Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Moldova yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərdik. Hər iki komanda sonadək mübarizə apardı. Sadəcə, buraxdığımız qola görə məyus olduq. Vəziyyəti daha yaxşı idarə etmək olardı. Şahruddin Məhəmmədəliyev öz oyunu ilə qol buraxmamağa layiq idi.

Bu gün yeni müdafiə xətti ilə çıxış etdik. Bəxtiyar Həsənalızadə və Anton Krivotsyukdan razı qaldım. Bəzi itkilərimiz var. Bədavi Hüseynovun yoxluğu istər-istəməz təsir edir. Ümid edirəm ki, martda keçirəcəyimiz seçmə mərhələ oyunlarına kimi hazır olacaq”.

66 yaşlı məşqçi noyabrın 20-də Şimali Makedoniya yığmasına qaşrı keçiriləcək səfər oyununa da toxunub: “Onları yaxşı tanıyıram. Çox yaxşı komandadır. Albaniyada çalışarkən bu kollektivə rəqib olmuşam. Qarşıdakı matçda da uğurlu nəticə üçün çalışacağıq”.

Shares: