21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Noyabrın 15-dən 20-dək Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını necə dəyərləndirərdiniz?

– Sentyabrda evdə Moldova ilə yoldaşlıq görüşü (0:0) keçirdik. İlk beynəlxalq oyunumuz idi. Ondan sonra noyabr üçün rəqib axtarmağa başlayanda daha güclü, 1-2-ci səbətlərdə olan komandalarla yoldaşlıq matçları istədim. Macarıstan və İsveç variantı ortaya çıxdı. Bu fürsətdən istifadə edərək, komandanın nəyə qadir olduğunu bilmək istədik. Çünki fevralda püşkatma olacaq, martda da seçmə mərhələ başlayacaq. Bilirik ki, orada bizdən qat-qat güclü olan rəqiblər düşəcək. Həmin səviyyədəki komandalarla gücümüzü sınamaq istədik. Macarıstanın hazırkı U-21-dəki oyunçuları U-18-lər arasında dünya çempionatında iştirak etmiş, Argentina, Nigeriya və Ekvadorla eyni qrupda mübarizə aparmışdı. İsveç isə futbolu son illər ən çox inkişaf etmiş ölkədir. İndiki futbolçular olmasa da, 20-21 yaşlıları dünya çempionu olmuş komandadır. Macarıstan və İsveç həddən artıq güclü olduğundan, fikirləşmədən razılıq verdim.

– Nəticələrə baxdıqda bu qərarınıza görə peşman deyilsiniz?

– Sırf nəticə baxımından peşmanlıq var. Ola bilsin ki, özümüzə çox güvəndim, tez oynamağımız üçün tələsdim. Macarıstana 0:3, İsveçə isə 1:8 hesabı ilə məğlub olduq. Məşqçilik karyeramda belə nəicələrin olmasını istəməzdim. Bu oyunlar göstərdi ki, belə komandalarla başabaş mübarizə aparmaq bizim üçün hələ tezdir. Məşqçilər korpusu ilə müzakirə zamanı deyirdik ki, gərək onlarla oynamazdıq, tez idi. Amma bir tərəfdən də düşünürük ki, bunların indi, yoxlama görüşündə başımıza gəlməsi yaxşıdır. Seçmə mərhələdə bu səviyyədə rəqiblərlə belə açıq futbol nəticə baxımından təhlükəli ola bilər. Bilmək olmaz, bəlkə bunlar gələcəkdə xeyrimizə işləyəcək.

– Macarıstan hər üç qolu fasilədən sonra vurdusa, İsveç son 20 dəqiqədə qapımıza 6 dəfə yol tapdı. Keçmişdəki kimi, gənc futbolçularımız da 60-cı dəqiqədən sonra çatdırmırlar?

– Macarıstanla oyunu uşaqlar çox yaxşı keçirdilər, ilk hissədən sonra hesab 0:0 idi. Fasilədən sonra mübarizəyə pis başladıq, qapımızda penalti gördük. Ondan sonra komanda söndü. Yəni burada problem fiziki durumla bağlı deyildi. İsveçlə qarşılaşmada isə 70-ci dəqiqəyə qədər 1:2 hesabı ilə geridə idik. Ağasəlim Mircavadov da bizimlə getmişdi, görüşü izləyirdi. Rəqibin 20 dəqiqəyə 6 qol vuracağını heç təsəvvür etmirdik. Bu görüşün 60-cı dəqiqəsindən sonra yorğunluq görünürdü. Əvəzetmələrə əl atdım, yeni oyunçulara şans verdim. Üç gündən bir güclü rəqiblərlə oynamaq asan deyil. Təbii ki, bunlar bəhanə deyil. Amma bunların hamısının rolu oldu. Soyuq başla oyunları izləyib, təhlil edəcəyik. Uşaqlardan heç bir narazılığım yoxdur. Görünən odur ki, biz hələ 1-2-ci səbətlərdəki rəqiblərlə mübarizə aparacaq səviyyədə deyilik. Çünki çox böyük fərq var. Əlbəttə ki, dişimizə görə rəqiblər də olacaq. Məsələn, Moldova ilə Bakıdakı matç tam üstünlüyümüzlə keçmişdi, rəqib bütünlüklə öz qapısında oturmuşdu. Məqsədləri qol buraxmamaq idi. Ola bilsin ki, mənim də taktiki səhvlərim oldu. Daha açıq futbola üstünlük verdik, çox qapalı oynamadıq. Müdafiəni irəlidən qurduq, sürətli oynayıb, qol vurmağa çalışdıq. Çünki uşaqlara inamım böyük idi.

– Güclülərlə oynamaq inkişafa yol açır. Ancaq digər tərəfdən böyükhesablı məğlubiyyət futbolçuları psixoliji cəhətdən “sındıra” bilər.

– Bunların hamısını təhlil etmək lazımdır ki, harada səhvə yol verdiyimizi görək. Səhv edə-edə öyrənirsən. Əsas odur ki, bu səhvlərdən nəticə çıxaraq, rəsmi matçlarda təkrarlamayaq. Güclü rəqibəri ona görə arzulayırdım ki, səhvlərimizi görə bilək. Düzdü, 4 qolu 85-ci dəqiqədən sonra buraxdıq. Həmin son 5-6 dəqiqədə bunlar yaşanmasaydı, baş məşqçi karyerama və millinin tarixinə belə qara hərflərlə yazılmış nəticə olmayacaqdı. İndi möhkəm olmalı, bu gərginlikdən çıxmalıyıq.

– Premyer Liqada 21 yaşadək futbolçu ilə bağlı tətbiq edilən limitin ləğvinin və cəmi 3 legionerin dəvət almasının komandanın çıxışına nə kimi təsiri oldu?

– Bu oyunların nəticələri verdiyiniz sualın cavabıdır. Futbolçularımızın 70 faizi birinci divizionda, süni meydançada məşq edir. İsveçin ikinci hissədə meydana çıxan bir futbolçusu var idi ki, “Alkmaar”da mütəmadi çıxış edir. Bizim əsas millimizin üzvü Ozan Can Kökçü isə Niderlandın ikinci liqasında mübarizə aparır. Bu müqayisə özü fərqi ortaya qoyur. Avstriya Bundesliqasında, öz çempionatlarının aparıcı klublarında oynayan futbolçuları var idi. Onlara qarşı Azərbaycanın birinci divizionunda “Turan Tovuz”un, “Neftçi”nin əvəzedicilərində oynayanlar çıxış edirdilər. Təbii ki, baş məşqçi kimi Premyer Liqadakı oyunçularımızın sayının çox olmasını istərdim. Təəssüf ki, indi bu say çox azdır. Bütün bunlar da istər-istəməz nəticələrə təsir edir. Birinci diviziondakı klubların əksəriyyəti süni örtükdə oynayır. Antalyada isə görüşdən əvvəl yağış yağırdı, biz də dedik ki, əsl İsveçin havasıdır. Daim yağışla havada təbii örtükdə oynamağa öyrəşiblər. Yenə də bəhanə gətirmək istəmirəm, məsuliyyət mənim boynumdadır. Futbolçuların xarakterinə, hazırlığına bələd oldum, kimlərə güvənmək lazım olduğunu gördüm.

– Əsas millinin qələbələri sıraladığı bir vaxtda aşağı yaş qrupu üzrə yığmaların çıxışı belə bir sual yaradır ki, Azərbaycan futbolunun gələcəyi bunlardır?

– Hər yaş qrupundan 3-4 nəfərin əsas yığmaya qədər yüksəlməsi yaxşı şeydir. Hazırda U-21-də istedadlı uşaqlar var. Məsələn, A millinin heyətində Şimali Makedoniya (3:1) ilə görüşdə qolları vuran uşaqlar əvvəlki illərdə U-21-in üzvləri idi. Hazırkı heyətimizdən kimlərsə bəlkə də gələn il əsas yığmaya çağırılacaqlar. Heyətimizdəki itkilərdən heç danışmıram. 1:8 hesablı məğlubiyyətdən sonra dərhal fikirləşə bilərsən ki, millinin gələcəyi zəif olacaq. Bu, düzgün yanaşma deyil. U-21-in 20 oyunçusunun hamısı əsas komandaya düşəsi deyil ki? Hər yaş qrupundan 3 nəfər çıxsa, bu, özü də böyük şeydir. İsveçlə oyun ərzində 5-6 yüz faizlik qol vəziyyətimiz oldu, yararlana bilmədik. Rəqib isə 10 şansdan 8-ni qola çevirdi. 1:8 uduzan komandanın baş məşqçisinin “6 qol vəziyyəti yaratdıq” deməsi sizə qəribə gələ bilər.

– Avropa çempionatının seçmə mərhələsi öncəsi yəqin ki, heyətdə dəyişikliklər olacaq? Ümumiyyətlə, yığmadan orada nə gözləmək olar?

– Əlbəttə ki, dəyişikliklər olacaq. Macarıstan və İsveçlə matçlarda dəyişiklik eləmişdik, uşaqların durumuna baxmaq istəyirdik. Amma seçmə mərhələdə eksperiment olmayacaq. Yoldaşlıq görüşü olduğu üçün risk etmək qərarına gəldik. Məsələn, ilk dəfə U-21-ə dəvət alan bir uşağı tankın altına atmış oldum. Nə qədər ürək-dirək versəm də, həyəcanı hiss olunurdu. Karyerasında ilk dəfə beynəlxalq oyuna çıxanlar var idi. Əgər püşkatmada 5-ci səbətdə yer alacağıqsa, qrupda 1-2-ci yeri tutmağı qarşımıza məqsəd qoymaq absurd olar. Mümkün qədər yaxşı çıxış eləmək, ən azı əvvəlki seçmə mərhələlərdəki qədər xallar yığmaq istəyirik. Fevralın 9-da rəqibləri biləndən sonra “qrupda nə etmək olar” məsələsini müzakirə etmək olar. Düşünürəm ki, bu komandadan 3-4, hətta daha çox oyunçu əsas yığmaya yüksələ biləcək. Yaşları U-21-ə çatan Cəlal Hüseynov və Musa Qurbanlı artıq A millidədir. Qapıçımız Yusif İmanovu da qeyd edə bilərəm. Macarıstanla matçdakı performansı göstərdi ki, hələ “bişməlidir”. Yenə də ən azı gələcəyi olduğunu, 1-2 ilə əsas yığmanın qapısını döyəcəyini bilirik.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp