“Sumqayıt”da vəziyyət yenə kritik həddə çatıb. 15 oyuna qələbə görməyən komandanın nəticələri bir yana, klub idarəetməsində də ciddi problemlər yaşanır. Bəlkə də elə nəticələrin düzəlməməsinin bir səbəbi rəhbərliyin futbolçulara göstərdiyi münasibətdir.

Klub prezidenti Riad Rəfiyev artıq iki aydır futbolçuların maaşını vermir. Oktyabrda bütün komanda üzvlərinin maaşının 30 faizinin kəsildiyi elan edilib. Futbolçular narazı olsa da, sonda qərara boyun əyiblər, lakin maaşın qalan hissəsi də hələ onların hesabına köçürülməyib. Noyabr bitmək üzrədi və oyunçulara bu ayın maaşlarının da vaxtında ödənməyəcəyi elan edilib.

Maraqlıdı ki, klub rəhbərliyi məşqçilər heyətinin pullarını vaxtında çatdırıb, problem yalnız futbolçuların ödənişləri ilə bağlıdı. Bunun səbəbi “Azərkimya”nın müflis olmasıdı, yoxsa AFFA rəhbərliyinin kluba ayırdığı yardımı bilərəkdən yubatması – bilinmir. Bəlkə də klub rəhbərliyi futbolçuları uğursuzluğa görə bu şəkildə cəzalandırmaq arzusuna düşüb. Elədisə, əmin olsunlar ki, bu, çıxış yolu deyil, əksinə, nəticələr belə münasibətə görə daha da pisləşəcək.

“Sumqayıt” rəhbərliyi sabiq baş məşqçi Aleksey Baqanın da ödənişini yubadır. İstefaya göndərilərkən təzminat kimi 2 ayın maaşını alacağı razılaşdırılmış belaruslu hələ də Bakıdadı və pulunu gözləyir. Rəfiyevin onu incitməsi yekunda məşqçinin FİFA-ya üz tutması ilə nəticələnə bilər. Sabiq köməkçi-məşqçi Elnur Çodarovun maaşını verməyən, indi isə ikiqat təzminat ödəməyə məcbur edilən “Sumqayıt” rəhbərliyi deyəsən, belə cəzalara vərdiş edib, məsələni sanksiyaya kimi uzatmaq istəyirlər.

Ödənişlərin yubanması, Rəfiyevin futbolçularla diktator kimi davranması öz işidi, cəzasına da qatlaşacaq. Lakin o dəqiqdi ki, menecer-prezident səriştəsiz idarəçi olmasının fərqindədi. Baqanı bəh-bəhlə gətirdi, onun vasitəsi ilə özünə qazanc gətirən oyunçular transfer edib komandanı bərbad vəziyyətə saldı, ardınca günahı boynuna qoyaraq belaruslunu qovdu.

Zaman göstərdi ki, “Sumqayıt”ın nəticələrinin pisləşməsi məşqçilərlə bağlı deyil. Çünki Baqanın 7 oyuna topladığı 3 xala yeni məşqçi Samir Abasov yalnız 8-ci matçında çata bildi. Deməli, klub idarəçiliyində, komandanın qurulmasında səhvlər edilib və bunun günahkarı Rəfiyevdi. Biznes obyekti kimi baxdığı “Sumqayıt”da qazancı cibinə qoyub, amma dövlətin “buraxdığı maya” batır.

Bu azmış kimi, Rəfiyev gündə bir məmurun qapısında yatıb “Neftçi”yə prezident göndərilməsi üçün yalvarır. Guya ki, böyük balıqdı, çayda üzə bilmir, ona dəniz vermək lazımdır. Yəqin “Sumqayıt”da yarıac işləyir, dağıtmaq üçün daha böyük büdcə həvəsindədir.

FƏRİD

Shares: