DÇ-1950. Braziliya millisi dünya çempionatının final qrupunda son oyununu keçirir. Uruqvay yığması ilə oyunda heç-heçə belə “sambaçılar”ı tarixində ilk dəfə “Qızıl İlahə”yə qovuşduracaq.

O vaxt dünya çempionatları televiziya deyil, radio vasitəsilə yayımlanırdı. “Marakana”ya toplaşan 200 min braziliyalıdan fərqli, ölkənin digər futbolsevərlərinin qulağı “kiçik qutu”dan gələn səsə “köklənmişdi”. 10 yaşlı Pelenin atası Dondinyo da bu həyəcanı yaşayırdı…

Turnir boyunca rəqiblərinə qan udduran, xüsusilə final qrupunda İsveç və İspaniya yığmalarının başına oyun açan Braziliya millisi Uruqvayla oyunda da hesabda öndə olduğu vaxt üstünlüyünü qoruya bilmədi. Dünya çempionatlarında ən gurultulu matçlarından biri kimi tarixə düşən bu oyunda braziliyalılar məğlub olaraq hamını şoka saldı. Atasının radio reportajından sonra hələ də özünə gələ bilmədiyini görən Edson Arantes Du Nasimento “sən narahat olma, mən böyüyüb sənin üçün dünya kubokunu qazanacağam” vədini verdi.

Bəli, iş elə gətirdi ki, 8 il sonra 18 yaşlı Pele İsveçdə keçirilən Dünya Çempionatında yarımfinalda Fransa ilə oyunda het-trik etdi, finalda isə İsveçin qapısından iki top keçirdi. Beləliklə, Braziliyanın dünya çempionatları tarixində zəfər yürüşünün əsası qoyuldu.

Yuxarıdakı qeydlər mundialların bir yeniyetmənin qəlbində kiçik qığılcımla necə alova çevrildiyini göstərən nümunədir. Belə nümunələrin isə sayı-hesabı yoxdur.

Futbol XIX əsrdə kəşf olunsa da, XX əsrdə məhz Dünya Çempionatları sayəsində populyarlıq qazanmağa başladı. 4 ildən bir keçirilən Yay Olimpiya oyunları kimi idmanın bu növü də milyonlarla insanı birləşdirməyi bacarırır. Tanrı günahımdan keçsin, Ramazan ayı 11 ayın sultanı olduğu kimi, mundial da 48 ayın sultanı kimi onu sevənlərin “mənəvi dünyası”nı rövnəqləndirir.

Əslində, hansısa azarkeşdən “bu idman növü ilə nə vaxtdan maraqlanırsan” deyə soruşsan, mütləq cavabında “filan dünya çempionatına baxmaqla” cavabını verəcək. Bəli, başlanğıc məhz mundiallardan qaynaqlanır, qığılcım məhz bu bir aylıq nəhəng futbol festivalından alova çevrilir. Halbuki, il boyunca klub səviyyəsində o qədər turnirlər keçirilir ki…

Kim nə deyir desin, artıq biznesə bulaşan və yalnız varlı klubların at oynatdığı oyuna çevrilən futbolun saflığını hələ də məhz Dünya Çempionatı qoruyur. Çünki hər bir milli yalnız öz oyunçusunun hesabına uğur qazanır. Federasiyalar istədiyi legioneri gətirib komandanı gücləndirə bilmir. Bu ənənə ləğv olunmayana qədər (təbii ki, heç vaxt ləğv olunmyacaq) bu turnir öz saflığını qoruyacaq.

Futbola məhəbbəti yaranan təmizqəlbli yeniyetmələrə də saflığı məhz dünya çempionatı ilə aşılamaq lazımdır. Dünyanın 32 ən güclü yığmasının müxtəlif oyun üslubları ilə bir ay ərzində nəhəng karnaval yaratması bu turnirin dəyərini artırır. Klub futbolunda biz bunu görə bilmirik. Müxtəlif millətlərin nümayəndəsinin sintezindən yaranan hansısa bir klub hətta oyun üslubunu belə dəyişə bilir. Amma milli komandalar meydanda yalnız öz ölkəsinin “fəlsəfə”sini aşılayır.

Əslində, futbolu yenicə dərk etmək istəyən biri üçün bundan gözəl “Əlifba” kitabı ola bilməz. Klub futbolu qarışıq bir romandırsa, dünya çempionatı “nağıl kitabıdır”. Hamımız o nağıl kitabını oxuya-oxuya püxtələşmişik və bu idman növünə məhəbbətlə böyümüşük. Bu proses həmişə belə olub və belə də olmağa davam edəcək. Amma bu yöndə müəyyən maneələr də var.

Buna tam olaraq maneə də demək olmur. Futbol kütləviliyini genişləndirdikcə, informasiya məkanında bütün sahələri ələ alır. Məsələ ondadır ki, əvvəllər bütün futbol turnirlərini izləmək mümkün olmurdu.  Televiziyalar əsasən Dünya Çempionatlarının yayım hüququna sahib çıxırdı. Təbii ki, daxili çempionat istisna təşkil edirdi. Dünya futbol mədəniyyəti ilə məhz mundiallarda tanış olurdu. Uşaqlar da məhz 4 ildən bir keçirilən yarış vasitəsilə oyunun vurğunu olurdu. Amma sonradan televiziyanın klub turnirlərinin əsirinə çevrilməsi vəziyyəti 180 dərəcə dəyişdi. Belədə uşaqların futbol zövqü də “deformasiyaya uğradı”.

Məsələn, biz futbolu dünya çempionatı adlı 1-ci sinifin “Əlifba” kitabı ilə oxuyub sevmişiksə, indiki uşaqların qarşısına 11-ci sinifin “Astronomiya” kitabını qoyurlar. Bəlkə də bu müqayisədə fakt mənasında qüsura yol verdim. Çünki son illər astronomiya dərsi məktəb proqramlarından çıxarılıb. Təhsil funksionerlərinin doğru qərar qəbul edib-etmədiyini söyləmək fikrim yoxdur, amma kaş futbol aləmi ilə tanış olmaq istəyən bir uşağın qarşısından da bu “Astronomiya” kitabı götürüləydi. Təəssüf ki, müasir reallıqda bu, mümkün deyil.

Əslində, klub futbolunu məhz “Astronomiya” kitabı ilə müqayisə etməyim təsadüfi deyil. Çünki klub futbolunda hazırda “astronomik” məbləğlər dövr edir. Meydanda sərgilənən futbol da elə astronomik futboldur. Birvaxtlar günəşin ətrafında bizim planet dediyimiz təbii peyklər fırlanırdısa, indi bəşəriyyət kosmosa öz süni peyklərini buraxır. Futbolun biznesə çevrilməsi də bu mənada zövqləri korlayır və dünya çempionatının saflığına xələl gətirir. Təəssüf ki, indiki uşaqları belə “nağıl kitabları” ilə sözün yaxşı mənasında ələ almaq mümkün olmur. Söz yox, klub futbolu vasitəsilə bu oyunu sevən hər bir yeniyetmə Dünya Çempionatına da baxır. Amma o “Astronomiya” kitabını vərəqləyəndən sonra “nağıl kitabı”nı oxumağa başlayır. Bu isə subardinasiyanı pozur.

Hər nə qədər biz Dünya Çempionatlarının əhəmiyyətindən, uşaqların mənəvi dünyasına təsirindən danışsaq da, problemlərin fonunda “bəh-bəh”lə işlətdiyimiz sözlər süni effekt verəcək. Əsas odur ki, dünya çempionatı öz saflığını itirməsin. Söhbət edərkən, masanın üstündə and içməyə çörək tapdığımız kimi, Dünya Çempionatı da müxtəlif naz-nemətləri olan futbol masasının and içiləsi çörəyidir. Uşaqlarımızı məhz bu çörəklə qidalandırmalıyıq.

Pele radio vasitəsilə görmədiyi bir yarışı sevmişdi, yeni nəslin futbolçuları artıq TV-də yayını başa çatmış oyunu “Youtube” vasitəsilə yenidən izləyərək motivasiya olunur. Əslində, texnoloji inkişafda pis heç nə yoxdur. Sadəcə, futbol bundan ziyan görməsin, Dünya Çempionatı uşaqların gözündə ən əlçatmaz yarışa çevrilsin. Ümid edirik ki, belə də olacaq…

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp