Ardıcıl 4 oyunda qələbə! Millimiz görmədiyi günləri yaşayır. Millətlər Liqasında ardıcıl 3 qələbədən sonra Canni de Byazinin komandası Kişinyovda keçirilən yoldaşlıq oyununda Moldova yığmasını da 2:1 hesabıyla məğlub etməyi bacardı. Bu, həm də Moldova üzərində ilk səfər qələbəmiz kimi tarixə düşdü.

Bugünə qədər 5 dəfə Kişinyova səfər edən millimiz oranı 4 dəfə boynubükük halda tərk etmişdi. Millimiz bu qələbə ilə həm də başqa bir əlamətdar göstəriciyə imza atdı. Əslində, buna əlamətdar göstəricidən çox rüsvayçı statistikadan qurtulma demək olar. Məsələ ondadır ki, komandamız moldovanlara qarşı keçirdiyi 11 görüşün heç birində 2 qol vurmamışdı. Hətta 6 oyunda moldovanların qapısına yol tapa bilməmişdik.  Bu dəfə isə artıq ilk hissədə belə desək, rəqibin işini bitirdik.

Təbii ki, hazırlıq görüşü olduğundan bu oyunun böyük əhəmiyyətindən danışmaq yersizdir. Ən azı bunu şişirtməməliyik. Amma istənilən halda, komandamızın AÇ-nin seçmə mərhələsindən əvvəl necə oynayacağı, de Byazinin hansı eksperimentlərdən istifadə edəcəyi maraq doğururdu. Onsuz da məşqçinin Slovakiya və Qazaxıstanla oyunlarda şans verdiyi “11-lik” artıq onun xəyallarında şablona çevrilmişdi. Yəni, görünən o olmuşdu ki, zədə amilləri olmasa, de Byazi seçmə mərhələdə də həmin heyətə şans verəcək. Amma yenə italiyalı mütəxəssisin Moldova və Şimali Makedoniya seçmələrinə qarşı hazırlıq oyunlarında kimi meydana buraxacağı maraq doğururdu.

Heyətə nəzər salsaq, de Byazinin müəyyən sürprizlər etdiyini gördük. Qapı yenə də Şahrudin Məhəmmədliyevə təhvil verilsə də, müdafiənin mərkəzində heç kimin gözləmədiyi halda Bəxtiyar Həsənəlizadə ilə Anton Krivotsyuk yer almışdı. Bu da bir qədər riskli addım idi.  Çünki Bəxtiyar “Sabah”da əsas heyətdə meydana çıxmırsa, Krivotsyuk sol cinahda oynamaqla püxtələşib. Bir qədər irəli gedib onu söyləyək ki, de Byazinin eksperimenti özünü doğrultdu. Daha doğrusu, millimiz elə futbol oynadı ki, müdafiənin mərkəzinə güc düşmədi. Cinah müdafiəçiləri isə de Byazinin ənənəvi güvəndiyi oyunçular idi. Daha doğrusu, Elvin Cəfərquliyevin xidmətindən Qurban Qurbanovun kəşfinə görə istifadə edirsə, Höccət Haqverdi “öz evrika”sıdır. Qəribədir, Krivotsyuk cinah müdafiəçisi olduğu halda müdafiənin mərkəzində yer alırsa, Haqverdi “Sumqayıt”da çıxış edərkən mərkəz müdafiəçisi kimi oynayırdısa, mütləq ona heyətdə “yer tapılmalıdır” deyə sağ cinaha təhkim edilib.

Elə yarımmüdafiənin dayaq nöqtələri də klublarının “nida işarələri” olan oyunçulara təhvil verildi. Söhbət Emin Mahmudovla Riçard Almeydadan gedir. Bu iki oyunçu bir neçə il bundan əvvələ qədər əsasən rəqib qapısına daha yaxın zonada oynayırdı, bir sözlə, oyun quruculuğu ilə ad çıxartmışdı. Əslində, belə oyunlarda onların universallığı işimizə yarayır.

Bir qədər öndə Ramil Şeydayev, Aleksey İsayev və Ozan Can Kökçü qərarlaşmışdı ki, artıq buna da adət etmişik. Adət etmədiyimiz yeganə məqam Qurban Qurbanovun əksinə olaraq de Byazinin Ramili sol cinahda oynatmasıdır. Hücumun sivri ucunda isə Renat Dadaşovu yox, Musa Qurbanlını gördük. Elə burada da bir qəribəlik var. Qurban Qurbanov  Musanı daxili çempionatda oynadıb avrokuboklarda Kvabenaya üstünlük verir. İtaliyalı isə beynəlxalq oyunlarda Qurbanlıya atasından daha çox güvənir. Amma yoxlama oyunlarında belədi, rəsmi matçlarda start heyətində Renat görünür.

Moldova millisinə gəlincə, Sergey Kleşenko da həmkarı kimi bəzi mövqelərdə əsas heyətə, bəzilərində isə ehtiyatda saxladığı oyunçulara şans vermişdi. Qapı ilə müdafiə xətti Millətlər Liqasında şans qazanan oyunçulara təhvil verilmişdisə, yarımmüdafiədə çox vaxt matçları kənardan izləyən Yevgeni Koçuka imkan yaradılmışdı. Oyundan əvvəlki təhlili yazımızda Kleşenkonun bu dəfə Koçuku döyüşə atacağını proqnozlaşdırmışdıq. Çünki vaxtilə “Səbail”, “Sabah” və “Keşlə”də oynayan bu futbolçu bizi yaxından tanıyırdı. Hücum xəttində isə komandanın Millətlər Liqasında 4 qolla bombardiri olan İon Nikulesku yox idi. Adətən yarımmüdafiə xəttində yer alan Moskva “Torpedo”sunun üzvü Mixail Kaymakov eksperiment kimi sol cinah hücumçusu mövqeyində yer almışdısa, Vitali Damaşkan sivri ucda qərarlaşmışdı.

Millimiz ilk hissədə topu rəqibdən alaraq onu arxasınca düşməyə vadar etdi. Bu da səbəbsiz deyil. De Byazi bu mövsüm Qurban Qurbanovun tətbiq etdiyi topa nəzarət və pressinq taktikasını uğurlu şəkildə “copy” edərək artıq nəticə verməyi bacarır. Bəli, millimizin oyununa baxarkən, “Qarabağ”ın xəyali versiyasını görürsən. İtaliyalı mütəxəssis Ağdam klubundan gəlməyən oyunçulara da bu sistemi qəbul etdirə bilib. Əslində, dünyanın aparıcı klubları məhz belə taktikayla oynayır. Buna öyrəşməyənlər də ən azı belə oynamağa cəhd edir. Bunu bacarmaq üçün isə fiziki cəhətdən güclü olmaq lazımdır. Hiss olunur ki, artıq millimiz bu problemi yoluna qoyub.

Doğrudur, 90 dəqiqə eyni tempi qorumaq çətindir. Bunu moldovalılarla oyunda da gördük. Sadəcə, diqqət çəkən məqam kimi topu rəqibdən alan kimi sol cinahdan hücumlar təşkil edib cərimə meydançasına sızmağımız oldu. Hər iki qol da bu cinahın gördüyü işin nəticəsi kimi vuruldu. Fasilədən sonra Mahir Emrelinin meydana çıxmasından sonra bu taktikadan əl çəkdik. Əslində, de Byazi bunu bir qədər oyundan qopan Ozan Can Kökçünün “yoxluğ”unu hiss etdirməmək üçün etdi. Fikirləşdi ki, Niderlandda oynayan futbolçunu Mahirlə əvəzləsəm, hər iki cinahda balans yarada bilərəm. Amma Mahir oyuna daxil olan kimi yorğanı öz tərəfinə çəkdi və nəticədə sol cinah “üstüaçıq” qaldı. Bu da oyundan qopmağımıza səbəb oldu.

Əslində, oyundan tam olaraq qopmadıq, sadəcə, temp aşağı düşdü. Ümumiyyətlə, de Byazinin digər əvəzetmələri də oyunun tempini aşağı saldı. Rəqib bundan bəhrələnib sonda fərqi artırdı. Yaxşı ki, qol da oyunun sonunda vuruldu. Amma istənilən halda, əsl gücümüzü Şimali Makedoniya ilə oyunda görəcəyik. Doğrudur, yenə hazırlıq görüşü etalon sayıla bilməz. Ancaq bu oyunla müqayisədə Skopyedə daha çox əziyyət çəkəcəyik.

ABBAS

Shares: