“Neftçi” heç də bütün xəbərləri ictimaiyyətə açıqlamayıb. Əslində, bütün informasiyalar əlçatandı, amma açıq mətnlə paylaşılmır…

***

Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının növbəti iclası keçirilib. “Bakcell Arena”dakı “Türk Hava Yolları Lounge”da baş tutan iclasda əvvəlcə üzvlərə son 5 ildə görülən işlərlə bağlı hesabat verilib.

Daha sonra növbəti dövrlər üçün klubun ümumi strategiyası, investisiya planları, infrastrukturun layihələri, media və marketinqdə görüləcək işlər haqqında məlumat verilib.

İclasdan sonra Müşahidə Şurasının üzvləri A komanda ilə görüşüb və onlara sabah Premyer Liqanın XVI turu çərçivəsində keçiriləcək “Qarabağ” komandası ilə görüşdə uğurlar arzulayıblar.

***

Yuxarıdakı mətn klubun ictimaiyyətə çatdırmaq istədiyi məlumatdı. Əslində, klubda ciddi dəyişikliklər olub. Klub nümayəndələri zənglərimizi cavabsız qoysa da, “Neftçi”nin rəsmi səhifəsini ziyarət etməklə hər şeydən xəbər tutmaq olur.

Sən demə, klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin çoxdan olmayan fəaliyyətinə rəsmən son verilib. Artıq klubun Müşahidə Şurasının yeni sədri var: SOCAR prezidenti Rövşən Nəcəf bu posta seçilib.

Şuranın üzvlər siyahısı da yenilənib. Bundan sonra “Neftçi” ilə bağlı qərarları Emin Əmrullayev, Orxan Sultanov, Zaur Qəhramanov, Elnarə Məmmədova, Hafiz Zeynalov və Səməd Qurbanovdan ibarət heyət verəcək. Onların əksəriyyəti yenidir. Xüsusilə Elm və Təhsil naziri Emin Əmrullayevin adını bu siyahıda görmək maraqlıdı.

Klubun bir sıra rəhbər şəxslərinin də postundan ayrıldığı, yenilərin təyin olunduğu deyilir. Bütün bunlar haqda ətraflı məlumat verməyə çalışacağıq.

Shares: