Təsadüfi qələbə deyil. Azərbaycan millisi Moldovadan daha yaxşı oynadığı, daha güclü olduğu üçün qalib gəldi.
Dünən Kişnyovda əla ilk hissə keçirən millimiz hətta daha çox qol vura bilərdi. Düşünülmüş hücumlar, təhlükəli zərbələr darmadağına aparmadısa, meydan sahibləri buna görə dirəklərə minnətdar olmalıdı. Lakin iki epizodda kənar faktorlar da komandamıza mane olmadı və fasiləyə böyük üstünlüklə yollandıq.
Son dəqiqələrdə təzyiqi artıran moldovalıların fərqi azaltması qələbənin dadını bir qədər qaçırtdı. Elə görüntü var idi ki, sanki matç daha bir neçə dəqiqə davam etsə, qələbə əldən gedəcək. Canni de Byazinin əvəzləmələrindən sonra meydana daxil olanlar oyunu gücləndirməyi bacarmadı, əksinə, rəqibdə bu, daha yaxşı alındı. Oyun intizamını itirən millimiz çətin vəziyyətə düşdü.
İstənilən halda, qaliblər mühakimə olunmur. Hətta rəqibin bərbad durumda olması belə yığmanın uğuruna kölgə sala bilməz. Komandamız layiqli qələbə qazanıb seriyasını 4-ə çatdırdı.
Hazırda millinin düşərgəsində əla ab-hava var. Düzdü, bu futbolla seçmə mərhələdə böyük uğurlara ümid etmək sadəlövhlükdü. Yığmamızı meydanda əzəmətli göstərən həm də rəqibin zəifliyi idi. Amma rəqib hər nə qədər zəif olsa da, onu yenmək üçün öz bacarığın da olmalıdı. Canni de Byazinin bəxtindən əla formada olan “Qarabağ” və “Sabah” var, onların futbolçularının xidmətindən düzgün istifadə etdikdə uğur qaçılmaz olur. Millimizdə işlədiyi ilk dövrlərdə yersiz eksperimentlər edən italiyalı, normal heyət seçimlərinə üstünlük verməyə başlayanı bunun faydasını görür.
İndi əsas məsələ millimizin Skopyedə hansı heyətlə oynayacağıdı. Noyabrın 20-də de Byazinin tam fərqli heyətə güvənmək üçün əlində yetərli oyunçu var. Zatən Şimali Makedoniya ilə matç da yoxlama xarakterlidi və dünən ehtiyatda qalanlara güvənmək, onları sınamaq lazımdı. Yoldaşlıq görüşləri məhz bunun üçündü. De Byazi postunu möhkəmləndirmək üçün aparıcı, amma yorğun oyunçuları döyüşə atıb aldadıcı uğura cəhd etməməlidi. Bu, həm Kişinyovda oynamış futbolçuların yersiz zədə almasına imkan yaradar, həm də ehtiyat qüvvəni yoxlamağa imkan verməz. İtaliyalı seçmə mərhələdə oynadacağı futbolu aşılamaq üçün toplanışa çağırdığı digər namizədləri də iş başında görməlidi.
Qələbə hər zaman şirindi, amma eyforiyaya qapılmağa, məst olmağa gərək yoxdu. Yığmamızın əsl siması güclü rəqiblərlə oyunda üzə çıxacaq. Skopyedə fərqli matç olacaq, daha sonra seçmə mərhələdə hədəfə köklənən rəqiblərlə üzləşəcəyik. De Byazi ardıcıl 4 qələbənin reallaşma şəraitini düzgün təhlil etməli, həqiqətən yaxşı komanda quruculuğunu davam etdirməlidi. Yoxlama oyunlarında məğlubiyyətlərin ziyanı yoxdur, əsas odur seçmə mərhələdə qapazaltı olmayaq.
FƏRİD