Azərbaycan Kubokunun 1/8 final mərhələsində sensasiya qeydə alınmadı. Baş tutan oyunlar göstərdi ki, Pemyer Liqa klubları ilə I Divizion təmsilçiləri arasında çox böyük səviyyə fərqi var.

Divizion klublarının sürpriz edə bilməməsi bir yana, elita təmsilçiləri ilə qarşılaşan 4 klub ümumi hesabda 16:0 üstün oldu. Daha çox ehtiyat qüvvəylə meydana çıxan Premyer Liqa təmsilçilərin qol vura bilməmələri aşağı dəstə təmsilçilərinin başqa bir ayıbıdı.

Ümumiyyətlə, bu mərhələdə reallaşan 6 oyunun heç birində qarşılıqlı qollar vurulmadı. Divizion təmsilçilərinin güclü rəqiblərinə müqavimət göstərə bilməməsi gözlənilən idisə, Premyer Liqa təmsilçilərinin təşkil etdiyi cütlərdə də yalnız bir tərəf sevindi.

“Qarabağ”la “Neftçi”nin qatılmadığı bu mərhələdə dünənin əsas oyunu Şamaxıda reallaşdı. Eynadlı komanda çempionat matçında “Turan Tovuz”u səfərdə yenmişdi. Amma bu dəfə qərblilər revanş ala bildi. Oyuna sonradan daxil olan Ayxan Hüseynov topa toxunan kimi məhsuldar ötürmə verdi və Natan Oduva qələbəni təmin etdi.

Bu gün 1/8 finalın əsas oyunu Gəncədə baş tutdu. “Kəpəz” vurduğu erkən qolla çempionatda qələbəyə həsrət qalan “Sumqayıt”ın kubok ümidinin də üstündən xətt çəkdi. Sözügedən klubun rəhbərliyi dünənədək sponsorları kubokda uğur qazanacaqlarını deməklə sakitləşdiridisə, artıq belə bəhanə də qalmadı.

Matçdan sonra deməyə söz tapmadığını bildirən baş məşqçi Samir Abasov hazırkı heyəti özünün qurmadığını əsas gətirir, uğursuzluğu buna bağlayır. Qışdan sonra onun nə söyləyəcəyi maraqlıdı. Amma o da var ki, “Sumqayıt” hətta kuboku qazansaydı belə, avrokuboka yollanmayacaqdı. Klub maliyyə hesabatlarını verə bilmədiyi üçün qitə yarışlarında iştirak üçün lisenziya alması mümkünsüzdü.

Zəiflər ələndi və bizi 1/4 finalda maraqlı ounlar gözləyir. 1/8-də istirahət edən “Qarabağ”la “Neftçi” öz səbətlərindəki rəqibləri yenərək finala yüksəlməyə çalışacaq. Lakin onların rəqibləri də bunun üçün çalışacaq. Artıq Divizion klubları yoxdur və sürprizlər mümkündür.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp