: “Çox maraqlı oyun olacaq. Çünki Moldova son oyunda qələbənin dadını hiss edib. Bunu qorumağa çalışacaqlar. Azərbaycan millisinin keyfiyyətli futbolçular var. İranda, Niderlandda, İsveçrədə oynayan legionerləriniz var.  Aşağı-yuxarı Moldova və Azərbaycanın keyfiyyəti, səviyyəsi eynidir. Ona görə də praktiki olaraq, texniki, taktiki və fiziki planda mübarizə gedəcək. Psixoloji hazırlıq, komandaların qələbə istəyi də burada önəmlidir. Təbii ki, azarkeşlərimiz qarşısında komandamızın bizi sevindirməsini istəyərdim. Çünki yoxlama və ya rəsmi oyun olmasından asılı olmayaraq, qalibiyyət şirindir”.

Keçmiş yarımmüdafiəçi Moldova yığmasının heyətindən də söz açıb: “Hazırda çox yaxşı futbolçularımız var. Yaxşı səviyyədədirlər. Amma bayaq dediyim kimi, azərbaycanlı futbolçularla aşağı-yuxarı eynidir. Müqayisə etsək, ortaya bu mənzərə çıxır – eyni səviyyədədirlər. Nəyə görə bu gün qalib gələcəyimizi düşünürəm, çünki məndə olan məlumata görə, paltardəyişmə otağında çox yaxşı atmosfer var. Komanda artırıb, taktiki planda bir az dəyişikliklər olub. Həm də biz öz evimizdə oynayırıq. Bu da bizim üçün əlavə üstünlük deməkdir”.

Kalinkov Azərbaycan yığmasının heyətindəki təhlükəli futbolçuların da adını çəkib: “Məncə, bu, Renat Dadaşov və Mahir Emreli olacaq. Çünki onlar beynəlxalq təcrübəyə malikdirlər. Xaricdə çıxış edirlər və təcrübələri var. Hücum xəttində yer alırlar. Amma nəsə demək çətindir. Çünki Azərbaycan millisinin baş məşqçisinin bugün üçün nə planladığını bilmirik. Bəlkə hansısa yeni oyunçunu, ya daha az oynayan futbolçunu yoxlamaq istəyir. Hansı heyəti seçəcəyi barədə nəsə demək çətindir. Heyəti bilsəydik, nəsə demək daha asan olardı. Ümumilikdə bu suala cavab vermək lazımdırsa, futbolçular keyfiyyətcə və səviyyəcə eynidir. Prinsipcə, eyni səviyyədə oyunçular üz-üzə gələcək. Ona görə də xüsusi olaraq kimisə demək istəməzdim. Çünki futbol kollektiv oyundur. Doğrudu, hansısa mövqelər var ki, fərdi olaraq oyunçular görünür. Bu da heyətdən asılıdır. Bu gün biz 1-2 oyunçudan ehtiyat edib, təhlükə gözləyə bilərik, bəlkə heç onlar oynamadı. Ona görə də Azərbaycan millisinin baş məşqçisinin seçimi də önəmlidir”.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp