“Sumqayıt”dan xoşagəlməz xəbərlər gəlməyə davam edir. Klub rəhbərliyi yayda heyətə qatdığı yararsız oyunçuları yola salır. Təəssüf ki, öz üsulları ilə…
Təmtəraqla gətirilən, amma heyətə düşməyən Oure-Nil Ture və Araz Abdullayevlə müqaviləni qarşılıqlı razılıqla pozan “Sumqayıt”, əksər legionerlərə qapını göstərmək istəyir. Baş məşqçi Samir Abasov onlardan razı deyil və rəhbərlikdən yeni transferlər tələb edir. Necə ki, Riçard Qadze məhz bu üsulla gətirilmiş, yola salınan futbolçuların əvəzinə mövsümün gedişində transfer edilmişdi.
Proses davam etməlidi. Əlavə büdcə olmadığından, yenilər üçün yer boşaldılmalıdı. Yalnız kimsə yola salınmalıdı ki, onun aldığı maaş gətiriləcək futbolçulara verilsin. Abasov lazımsız bildiklərinin siyahısını rəhbərliyə təqdim edib və onların yola salınmasını gözləyir.
Məşqçinin qəzəbinə tuş gələn futbolçulardan biri Damian Daniçiçdir. Rəhbərlik Samir bəyin təqdimatına uyğun olaraq, futbolçuya müqaviləni pozmağı təklif edib. Amma 2025-ci ilə qədər müqaviləsi olan müdafiəçi bundan boyun qaçırıb. O, anlaşmanı qarşılıqlı razılıqla pozmaq istəmir və göndəriləcəyi halda qalan 2,5 ilin təzminatını tələb edir.
Bu səbəbdən rəhbərlik onu cəzalandırmağa qərar verib. Əvəzedici heyətə göndərilən futbolçu ya razılaşmalı, ya da karyerasını I Divizionda davam etdirməlidi. Təbii ki, legioner üçün xoş mənzərə deyil, amma yüksək təzminata görə buna qatlaşıb. Klub rəhbərliyi də bilir ki, yüksək məbləğdə maaş ödədiyi əcnəbini əvəzedici heyətdə saxlaya bilməyəcək. Sadəcə, futbolçunu qorxutmaq, onun inadını qırmaq üçün belə ediblər. Görək kimin səbri daha tez tükənəcək?
Serbiya gənclər millisinin sabiq üzvü Daniçiçin son turda meydana çıxmaması bununla bağlı idi. Əvvəlki oyunlarda ara-sıra şans qazanan 22 yaşlı oyunçu məhz müqaviləni pozmağa razılıq vermədiyi üçün Diviziona “sürgün edilib”.