Çempionatın qələbəsiz yeganə komandası olan “Sumqayıt” qışda güclənməyin planlarını cızır. 5-6 legioner transfer etməyi planlaşdıran “kimyaçılar”da daha öncə heyətin “təmizlənməsi” prosesi reallaşdırılır.

Baş məşqçi Samir Abasov öz komandasını qurmaq üçün klubun menecer-prezidenti Riad Rəfiyevin yayda bəh-bəhlə gətirdiyi oyunçuları yola salmaqla məşğuldu. Çalışdırıcı fayda vermədiyini düşündüyü oyunçulara qapını göstərir, əvəzində yeni futbolçular axtarır.

Artıq transferlərdən biri reallaşıb. Mövsümün gedişində heyətə götürülən Riçard Qadzenin keçidi Ouro-Nil Turenin yola salınmasından sonra reallaşmışdı. İndi isə digərlərinin növbəsidi. Abasov şans vermədiyi, bacarığına ümid etmədiyi şəxsləri öz üsulları ilə komandadan uzaqlaşdırır.

Növbə Araz Abdullayevə çatıb. Samir bəy heyətə salmadığı yarımmüdafiəçiyə məşqlərə gəlməyi qadağan edib, onun özünə klub tapmasını istəyib. Araz artıq iki həftədi “Sumqayıt”ın hazırlıqlarına qatılmır. Onun adının “Şamaxı”yla son matçda protokola salınmaması da bununla bağlıdı.

Abdulayevin həm də şəxsi meneceri olan Rəfiyev hazırda bu futbolçuya ölkə xaricində klub axtarır. İşi “Sumqayıt” üçün faydalı oyunçular tapmaq ikən, o, öz qazancınıın arxasınca düşüb, heyəti gücləndirmək məsələsi isə Samir bəyin öhdəsnə qalıb. Abbasov prezidentdən onun işlərinə qarışmamasını istəyib, transferlərlə birbaşa özü məşğuldu. Düzdü, Samir bəy indiyədək işlədiyi klublarda seleksiya bacarığının yaxşı olmadığını göstərib, lakin Rəfiyevin yayda gətirdiklərini nəzərə alsaq, prezidentn kənarda qalması daha az ziyanlı seçimdi.

Qışa kimi oynamadan maaş alacaq Araz sonuncu qovulan olmayacaq. Şamaxıdakı matçdan sonra əvəzedici heyətə göndərilən, daha sonra bağışlanan Vüqar Bəybalayev və Elşən Abdullayev siyahının başındadı. Samir bəy əksər legionerlərin də getməsini istəyir, hansıyla ortaq məxrəcə gəlmək mümkün olsa, anlaşmaya qarşılıqlı razılıqla və ya kiçik məbləğdə kompensasiya ödəməklə son qoyulacaq. Və bütün gedənlər yeni əcnəbilərlə əvəzlənəcək.

39476666366a209795ca - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp