“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf klubun rəsmi televiziyasına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 16-cı tur matçıilə bağlı danışıb:
“Bizi çətin və ağır oyunun gözlədiyini bilirik. Amma yaxşı nəticə qazanmalıyıq, çünki evdə oynayacağıq”.
47 yaşlı mütəxəssis komandanın hazır durumda olduğunu bildirib:
“Demək olar ki, bütün futbolçular məşq prosesində iştirak edir. Voislav Stankoviçin qarşılaşmaya tam hazır olacağına ümid edirəm. Görüşə hazırlıq yaxşı gedir”.
O, 8-ci turda “köhlən atlar”a 1:3 hesabı ilə uduzduqları oyunu xatırladıb:
“Qarabağ”la matç bizə böyük dərs oldu və qarşılaşmadan nəticə çıxardıq. Oyunun 90 dəqiqə davam etdiyini bilməliyik. Həmin görüşün ilk 45 dəqiqəsində yaxşı oyun sərgiləmişdik. Bütün 90 dəqiqəni eyni oynamaq üçün səviyyəmiz və imkanımız var”.
Regekampf “Sabah” və “Qarabağ”la əvvəlki oyunlarda vacib xallar itirdiklərini sözlərinə əlavə edib:
“Öz matçlarımıza köklənməliyik. Bunu bacarsaq, titul üçün şansımız olacaq. Çempionat uzun marafondur”.
Dekabrın 2-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 21:00-da başlayacaq.