AFFA-dakı islahat dalğasına Növbəti Hesabat Konfransında davam ediləcək. 2023-cü ilin əvvəlində baş tutacaq tədbirdə bir sıra kadr dəyişikliyi reallaşacaq.
Futbolinfo.az xəbər verir ki, AFFA prezidenti ilə bağlı suallara nöqtə qoyulmayıb. Rövnəq Abdullayevin 2024-cü ildəki Hesabat-Seçki Konfransına kimi postunda qalması mümkündü. Onun bu posta 5-ci dəfə seçilməyəcəyi dəqiqdi. Sadəcə, həmin vaxt namizədliyini verməyəcək və futbol təsərrüfatından uzaqlaşacaq.
Lakin hadisələrindən gedişindən, qarşıdakı aylarda başverənlərdən asılı olaraq, Abdullayevin daha tez – 2023-ün gedişində istefa verməsi də mümkündü. Elxan Məmmədovun da taleyi fərqli deyil. Onlarla bağlı yekun fikir olmasa da, qarşıdakı Konfransda icraçı vitse-prezident vəzifəsi ilə bağlı qərar veriləcək. Elxan bəyin özü üçün təsis etdiyi, FİFA-ya getdikdən sonra boş qoyduğu post ya ləğv ediləcək, ya da bura yeni təyinat olacaq. Məmmədov və ətrafı hər cür səlahiyyəti özündə birləşdirən vəzifənin ləğvinə çalışır, amma onları əvəz etmək istəyən qüvvələrin də planları var.
2023-ün əvvəlində postunu itirəcəyi dəqiqləşən şəxs isə Sərxan Hacıyevdi. AFFA-nın baş katibi qurumda kifayət qədər nüfuza və hörmətə sahib deyil. Qərarlar verilərkən Parisdən göstəriş alan Sərxan bəy müstəqil fəaliyyət göstərməyi bacarmır. Bu səbəbdən onun yerinə daha bacarıqlı birini gətirmək istəyirlər.
Hələlik bu posta əsas namizəd Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovdu. Ramin Musayevi istefaya göndərib onu 3 saatın içində indiki vəzifəsinə təyin etdirənlər, daha da yüksəltməkdə qərarlıdır. AFFA Nizamnaməsinə görə, baş katib prezidentlə eyni səlahiyyətlərə malik olduğundan, assosiasiyadakı islahatları məhz bu üsulla tezləşdirməyə çalışırlar. Səmədov baş katib postuna gətirilsə, icraçı vitse-prezidenti vəzifəsinin ləğvi reallaşacaq, formal prezidentin postunda qalması problem olmayacaq.
Bugünə olan pərdəarxası planlar belədir. Amma illərdi AFFA-da ssenarilər zamana, şəraitə uyğun dəyişir. Ona görə də Növbəti Hesabat Konfransına kimi fərqli variantların ortaya çıxması da mümkündür.
CAVAD