“Əvəzedici komandada hər şey normaldır. Burada tanıdığım normal insanlar var və bütün münasibətlər qaydasındadır” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Kəpəz”in kapitanı Əli Səmədov deyib.
Tərlan Əhmədovun Gəncə klubuna baş məşqşi gəlişindən sonra əvəzedici heyətə göndərilən yarımmüdafiəçi hələ də ikinci komandada oynamasının səbəbini bilmədiyini açıqlayıb: “Əsas komandaya dönüb-dönməyəcəyimi artıq bilmirəm. Baxıram ki, vaxt öldürürlər. “Bu gün”, “sabah” və ya “yaxında” deyib yola verirlər. Deyirlər ki, hələ əvəzedicidə yaxşı çıxış etmirəm. Bunu niyə etdikləri özümə maraqlıdır. “Mən niyə burdayam” deyə sual verirəm, amma cavabın tapa bilmirəm. Kimdən nə soruşuram gah nala vurur, gah mıxa. Allah böyükdür, inanıram ki, hər şey qaydasına düşər”.
Səmədov “Azarkeşlər sizə görə Tərlan Əhmədova etiraz edir və baş məşqçi ilə heç danışığınız olub” sualına belə cavab verib: “Azarkeşlərə təşəkkür edirəm, sağ olsunlar, hər şey edirlər. Amma Tərlan Əhmədovla bir dəfə üz-üzə gəldik. Soruşdum ki, niyə əsas komandaya qaytarılmıram. Dedi ki, zəif çıxış edirsən. Amma müsahibələrində baxıram ki, gah “oyun nizam-intizamı” deyir, gah “hələ istədiyim kimi oynamır” deyir. Və başqa nələrsə danışır, bilmirəm. Nəyə inanacağımı da bilmirəm”.
25 yaşlı futbolçu konkret səbəbi bilməməsindən narahatdır: “Mən də mətbuatı oxuyuram ki, nə üçün əvəzedicidə olduğumu bilim. İlk gələndə Tərlan Əhmədov demişdi ki, “Gəncə klubunda söz sahibi gəncəlilər olmalıdır”. İlk başlarda bu cür danışmışdı. Ondan sonra necə oldusa, mən əvəzedici komandaya gəldim. Səbəb məlum deyil. Oyunumdan narazıdırsa, hər kəs açıb matçlarıma baxa bilər”.