“Sabah” “Qarabağ”ın büdrəməsindən məharətlə yararlandı. Bir gün öncə heç-heçə edərək xal itirən çempionla xal fərqini azaltmaq istəyən Murad Musayevin yetirmələri arzusuna çatdı.

Doğrudu, qələbə qazanmaq asan başa gəlmədi, qonaqlar Tovuzda qol vurana kimi xeyli əziyyət çəkdi. Millinin oyunları üzündən çempionatda yaranan fasilə, kubokda ciddi rəqabət görməmələri “Sabah”ın oyunçularının tonusdan düşməsinə səbəb olmuşdu. “Turan Tovuz” da uğurlu oyun taktikası seçib rəqibin əsəbiylə oynaya bildi. Meydan sahibləri müdafiədə etibarlı çıxış edib əks-hücumda şans axtararkən bakılılar oyuna diqtə etməyə macal tapmadı.

Amma komandada usta oyunçuların olması ciddi üstünlükdü. Dünən Aleksey Kaşuk məhz bu fərqi ortaya qoyub komandasına vacib qələbə qazandırdı. Qərblilər “Sabah”ı dayandırdı, amma bəlkə də hazırda çempionatın ən yaxşısı olan ukraynalının öhdəsindən gələ bilmədilər. Yarımmüdafiəçi bir anda məsuliyyəti üzərinə götürüb matçın taleyini müəyyənləşdirdi.

“Turan Tovuz” rəqibi 80 dəqiqə dayandırsa da, daha artığına gücü çatmadı. Heyətdə kifayət qədər itkinin olması azmış kimi, matçın startında Henri Okebuqvunun sıradan çıxması ilə vəziyyət bir qədər də pisləşdi, faktiki ehtiyatda oyunu gücləndirmək üçün kimsə qalmadı. “Sabah” isə heyət zəngiliyindən istifadə edib qələbəni rəsmiləşdirdi.

Bu nəticə komandaların turnir mövqeyinə təsir etmədi. “Turan Tovuz”un aşağıdakı əksər rəqibləri heç-heçə etməklə bir xal yaxınlaşdısa, öndəki rəqibləri uzaqlaşdı, lakin qərblilər 6-cı pilləni tərk etmədi. “Sabah” isə lider “Qarabağ”la xal fərqini 3-ə endirib çempionluğa yenidən ümidləndi.

Turun bağlanış matçı xal bölgüsüylə yadda qaldı. Autsayderlərin hamısın bir xalla kifayətləndiyi həftədə “Sumqayıt” da ənənəni pozmadı. Hələ də qələbəyə həsrət olan “kimyaçılar”ın “Qəbələ” ilə oyunda, özü də uduzduğu matçda xal qazanması bəlkə də uğur sayılmalıdır. Amma yuxarılara qalxmaq üçün ən azı evdə qalib gəlmək tələb olunur. Bunu bacarmadıqda zirzəmidə qalmaq şərtdir.

“Qəbələ”yə gəlincə, Elmar Baxşıyevin yetirmələri qeyri-sabit çıxışa davam edir. Düzdü, komanda ilk “beşlik”də möhkəm dayanıb, amma avrokuboklara vəsiqə qazanmaq istəyən belə matçlarda büdrəməməlidi. Aparıcı oyunçulardan bir-ikisi olmayan kimi komandanın nəticələri pisləşir, məşqçilər heyəti fərqli bir şey düşünə bilmirlər. Əsas oyunçulardan asılı olan komandanın parlaq gələcəyinə ümid etmək mənasızdı.

Beləliklə, 5 oyundan 3-ü heç-heçə bitdi və “Sabah”la “Neftçi” turun ən qazanclı komandalarına çevrildilər. Qış fasiləsinə kimi qalan 3 tur daha maraqlı olacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp