Komandalar Dünya Çempionatında çıxışını başa vurduqca baş məşqçilərin taleyinə aydınlıq gəlir. Qrupda qalan millilərdə istefalar rəsmiləşir.
Futbolinfo.az xəbər verir ki, Roberto Martinesin gözlənilən gedişi də dəqiqləşdi. O, artıq Belçika millisinin baş məşqçisi deyil. Bu gün Xorvatiyayla qolsuz heç-heçə nəticəsində 1/8 finala vəsiqə qazanmayan yığmanın çalışdırıcısı missiyasının bitdiyini açıqlayıb.
Martinesin müqavilə müddəti zatən bitirdi. Uğurlu nəticə qazanacağı halda, anlaşma yenilənəcəkdi. Lakin 2016-cı ildən çalışdığı Belçika millisinin qızıl nəsli ilə heç bir titula yiyələnməyən mütəxəssis postu ilə vidalaşmağı məsləhət bildi. Yəqin ki, federasiya da eyni addımı atacaqdı, amma Roberto onların qərarını gözləmədi.
Xatırladaq ki, bu həftə Karluş Keyruş İran, Xerardo Martino Meksika millisindən ayrıldığını rəsmən açıqlamışdı.